“Bir dəfə metroya minmişəm”, “Heç avtobusdan düşmüşəm ki...”: Məşhurlar maşınlardan düşür?

23.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bakıda bağlanan yollar və kilometrlərlə uzanan tıxaclar paytaxtın ən çox müzakirə olunan problemlərindən birinə çevrilib.

Yaranmış vəziyyət həm sürücülərin, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin gündəlik həyatına ciddi təsir göstərir.

"Cebheinfo.az" mövzu ilə bağlı tanınmış şəxslərin fikirlərini öyrənib. Onlara həm tıxac problemi, həm də metro və avtobusdan sonuncu dəfə nə vaxt istifadə etdikləri barədə sual ünvanladıq. 

Deputat Elman Nəsirov bildirib ki, ictimai nəqliyyatdan dəfələrlə istifadə edib:

"Metro və avtobusdan sonuncu dəfə nə vaxt istifadə etdiyim dəqiq tarix yadımda deyil. Dəfələrlə ictimai nəqliyyatdan istifadə etmişəm. Bu məsələ ilə bağlı Milli Məclisdə də fikirlərimi səsləndirmişəm. Yolların eyni vaxtda bağlanması və nəqliyyatın düzgün tənzimlənməməsi vətəndaşların gündəlik həyatında ciddi narahatlıq yaradır və bu problem daha koordinasiyalı şəkildə həll olunmalıdır". 

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, hər gün ictimai nəqliyyatda yaşanan problemlərin içindədir: "Avtobusdan, metrodan düşmüşəm ki, qayıdıb təzədən minəm?

Mən elə həmin problemlərin içindəyəm. İctimai nəqliyyatda hansı çətinliklərin olduğunu yaxından görürük. Metronun nizama salınması ilə bağlı dövlət səviyyəsində işlər görülür. Amma bu prosesin uğurla həyata keçirilməsi üçün səlahiyyətli şəxslər və qurumlar da üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Mənə elə gəlir ki, indi hər şey tələm-tələsik, qaçhaqaçla həll edilməyə çalışılır.

Məsələn, Xocəsən–Avtovağzal metro xəttində müvəqqəti ödənişsiz gediş tətbiq olunur. Yəni harada problem yaranırsa, onun üstünə qaçırlar. Halbuki hər kəs sistemli şəkildə öz işini görsə, bu problemlər də olmaz". A.Nağı qeyd edib ki, məsələ ilə bağlı düzgün addımlar atılmalıdır:

"Hələ də metro və avtobuslarda problemlər qalmaqdadır. M xətti üzrə avtobuslar müxtəlif dayanacaqlarla hərəkət edir, çox böyük insan kütləsi var. Bu, həm insanlar üçün narahatlıqdır, həm də təhlükə yaradır. Avtobuslarda hər hansı texniki nasazlıq baş versə, çox ağır nəticələr ola bilər. Ona görə də hesab edirəm ki, hələ gec deyil. Faciəli hadisələr baş verməmiş dövlət səviyyəsində ciddi addımlar atılmalıdır.

Bu sahəyə cavabdeh olan şəxslər problemin üzərinə getməli, onun aradan qaldırılması üçün sistem yaradılmalıdır. İndi Formula 1 ilə əlaqədar da hərəkətdə çətinlik yaranır. Hər kəs öz işini görərsə, problemlərin əsasən aradan qalxar". 

Ağ Partiyanın sədri Tural Abbaslı isə bildirib ki, Bakı yollarındakı vəziyyətin bütün detallarını görür:

“Mən metrodan və avtobusdan tez-tez istifadə etmirəm, amma istifadə etdiyim vaxtlar olur. Bununla belə, ətrafımızdakı dostlarımız, ailə üzvlərimiz – hamısı ictimai nəqliyyatdan istifadə edir. Ona görə də metroda, avtobuslarda və ümumilikdə Bakı yollarında baş verən biabırçılıqlardan ən xırda detalına qədər xəbərdaram. Hətta bunu hər gün müşahidə edirəm". Partiya sədri əlavə edib ki, bu səriştəsizlikdir:

"Beş milyonluq Bakı əhalisi gün ərzində 4–5 saatını yollarda keçirməli olur. Şagird, tələbə, pensiyaçı, yaşlı, gənc - hamısl yollarda, küçələrdədir. İnsanlar işdən evə, evdən işə vaxtında çata bilmirlər. Bu isə saysız-hesabsız problemlər yaradır. Hələ mən tıxacda qalan xəstələri, təcili tibbi yardım maşınlarını və tibb işçilərini demirəm. Bütün bunlar 3–5 məmurun səriştəsiz idarəçiliyinin nəticəsidir.

Səriştələri yoxdu, amma vəzifədədirlər. Metropoliten rəhbərliyi də, AYNA da, yol təsərrüfatına cavabdeh qurumlar da bu vəziyyətdədir. Onlar ancaq öz gəlirlərini və şəxsi maraqlarını düşünür, xalqa isə nə hesabat verirlər, nə də narahat deyillər ki, bu insanlar neynir, necə edir". Tural Abbaslı metroda lazımsız təmir işlərinin dayandırılmasına tərəfdardır:

"Biz partiya olaraq istəyirik ki, metroda lazımsız təmir işləri dayandırılsın. Metro ən azı tıxacın müəyyən hissəsini yüngülləşdirə bilər. Sonra isə peşəkarlar iş başına gətirilməli və Bakının tıxac problemi birdəfəlik həll olunmalıdır. Yoxsa insanların ömrü yollarda keçir". 

Müğənni Ofelya Şabanova Bakıya gəldiyi gündən bəri avtobusa minmədiyini deyib:

"Təkəbbürlü çıxmasın, amma mən ailə qurub Bakıya gələn gündən bəri avtobusa minməmişəm.  2006-cı ildə, bir il olmazdı ailə qurmuşdum, yoldaşımdan xahiş etdim ki, məni metroya aparsın. Mənə çox maraqlı idi. O vaxt cəmi bir dəfə metroya minmişəm". Müğənni bildirib ki, 30 dəqiqəlik yol üçün evdən 1 saat əvvəl çıxır:

"Qaldı tıxac probleminə, bəli, bu hər birimizin yaralı yeridir. Mən də hər gün yoldaşımla birlikdə sənətim və işimlə əlaqədar şəhərdə gediş-gəliş edirəm. İnanılmaz dərəcədə tıxaclar var. Gedəcəyimiz ünvana vaxtında çata bilmirik. Məcbur qalıb 30 dəqiqəlik yol üçün evdən 1 saat əvvəl çıxırıq". Ofelya Şabanova əlavə edib ki, tıxacın 70 faizi uzaq məktəb və bağçalara görə yaranır:

"Tıxacın yaranmasının 70 faizi övladlarını yaşadıqları ünvandan uzaq məktəblərə və bağçalara aparan insanların payına düşür. Sanki övladları ünvandan uzaq məktəbdə oxusalar, daha savadlı olacaqlar. Halbuki ucqar kəndlərdə yaşayan elə şagirdlər var ki, 600–700 bal toplayaraq ali məktəblərə qəbul olurlar".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

 

Açar sözlər: metro avtobus məşhurlar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью