Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan “Money 20/20 Europe” forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan “Bir” ekosisteminin fintex şirkəti “PashaPay” ölkəmizi təmsil edir.
3–5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə “PashaPay” öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir.
“Money 20/20 Europe” maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən biridir.
Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar.
Tədbir çərçivəsində “Bir” ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm bir əməkdaşlığa da imza atılıb.
Belə ki, “PashaPay”, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan “Mastercard” ilə birlikdə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb.
Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcəklər.