​Bir gecədə necə qocalmaq olar?

17.06.2026

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Zaman, adətən, qum saatı kimi sakitcə axır. Biz qocalmağı illərin çiyinlərimizə qoyduğu yorğunluq, saçlarımıza dən-dən düşən ağlar və cizgilərimizin dərinləşməsi kimi qəbul edirik. Lakin bəzən elə bir an, elə bir gecə gəlir ki, zaman sanki min qat sürətlənir. İnsan yatağına cavan, gümrah uzanır, amma səhər tamamilə başqa bir insan kimi oyanır. Bəs bir gecədə qocalmaq necə baş verir? Bu, sadəcə bədii bir ifadədir, yoxsa acı bir həqiqət?

Tarixdə Fransa kraliçası Mariya Antuanettanın edamından əvvəlki gecə qorxudan və stressdən saçlarının tamamilə ağardığı deyilir. Tibb dünyası buna Canities subita adını verir. Böyük bir kədər, çarəsizlik və ya qorxu anında bədənin immun sistemi səhvən saç köklərindəki rəng piqmentlərinə, yəni melaninə hücum edir. Rəngli saçlar sürətlə tökülür və başda yalnız ağ saçlar qalır. İnsan səhər tezdən güzgüyə baxanda elə bilir ki, saçları bir gecədə ağarıb, əslində isə qorxu və kədər onun gəncliyini bir andaca qoparıb aparmış olur.

Lakin qocalmaq təkcə qırışlar və ağaran saçlar demək deyil, həm də baxışların, ruhun dəyişməsidir. Bir gecənin içində böyük bir məsuliyyətlə üz-üzə qalan, yaxınlarının yükünü tək çiyinlərinə götürməli olan və ya amansız bir reallıqla barışan insanın gözlərindəki o uşaq parıltısı sönür. İnsanı yaşlandıran təqvimlər yox, bir gecədə qəbul etmək və daşımaq məcburiyyətində qaldığı ağır həqiqətlər, qərarlardır.

Psixoloq Vüsalə Rüstəm Metbuat.az-ın müxbiri ilə söhbətində bu suala aydınlıq gətirib. Vüsalə Rüstəm deyib ki, insan şok, ağır itki və ya gözlənilməz bir travma yaşayanda bədəndə “stress hormone” olan kortizol və adrenalin pik həddə çatır:

Fotoda: psixoloq Vüsalə Rüstəm

“Bu ani hormonal dalğalanma hüceyrə səviyyəsində bir fəlakətə yol açır. Həddindən artıq stress hüceyrələrin yenilənmə prosesini tamamilə dayandırır. Dərin stress və çarəsizlik beynin kimyasını alt-üst edir. Geri dönüşü olmayan nöqtəyə çatdırır. Eyni zamanda bədəndə sərbəst radikalların sayı kəskin artır ki, bu oksidləşdirici stress dərinin elastikliyini təmin edən kollageni cəmi bir fəlakətli gecənin içində parçalaya bilir. Nəticədə üz cizgiləri kəskinləşir, çökmə baş verir və insan bir neçə saat əvvəlki gəncliyindən uzaqlaşır”.

Səbinə Hüseynzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью