Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kamil Şahverdi
IX Yazı
Himnin söz müəllifi niyə Əhməd Cavad?
Musiqisi Üzeyir bəy Hacıbəyliyə aid olan “Azərbaycan Marşı”nın söz müəllifi bütün rəsmi sənədlərdə, Konstitusiyada Əhməd Cavad olduğu qeyd olunsa da, bəziləri hələ də bunun belə olmadığına aid məqalələr, kitablar yazır, müzakirələr açıb dəlillər, sübutlar göstərməyə cəhd edirlər. Bu iddialar, dəlillər rəsmi dövlət sənədlərində dəyişiklik edilməsi üçün kifayət qədər yetərli olmasa da, onları cavabsız da qoymaq istəmirəm. Çünki, Himnimizin söz müəllifinin kimliyi haqqında iddia qaldıran tanınmış elm adamları, içtimai xadimlər ciddi yanlışlıqları ilə yeni əsassız fikirlərin yaranmasına yol açırlar. Hətta Üzeyir bəyin musiqisini belə müzakirə etmək həvəsinə düşənlər də tapılır. Öz əsassız fikirlərini Milli Məclisdə belə səsləndirən deputatlar tapılır. Biri deyir Himnimiz niyə minorda yazılıb? Soruşan olsa ,bu adam minor, ya majorun nə olduğunu belə bilmir. Heç xəbəri də yoxdur ki, dünyqda xeyli sayda ölkələrin himnləri minorda yazılıb. Türkiyə, Ukrayna, Bolqarıstan, İsrail, Slovakiya, Rumıniya, Qazaxstan və daha neçə ölkədə Dövlət Himnimiz niyə minorda yazılıb sualının parlamentdə müzakirə oluna biləcəyini təsəvvür edə bilirsinizmi? Kim özünə rəva bilib belə absurd sualla müzakirə aça bilər?
Başqa biri sual edir ki, niyə belə zildə oxunur? Əcaba, bu nə düşüncədir belə? Hər bir bəstəkar yazdığı əsərin tonallığını özü müəyyən edir. Yəni bunun səbəbinin də heç bir izaha ehtiyacı yoxdur. Çünki, bəstəkar əsəri yazarkən emosiyonal bədii duyğuları çatdırmaq üçün seçdiyi vasitələri özü müəyyən edir. Hər tonallığın öz ruhu, ahəngi, rəngi var və bəstəkar da bütün bunlardan çıxış edərək tonallığı müəyyən edir. Bu tonallıqda minlərlə əsərlər yazılıb. Yeri gəlmişkən, dünya musiqisinin ən qiymətli inciləri sayılan və ən çox ifa olunan Motsartın Requiem (əsərin tam adı: Requiem sub titulo Missae pro defunctis) və Bethovenin 9-cu simfoniyası da Himnimizlə eyni tonallıqda yazılıb. Onu da biıdirim ki, lüdviq van Bethovenin 9-cu simfoniyasının 4-cü hissəsi Avropa İttifaqının rəsmi himnidir. Əsər 1823-cü ildə Fridrix Şillerin “Sevinc Odası” şeirinə yazılıb. F. Şiller bu şeiri 1785-ci ildə bütün insanların bərabərliyinə, qardaşlığına həsr edərək qələmə alıb. 1972-ci ildə Bethovenin 9-cu simfoniyasının 4-cü hissəsi Avropa Şurasının himni kimi qəbul olunub. 1985-ci ildə isə əsər Avropa İttifaqının musiqi rəmzi seçilib.
Başqa bir iradda deyilir ki, himnimiz köhnədir, yenisi yazılmalıdır. Bu iddiada olanlar anlamır ki, dünyada elə himnlər var ki, yaşı 500 ildən artıqdır. Dünyada ən qədim himn yaponların milli himni olan “Kimihaye” sayılır. Onun mətni Heyan dövrünə (794-1185) aid şeirlər toplusundan götürülüb. Musiqisi isə 1880-ci ildə yazılıb. Avropada ən qədim himn Niderland himni olan “Vilhelm” sayılır. Mətni 1568-ci ildə Niderland inqilabı zamanı yazılıb. Musiqisi isə 1626-cı ildə bəstələnib. 1932-ci ildə Niderlandın rəsmi dövlət himni kimi təsdiq olunub. Böyük Britaniya himni “İlahi, Kralı qoru” 1619-cu ildə ilk dəfə ifa olunub. Rəsmi himn kimi qəbul olunmasa da, bu günə qədər Böyük Britaniyanın musiqi rəmzi hesab edilir və himn kimi ifa olunur. 1792-ci ildə Klod Jozef Ruje de Lil məşhur “Marselyoza” əsərini yazır və 1795-ci ildə bu əsər Fransanın milli himni kimi qəbul olunur və bu günə qədər də bu statusda ifa olunur.
Dünyada bir çox xalqlar öz qədim milli himnləri ilə fəxr edir, qürur duyduqları halda, bizdə bəziləri himnimizin köhnəliyindən şikayətlənirlər.
Elələri də var ki, sübut etməyə çalışırlar ki, Üzeyir bəy himn kimi “Azərbaycan Marşı”nı deyil, “Milli Marş”ı yazıb. Baxmayaraq ki, “Milli Marş” 1917-ci ildə yazılıb. Həmin ildə dövlətimiz yox idi. Olmayan dövlətin himnini Üzeyir bəy necə yaza bilərdi? Ən çox isə mübahisə olunan məsələ Himnimizin sözlərinin kimə aid olması ilə bağlıdır. İllərlə qaldırılan bütün iddialara bir-bir cavab vermək çətin işdir. Buna nə imkan var, nə də vaxt. Ona görə onları ümumiləşdirib cavabıandırmaq istəyirəm.
Üzeyi bəy Hacıbəyli 1919-cu ildə “Azərbaycan Marşı” əsərini yazır. Bu əsər haqqında ilk dəfə “Azərbaycan” qəzetinin 1919-cu il 4 aprel tarixli 150 nömrəli sayında rast gəlinir. Həmin qəzetdə belə bir elan dərc olunub:
“Operetta.
Hökumət Teatrosunda.
Axşam tamaşası.
Müdiriyyətin əzasından (üzvlərindən) məşhur musiqişünas və məruf (tanınmış) bəstəkar Üzeyir Hacəbəylinin şərəfinə cümə günü rəcəbül-mürəccəb ayının 3-ndə 1337 sənəsi (aprelin 4-ndə 1919-cu ildə) şükuhlu (təntənəli) bir surətdə mövqeyi-tamaşaya qoyulacaqdır Üzeyir bəyin yazmış olduğu məşhur
“Arşın mal alan”
Tamaşa başlanmadan qabaq Üzeyir bəyin təzə düzəltmiş olduğu “Azərbaycan” milli marşı çalınacaqdır və bə’də (sonra) dördüncü məclisdə genə Üzeyir bəy tərəfindən yazılmış olan 1) Azərbaycan; 2) Dağıstan rəqsləri (oyunu) gözəl bir mənzərədə oynanılacaqdır.
Biletlər indidən teatrın kassasında satılmaqdadır.
Tamaşa başlanacaq axşam saat 8-in yarısında.
“Arşın mal alan”ın bu dəfə Üzeyir bəy özü dirijorluğunu edəcəkdir.”
Elandan göründüyü kimi, Üzeyir bəyin 1919-cu ildə yazdığı “Azərbaycan” milli marşının sözlərinə aid heç nə deyilmir. Əgər əsərin sözləri yazılmış olsaydı Üzeyir bəy mütləq bunu qeyd edərdi. Necə ki, 1917-ci il 22 dekabr tarixli “Açıq söz” qəzetində çap etdirdiyi “Milli marş” məqaləsində bəstəkar qeyd edir:
“… Milli bir qəsidə (himnə qəsidə desək, şərqi sözündən daha düz olar) yazmaq haqqında bən bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lüzumsuz bilmədim.”
Daha sonra “Milli marş”ın Üzeyir bəyin özünə məxsus olan sözləri qeyd olunur.
Məqalənin sonunda Üzeyir bəy tezliklə əsərin ifa olunacağını da xəbər verir:
“Həmin marş bu şənbə günü Tağıyev teatrosunda “O olmasın, bu olsun” oyunundan qabaq orkestr ilə çalınıb, ümumi artistlər tərəfindən oxunacaqdır.”
Məqalədən aydın olur ki, musiqisi və sözləri Üzeyir bəyə məxsus olan “Milli marş” tamaşadan əvvəl orkestr və artistlərdən ibarət xor tərəfindən ifa olunacaqdır.
1919-cu il 4 aprel tarixli “Azərbaycan” qəzetində verilmiş elanda isə “Azərbaycan” milli marşının yalnız orkestrlə ifa olunqcağı bildirilir. Demək ki, əsərin sözləri hələ yazılmamışdı. Əgər söz yazılmış olsaydı, Üzeyir bəy mütləq bu haqda məlumat verərdi. Unutmayaq ki, həmin dövrdə “Azərbaycan” qəzetinin müdiri Üzeyir bəy Hacıbəyli özü idi.
“Azərbaycan” qəzetinin 4 aprel 1919-cu il tarixli sayındakı elana əsaslanaraq “Azərbaycan” marşının 1919-cu ilin mart ayında yazıldığını güman etmək olar. Artıq tam əminlə qeyd edə bilərik ki, Üzeyir bəy əvvəl “Azərbaycan marşı”nın musiqisini, daha sonra musiqiyə uyğun olaraq mətn yazılıb. Bu, onsuz da əsərin sözlərinin quruluşundan, sətrlərin müxtəlif ölçüdə olmasından, hər hansı bir vəzn qaydalarına uyğun gəlməməsindən məlum idi. “Azərbaycan” qəzetinin 4 aprel 1919-cu il sayındakı elan bunu tam sübut etmiş oldu. Musiqidə belə hallar çox olur. Elə Üzeyir bəyin öz yaradıcılığında da bu üsuldan kifayət qədər istifadə olunub. Yəni bəstəkar əvvəlcə musiqini bəstələyir, daha sonra isə musiqiyə uyğun olaraq mətn yazır və ya yazdırır. Əgər bəstəkar hər hansı bir hazır şeirə musiqi yazırsa, onda həmin şeirin ölçüsünə, ritminə, ahənginə uyğun musiqi yazır. Bu halda musiqi şeirə tabe olur. “Azərbaycan marşı”nda isə əksinə, mətn musiqiyə uyğunlaşdırılıb. Belə mətnlər poeziya nümunəsi olmaya da bilər. Çünki, hazır musiqiyə mətn yazanda poeziya qanunlarına əməl etmək mümkünsüzdür.
O zaman sual yaranır, “Azərbaycan Marşı”nın mətnini kim və nə vaxt yazıb? Bu sual illərdir müzakirə olunur, müxtəlif versiyalar səsləndirilir, lakin bu günə qədər əsərin söz müəllifi haqqında dəqiq, birmənalı, inkar edilməz fakt ortaya qoyula bilinmir. “Azərbaycan Marşı”nın musiqisi Üzeyir bəy Hacıbıyliyə məxsus olması müzakirə mövzusu olmasa da, himn üçün bu əsərin deyil, “Milli Marş”ın (1917) yazıldığını iddia edənlər də var. Iakin Üzeyir bəy Hacıbəyli 1919-cu ildə “Azərbaycan Marşı”nı dövlət himni üçün yazdığı təkzibedilməz faklarla sübut olunmuşdur. Mən də bu araşdırmada bunu sübut edən bütün faktları ortaya qoymuşam.
“Azərbaycan Marşı”nın söz müəllifinin kimliyinə gəlincə isə, bu məsələ dəfələrlə qaldırılsa da, sonda heç bir dəlil, sübut himnin söz müəllifinin Əhməd Cavad deyil, başqa birisinin olduğunu isbatlaya bilməmişdir. Buna baxmayaraq, yenə də bəzi alimlər, araşdırmaçılar bu mövzunu gündəmə gətirərək məsələni mübahisələndirməyə çalışırlar. Ona görə də “Azərbaycan Marşı”nın söz müəllifi haqqında bilgilərimi, mülahizələrimi diqqətinizə çatdırıram.
İlk dəfə bu mətn 1919-cu ildə Bakıda “İran” elektrik mətbəsində Mirzəzadənin nəşrə hazırladığı “Milli Nəğmələr” kitabında “Vətən marşı” adı ilə çap olunmuşdur. Şeirin müəllifi Cəmo bəy qeyd olunub. Bu nəşr yeganə mənbədir ki, Cəmo bəy müəllif kimi qeyd olunub. Sonrakı illərdə şeir-mətn mühacirlərimiz tərəfindən dəfələrlə müxtəlif toplularda, qəzet və jurnallarda, kitablarda cap olunsa da, heç vaxt müəllif göstərilməyib. Səbəbi isə kimsəyə məlum deyil. Əgər həmin nəşrlər “Milli Nəğmələr” kitabına istinadən şeiri çap ediblərsə, nədən müəllifin adı heç vaxt qeyd olunmayıb? Professor Asif Rüstəmli “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcəlığı” kitabında bu məsələyə aydınlıq gətirməyə cəhd göstərsə də, ancaq qeyd olunan dəlillər yaranmış suallara tam aydınlıq gətirmir, əksinə əlavə suallar yaradlr. Asif Rüstəmlinin bu elmi-tədqiqat monoqrafiyası “Azərbaycan Marşı”nın tarixi, onun qorunub saxlanmasında mühacir vətənpərvərlərimizin fədakar əməyi, ölkə xaricində nəşr olunduğu mənbələr haqqında zəngin məlumatların bir araya toplandığı qiymətli əsərdir. Gələcək tədqiqatçılar üçün əvəzsiz mənbə kimi istifadə olunacağına şübhə yoxdur. Bütün bunlara baxmayaraq kitabda bəzi yanlışlıqlar da yer aldığından bu movzuya daha sonra geniş və ətrafll şəkildə qayıdacağam. Çünki, “Azərbaycan Marşı”nın sözlərinin kimə aid olması məsələsi zaman-zaman gündəmə gətirilir və hər dəfə də geniş müzakirəyə səbəb olur.
İlk dəfə “Azərbaycan Marşı”nın sözlərinin Cəmo Cəbrayəlbəyliyə aid olması fikrini fədakar tədqiqatçı-alim Möhsün Əliyev irəli sürmüşdür. Bütün həyatını Cümhuriyyət tarixinim araşdırmasına həsr edən, buna görə olmazın mərhumiyyətlərə məruz qalan M. Əliyev “Ədəbiyyat və incəsənət” qəzetinin 20 aprel 1990-cı il nömrəsində M. Ə. Rəsulzadənin “Böyük kompozitor Hacıbəyli Üzeyir” məqaləsini dərc etdirir və məqaləyə yazdığı ön sözdə marşlar haqqında da məlumat verərək qeyd edir: “Azərbaycan Milli Marşı”nın sözləri Əhməd Cavadın, “Azərbaycan Marşı”nın sözləri isə Cəmo Cəbrayılbəylinindir.”
Daha sonra mərhum alim Üzeyir bəyin bu iki marşdan əlavə, ADR-in Dövlət Himnini də bəstələdiyini və Himnin sözlərinin Əlabbas Müznibə məxsus olduğunu qeyd edir. Bu yazılarında M. Əliyev mənbə göstərmədiyinə görə onun bu qənaətə necə gəlməsi haqqında nəsə demək çətindir. Çünki, 1919-cu ildə nəşr olunan “Milli nəğmələr” kitabında müəllif Cəmo bəy göstərilsə də, soyad qeyd olunmayıb. M. Əliyevin nəyə əsasən şeirin Cəmo Cəbrayılbəyliyə aid olduğunu yazması isə məlum deyil. “Azərbaycan Milli Marşı”nın sözlərinin Əhməd Cavada aid olmasını qeyd edən M. Əliyev yanlışlığa yol verib. Bu marşın sözlərinin Üzeyir bəy tərəfindən yazıldığı artıq sübut olunmuş faktdlr və hətta əsərin əlyazması da sonralar üzə çıxmışdır. Qeyd etdiyim kimi, marşın adı “Azərbaycan Milli Marşı” deyil, “Milli Marş”dır. Bu haqda araşdırmanın əvvəlki hissələrində ətraflı məlumat vermişəm.
Üzeyir bəyin Əlabbas Müznibin sözlərinə bəstələdiyi ADR Dövlət Himni haqqında M.Əliyevin yazdığı məlumat isə təsdiqini tapmamışdır. Bu məlumatın haradan qaynaqlandığı da məlum deyil. ADR tarixinə aid bir çox məlumatları ilk dəfə M. Əliyev üzə çıxarsa da, görünür ki, arxivlərə girişinə məhdudiyyətlər olduğundan bəzi mülahizələri həqiqəti əks etdirmir. “Cəmo bəy” imzasının Cəbrayılbəyliyə aid olmasını da hansı mənbələrə əsaslanaraq söyləməsi məlum deyil.
“Milli Marş”ın sözlərinin Əhməd Cavada məxsus olması faktı həqiqət olmasa da, çox güman ki, M. Üzeyir bəylə Əhməd Cavad arasında isti, yaradıcı münasibətlərin olmasına dair M. Əliyevdə hansısa bilgilər, məlumatlar var imiş.
“Respublika” qəzetinin 4 fevral 1999-cu il tarixli sayında AMEA Ədəbiyyat institutunun əməkdaşı, filologiya elmləri namizədi Aybəniz Əliyevanın (Kəngərli) “Cəmo bəy kimdir?” adlı məqaləsi dərc olundu. Məqalədə Aybəniz Əliyeva 1919-cu ildə Bakıda çap olunan və AMEA-nın gizli fondunda saxlanılan “Milli nəğmələr” kitabında himnimizin sözlərinin “Vətən marşı” adı ilə, “Cəmo bəy” imzası ilə dərc olunduğunu qeyd edirdi. Bu yazı ciddi rezonans doğurmasa da, mütəxəssislər arasında fikir mübadiləsinə rəvac verdi.
“Xalq qəzeti”nin 18 iyul 1999-cu il tarixli sayında İlham Abbasovun “Himnimizin müəllifi kimdir?” adlı məqaləsindən sonra
mövzu ciddi müzakirələrə səbəb oıdu və o dövrün bütün mətbu orqanıarında, qəzet və jurnallarda, televiziya kanallarında himnimizin söz müəllifinin kimıiyi ətrafında mübahisələr qızışdı. Cəmo Cəbrayılbəylinin övladları da öz növbəsində dövlət qurumlarına müraciət edərək atalarımın müəlliflik hüququnun bərpasını xahiş edirdilər. Hətta Cəmo Cəbrayəlbəylinin ailə üzvləri iddia edirdilər ki, atalarının arxivində şeirin əlyazması da olubmuş. 1965-ci ildə Cəmo Cəbrayılbəyli dünyasını dəyişəndən sonra, ailəsi onun əlyazmalarını Dövlət arxivinə və Təhsil-Maarif arxivinə təhvil verdiklərini vildirmişlər. Maraqlıdır, əgər belə bir əlyazma olubsa, niyə “Azərbaycan Marşı” Dövlət Himni kimi qəbul olunanda onlar bu məsələni qaldırmayıblar?.. Niyə Dövlət arxivlərində belə bir əlyazma üzə çıxmadı. Əgər bu əlyazma həqiqətən təhvil verilmişdisə, bəs niyə indiyə qədər tapılmır?… Adətən arxivlərə nəsə təhvil veriləndə, aktlaşdırılır və arxiv bu sənədlərin qəbul olunması haqqında rəsmi arayış verir.
Himnimizin söz müəllifinin kimliyi haqqında müzakirələr elə həddə çatır ki, AMEA Ədəbiyyat institunun Elmi Şurasında (31 yanvar 2000-ci il) həmin məsələyə baxmağı qərara akır. Cəmo Cəbrayəlbəylinim qızları da Elmi Şuraya dəvət olunur.
Ardı var