Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“44” bədii filmi kinoteatrlarda nümayiş olunmazdan əvvəl sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. Filmin treyleri və kadrları paylaşılır, ekran əsərini izləmək istəyənlər səbirsizliklə premyeranı gözləyirdilər. Nümayiş başlayandan sonra isə maraq bu dəfə kinoteatrlara yönəldi.
Bəs tamaşaçılar filmi necə qarşılayır? Onların gözləntiləri özünü doğruldurmu?
Filmin tamaşaçılar tərəfindən necə qarşılandığını müşahidə etmək üçün “Qafqazinfo” olaraq şəhər kinoteatrlarından birinə yollandıq.
Kinoteatra gələn tamaşaçılar arasında üstünlüyü gənclər, xüsusilə tələbələr təşkil edir. Onların bir qismi filmi çoxdan gözlədiyini, digərləri isə tarixi hadisələri kino vasitəsilə daha yaxından tanımaq istədiklərini deyirlər.
Tələbə Ayla Abbasova bildirir ki, “44” filmini çoxdan gözləyir: “Mən bu filmi çoxdan gözləyirdim. Çünki ölkəmizə, tariximizə çox bağlı bir insanam. Ona görə düşünürəm ki, belə filmlər çox yaxşıdır, tariximizi əbədiləşdirir”.
Tələbə Nicat Cahangirov üçün də filmin mövzusu xüsusi maraq daşıyır: “Özüm Qarabağ bölgəsindənəm. Ona görə də film mənim üçün daha maraqlıdır. Əvvəlcədən treylerlərinə baxmamışam. Buna görə filmdə nələrin baş verəcəyini maraqla gözləyirəm. Müharibənin necə getdiyini, döyüşlərin necə keçirildiyini görmək mənə maraqlıdır. Yaşım çatmadığı üçün müharibədə iştirak etməmişəm, amma həmin dövrdə Beyləqanda olmuşam və döyüş səslərini eşitmişəm”.
Tamaşaçıların filmə marağı yalnız yeni ekran əsərini izləmək istəyi ilə məhdudlaşmır. Bəziləri üçün bu, ölkə tarixini kino vasitəsilə yenidən xatırlamaq, digərləri üçün isə müharibə dövründə baş verənləri daha yaxından anlamaq imkanıdır.
Bəs tamaşaçıların film öncəsi gözləntiləri özünü doğruldurmu? “44” filmini izlədikdən sonra hansı təəssüratlarla ayrılırlar?
Bu suallara cavab tapmaq üçün seansın bitməsini gözləyir, zalı tərk edən tamaşaçılardan filmin yadda qalan məqamlarını, yaratdığı hissləri və ekran əsəri haqqında fikirlərini bölüşmələrini istəyirik.
Həyat yoldaşı ilə birlikdə filmi izləyən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri Nurməmməd Məmmədov ekran əsərini göz yaşları olmadan izləyə bilmədiklərini deyir: “Bir də gördüm ki, yoldaşım ağlayır. Bizim tələbəmiz Elçin Həsənli də noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Sanki yenidən həmin günlərə qayıtdıq. Film çox gözəl çəkilib. Baxanda düşündüm ki, belə bir filmi necə çəkmək olar? Halal olsun yaradıcı heyətə”.
İki övladı ilə birlikdə filmə baxmağa gələn tamaşaçı Leyla Həsənli isə uşaqlarını vətənpərvərlik ruhunda böyütmək istəyir: “Uşaqlarımı da gətirdim ki, vətənpərvərlik ruhları daha da inkişaf etsin. Biz müharibədə iştirak etmədik, arxa cəbhədən izlədik. Amma həm o günlərdə, həm də bu gün filmə baxarkən eyni hissləri keçirdik. Ümid edirəm ki, bizim övladlarımız bir daha müharibə yaşamaz, müharibəni ancaq filmlərdən izləyərlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Məlumat üçün qeyd edək ki, “44” bədii filmi ölkə kinoteatrlarında nümayiş olunur. Biletlərin qiyməti 9-12 AZN arasında dəyişir.
Lamiyə Məmmədova