Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avrokuboklarda ardıcıl 7 qələbədən sonra kefi ala buludda gəzən Azərbaycanın futbol ictimaiyyəti, deyəsən, inkişaf haqda nağıllara çox tez inandı. Ötən gecə avropalılar bizi sillə-təpik altına saldılar, dərs verdilər, yerimizi göstərdilər və dedilər ki, gedin öz çempionatınıza hazırlaşın. 5 saata yaxın müddətdə həvəslə gözlədik ki, bəlkə üçündən biri ölkə futbolunun üzünü ağ edə, liqa mərhələsində oynamaq yolunda addım ata, ürəyimizə su səpə. Olmadı – ölkə yasa batdı.
“Zirə” razılaşsa da, belədi, razılaşmasa da: “Payde” kənd komandası idi, ona uduzmaq faciədi. Və həmin faciənin əsası Sumqayıtda yox, səfərdə qoyulmuşdu. Bu gün “top qapıya getmək istəmirdi” deyən Rəşad Sadıqov Estoniya səfərində 75-ci dəqiqədə qorxaqlıq göstərəndə, mənasız əvəzetmələrlə 0:0 hesabını qorumağa çalışanda. “Payde” 87-ci dəqiqədə hesabı açdı, Sadıqovun məğlubiyyətdən qurtulmaq üçün nə vaxtı var idi, nə də variantı. O oyunla bağlı yazının sonunda belə bir cümlə işlətmişdim: “Qartallar”ın Sumqayıtda bu məğlubiyyətin əvəzini çıxması çətin olacaq”. Bəli, bəzi məsələlərlə bağlı proqnoz vermək üçün münəccim olmaq lazım deyil. “Zirə”nin saysız-hesabsız legionerinin (dünən start heyətində 8-i var idi) meydandakı məsuliyyətsiz hərəkətlərini izləmək kifayətdi ki, bu komandanın nə qədər irəli gedə biləcəyi ilə bağlı proqnoz verəsən.
“Neftçi” isə növbəti mərhələyə vəsiqəni Bakıda əldən vermişdi. 2:0 2:4-ə çevirməyi yalnız “ağ-qaralar” bacara bilər. Ancaq klubun avrokuboklarda çıxış tarixində o qədər belə acınacaqlı səhifə var ki... “Srvena Zvezda” ilə oyunda 2:3-ə çevrilən 2:0, “HİT Qoritsa” ilə oyunda evdəki 1:0-ın fonunda səfərdə son dəqiqələrdə buraxılan qollarla gələn acı məğlubiyyət – 1:3... Çoxlu belə nümunə göstərə bilərəm. Mənim üçün anlaşılmaz məqam odu ki, Freddi Varqasın məsələsi niyə bu qədər uzandı, niyə “Dinamo-Minsk” ilə oyunda onun xidmətindən yararlanmaq mümkün olmadı? Niyə mahiyyətcə lider olmayan Emin Mahmudov hələ də bu komandanın kapitan sarğısını daşıyır? Niyə Yuri Vernidub müəmmalı açıqlamalar verir?
Və “Qarabağ”... Lap o “Fəryad” filmində deyildiyi kimi: Qarabağ – dərdim mənim... Təbii, son mövsümdə çempionluğu “Sabah”a uduzan klubun rəhbərliyi heyətdə radikal dəyişikliklərə əl ata, yenilənmə prosesi başlada bilər. Amma bu proses də kor-koranə olmamalıdı, hansısa məntiqə, ardıcıllığa əsaslanmalıdı. Sənin yeni oyunçuların 210 dəqiqə ərzində bir qol vura bilmirsə, deməli, transfer siyasətində ciddi səhvlər var. Və mən tam əminliklə deyirəm ki, “Qarabağ”ın yenilərinin heç biri nəinki Leando Andrade və Kamilo Duran, hətta Emmanuel Addai və Kevin Medina səviyyəsində də deyil! Belə transfer siyasəti ilə hara qədər getmək olar? Hələ mən onu demirəm ki, Kadi Borgeslə Abdulla Zubir də ideal formadan çox uzaqdı. Mateuş Koxalskinin penalti seriyasındakı davranışı çoxlu açıq sual buraxdı. Çox güman, transfer təklifləri onun da ağlını başından alıb.
Bir sözlə, dünən avropalılar Azərbaycan futbolunu göydən yerə vurdu. Mən o üç sillənin ağrısını iliyimə, sümüyümə qədər hiss etdim. İndi futbolumuzun hansı nöqtədə olmasıyla bağlı dərindən düşünməyin vaxtıdı. Yoxsa növbəti zərbələrdən sonra özümüzü uçurumda görəcəyik.
ORXAN