Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qaçaq Nəbinin tarixdən dastana, dastandan xalq yaddaşına uzanan yolu
İnsan öz ölümündən əvvəl necə özündən ayrılıb əfsanəyə çevrilir?
Bəzən bu sualın cavabını qəbir daşında axtarmaq olmur.
Çünki elə insanlar var ki, hələ yaşayarkən adları özlərindən ayrılıb başqa bir ömrə başlayır. Adam özü hələ yol gedir, nəfəs alır, atının yəhərinə qalxır, düşməndən yayınır, dostunun harayına çatır, sevdiyi qadınla eyni təhlükənin içindən keçir — amma adı artıq başqa adamların dilindədir.
Bir ağızdan o birinə, bir məclisdən o birinə, bir sazın simindən başqasına keçir. İnsan öz ömrünü yaşayır; ad isə ikinci ömrünə başlayır.
Qaçaq Nəbinin taleyində belə bir tarix var: 1894.
Larni hələ qabaqdadır. 12 mart 1896 hələ gəlməyib. Nəbinin insan ömrünün son nöqtəsi qoyulmayıb. Amma Tiflisdə nəşr olunan SMOMPK-un XVIII buraxılışında onunla bağlı xalq nəğməsinin izi artıq yazılı yaddaşa keçir.
Burada biblioqrafik ehtiyat vacibdir: sonrakı araşdırmalarda 1894 materialının toplayıcısının kimliyi barədə fərqli istinadlar görünür. Füzuli Bayatın əsas mətnində Vostrikov adı çəkildiyi halda biblioqrafik qeydlər A. Kalaşev və A. İoakimov xəttini göstərir. Ona görə ilkin SMOMPK nüsxəsi tam tutuşdurulmadan toplayıcı məsələsində qəti hökm vermək doğru olmaz.
Ancaq bundan daha böyük bir fakt dəyişmir: Nəbi sağ idi.
Deməli, söhbət ölümündən onilliklər sonra kabinetdə yaradılmış bir qəhrəmanın başlanğıcından getmir. Nəbi özü hələ dağların və yolların içində olduğu vaxt onun haqqında xalq yaddaşı artıq yazıya toxunmuşdu.
1894 həmin nəğmənin yaranma tarixi də deyil. Folklor əvvəl yaşayır, sonra yazıya düşür. Və bu nöqtədə sual daha da dərinləşir: xalq hansı anda anlayır ki, qarşısındakı adam artıq yalnız bir adam deyil?
Bəlkə əfsanə ölümdən sonra başlamır. Bəlkə əfsanə bir insanın taleyi artıq yalnız özünə məxsus olmayanda başlayır.
Nəbi Aşağı Molludan idi. Həcər Yuxarı Molludan. Onların yaşadığı XIX əsrin inzibati coğrafiyasında bu kəndlər Zəngəzur qəzasına daxil idi. Bugünkü inzibati anlayışları geriyə aparıb XIX əsrə tətbiq etmək tarixə qarşı diqqətsizlik olardı.
Mən Qubadlının Dəmirçilər kəndindənəm. Aşağı Mollu da, Yuxarı Mollu da mənim üçün xəritədəki yad nöqtələr deyil. Amma doğmalıq tarixçiyə güzəşt vermir. Əksinə, məsuliyyəti artırır.
Çünki doğma torpağın tarixini sevməyin ən gözəl yolu ona yalan əlavə etmək deyil. Həqiqətin özündəki möhtəşəmliyi görməkdir.
Nəbinin yolu Molludan başladı. Adının yolu isə Molluya sığmadı. Əvvəl dağ yollarını özü keçdi; sonra adı zamanın yollarına çıxdı.
QANDAL
Azadlığın qiymətini bəzən azad adamdan soruşmaq olmaz. Onu qandal taxılmış insan daha yaxşı bilir.
Dağda yolunu özü seçən insan üçün qazamat yalnız dörd divar deyil. Divar onun qabağından təkcə yolu almır; seçim haqqını alır. Qapı yalnız bədəni içəridə saxlamır; “gedəcəyəm” demək imkanını da bağlayır.
Həcərin dilindən söylənən xalq nəğməsində bu hiss özünün ən sərt ifadələrindən birini tapır.
QAZAMAT DALINI DƏLƏSƏN NƏBİ
Qazamat istidi, yata bilmirəm,
Düşmənim güclüdü, bata bilmirəm,
Ayaqda qandalaq, qaça bilmirəm,
Mənim bu günümdə gələsən, Nəbi,
Qazamat dalını dələsən, Nəbi!
Qazamat istidi, ağrıyır başım,
Axır gecə-gündüz qanlı göz yaşım,
Olubdu daş-divar mənim sirdaşım,
Mənim bu günümdə gələsən, Nəbi,
Qazamat dalını dələsən, Nəbi!
Mən gələndə şamamalar gül idi,
Dörd yanımı atlı düşmən bürüdü,
Yazıq canım qazamatda çürüdü,
Mənim bu günümdə gələsən, Nəbi,
Zalımlar əlindən alasan, Nəbi!
Yorğanım ədyaldı, döşəyim həsir,
Nəçənnik gələndə ürəyim əsir,
Silistçi dindirir, prokror kəsir,
Mənim bu günümdə gələsən, Nəbi,
Qazamat dalını dələsən, Nəbi!
Mətn: folklor nəşrlərində qorunan variant.
Burada bir misra qazamatın bütün daşlarından ağır gəlir: “Olubdu daş-divar mənim sirdaşım.” İnsan nə qədər tək qalmalıdır ki, daşla dərdləşsin?
Sonra: “Mən gələndə şamamalar gül idi…” Çöldə dünya yaşayır. Çiçək açır. Su axır. Gün doğur. İçəridə isə insanın zamanı dayanıb. Dünyanın gözəl olması bəzən azadlığını itirmiş insan üçün ayrıca əzabdır.
Sonra nəğmə bir ada qayıdır: “Mənim bu günümdə gələsən, Nəbi…” İnsan ən ağır günündə kimin adını çəkirsə, həmin adın onun daxilindəki yerini uzun izahdan daha dəqiq göstərir.
Və nəhayət: “Qazamat dalını dələsən…” Qapını aç deyil. Açar tap deyil. İcazə istə deyil. Divarı dəl. Azadlıq burada maneədən keçmək yox, maneənin özünü yarmaq şəklini alır.
Nəğmənin başqa, daha geniş variantında Həcərin səsi Gorusun soyuğuna, qarovula, qazamat həyatına qədər uzanır.
QAZAMAT — GENİŞ VARİANT
Nəbinin yolunu düşmən bağladı,
Həcər xanım yarım deyib ağladı,
Düşmən qazamatda məni saxladı,
Mənim bu günümdə gələsən Nəbi,
Qazamat dalını dələsən Nəbi!
Həcər xanım, sözün gəldi avaza,
Bir kimsə tapılmır dərdimi yaza,
Bir cüt iyidim qərq olubdu Araza,
Mənim bu günümdə gələsən Nəbi,
Qazamat dalını dələsən Nəbi!
Tellərim tökülüb, üzüm laladı,
Qaşlarım qaradı, gözüm aladı,
Yan-yörəm düşməndi, yerim qaladı,
Mənim bu günümdə gələsən Nəbi,
Düşmənin əlindən alasan Nəbi!
Döşəyim kərpicdi, yastığım saman,
Yorğanım həsirdi, üşüdüm aman,
Hər tərəf hasardı, hər tərəf duman,
Mənim bu günümdə gələsən Nəbi,
Zalımlar əlindən alasan Nəbi!
Gorusun qaşında qopubdu sazaq,
Düzülüb qarovul, saldatlar, qazaq,
Nəçənnik qoymayır bir kağız yazaq,
Mənim bu günümdə gələsən Nəbi,
Yağılar əlindən alasan Nəbi!
Mətn: folklor nəşrlərində qorunan geniş variant.
Burada artıq qazamat yalnız divar deyil. Coğrafiyadır. Gorusun sazağı belə həbsin içinə girir.
Amma bu mətnlərin Həcərin dilindən söylənməsi onların tarixi müəllifinin Həcər olduğunu sübut etmir. Biz Həcərin şeir dəftərini oxumuruq. Biz xalqın Həcərin ağrısını necə yadda saxladığını eşidirik.
Tarix soruşur: nə baş verdi? Folklor isə başqa bir sualı qoruyur: baş verən insanın içində nəyə çevrildi?
Bir tərəfdən sənəd danışır. O biri tərəfdən saz cavab verir.
TÜFƏNGİN ƏKS-SƏDASI
Qazamatda haray vardı. Dağda isə həmin haray meydan oxumağa çevrilir.
TÜFƏNGİ HAVADA OYNADAN NƏBİ
Nəbinin birçəyi oyma-oymadı,
O Həcərdən, Həcər ondan doymadı,
Qırdı bəyi, xanı, birin qoymadı,
Deyirlər iyiddi hamıdan Nəbi,
Tüfəngi havada oynadan Nəbi!
Qaçaq Nəbi ilə Mehdi qardaşdı,
Onların məkanı qayadı, daşdı,
İyidlər içində hər zaman başdı,
Deyirlər iyiddi hamıdan Nəbi,
Tüfəngi havada oynadan Nəbi!
Nəbi mərd iyiddi, qoçaq oğlandı,
Dosta, yoldaşlara çox mehribandı,
Mənim bu canım da ona qurbandı,
Deyirlər iyiddi hamıdan Nəbi,
Tüfəngi havada oynadan Nəbi!
Mətn: folklor nəşrlərində verilən üçbəndlik variant.
Nəğmənin içində isə başqa bir cümlə bütün tüfəng səslərinin arasından sakitcə keçir: “O Həcərdən, Həcər ondan doymadı…” Silahın içindən sevgi görünür.
MEYDANOXUMA
Bu dəfə xalq Nəbini başqasının dilindən yox, Nəbinin dilindən danışdırır:
BACARIRSAN, İNDİ ÖZÜN TUT MƏNİ
Nə düşübsüz fağır xalqın canına,
Rəhminiz gəlməyir axan qanına,
Mərd-mərdanə durub gəldim yanına,
Bacarırsan, indi özün tut məni!
Bəylər üçün anam doğub qurd məni!
Mərd oğluyam, bəydən, xandan qaçağam,
Düşmənin gözünə iti bıçağam,
Yoxsul üçün ipək kimi yumşağam,
Sizin üçün anam doğub sərt məni,
Bacarırsan, indi özün tut məni!
Gəl Nəbinin yaxşı bax sən boyuna,
Evini döndərər matəm toyuna,
Sizin kimi sürü-sürü qoyuna
Anam doğub iti dişli qurd məni!
Bacarırsan, indi özün tut məni!
Burada tarixi Nəbinin şəxsən şeir yazdığını iddia etmək üçün əsas yoxdur. Bu, Nəbinin dilindən danışan xalqdır. Amma elə buna görə də çox qiymətlidir.
Çünki xalq yalnız Nəbinin necə olduğunu deyil, qəhrəmanın necə olmalı olduğunu da söyləyir: “Yoxsul üçün ipək kimi yumşağam…” və “Sizin üçün anam doğub sərt məni.”
İpək və sərtlik. Mərhəmət və müqavimət. Bir insanın iki üzü deyil — eyni mənəvi ölçünün iki tərəfi.
HƏCƏR — İKİNCİ İŞIQ
Həcəri yalnız “Qaçaq Nəbinin həyat yoldaşı” adlandırmaq onun yaddaşdakı yerini kiçiltməkdir.
1912-ci ildə P. Vostrikovun araşdırmasına gedib çıxan mənbə xəttində Həcər at sürən, silahlı və Nəbinin yaxın köməkçisi kimi təqdim olunur. Tarix burada xüsusilə əhəmiyyətlidir: 1912. Sovet hakimiyyəti hələ yoxdur.
Deməli, Həcərin silahlı qadın obrazını bütövlükdə sovet dövrünün sonrakı bədii konstruksiyası hesab etmək xronologiya ilə uzlaşmır. Sonrakı ideoloji redaktə mümkündür. Amma yaratmaqla redaktə etmək eyni şey deyil.
Xalq isə öz hökmünü çoxdan vermişdi:
HƏCƏRİ ÖZÜNDƏN AY QOÇAQ NƏBİ
Nəbinin gözləri aladı, ala,
Qoç Nəbi olubdu düşmənə bəla,
Nəbinin məskəni uca bir qala,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
Dağların başları dumandı, duman,
Nəbidən çəkirlər zalımlar aman,
Qoç Koroğlu kimi Nəbi qəhrəman,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
Nəbinin bığları eşmə-eşmədi,
Papağı güllədən deşmə-deşmədi,
Nəbinin atını heç at keçmədi,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
Nəbinin qaşları qaradır, qara,
Düşmən ürəyinə vurubdu yara,
Bəyləri, xanları gətirib zara,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
Gün çıxıbdı günortanın yerinə,
Həcər xanım qalxıb atın belinə,
Əşrəfi, mirvari düzüb telinə,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
Mətn: folklor nəşrlərində qorunan beşbəndlik variant.
Bu nəğmədə “ala göz” motivi də yaşayır: “Nəbinin gözləri aladı, ala…” Ona görə “ala göz” Nəbi poetikasında real motivdir. Amma ayrıca qədim “Ala gözlü Nəbi” mahnısının mövcudluğunu ilkin mənbəsiz elan etmək başqa məsələdir.
Ən böyük hökm yenə nəqarətdədir: “Həcəri özündən ay qoçaq Nəbi!” Xalq kişini böyütmək üçün qadını kiçiltmir. Bu çox böyük mənəvi ölçüdür.
Həcər Nəbinin arxasında dayanan qadın deyil. Yaddaşın mühüm qatlarında onunla yanaşı gedən qadındır. Həqiqi sevgi bir insanı digərinin kölgəsinə çevirmir.
Bir insan üçün ölmək bəzən bir an çəkir. Onunla çətin ömür yaşamaq isə illər.
BOZAT — QOL-QANAD
Bu yolun bir də insan olmayan yoldaşı var. Bozat.
BOZAT
Bozat, səni sər tövlədə bağlaram,
Ayağına gümüş-qızıl nallaram,
Məxmərə tutaram, ipək çullaram,
Bozat, məni apar uzaq ellərə,
Düşəcək tərifin hamı dillərə.
Nəbinin yolları bütün dağ-daşdı,
Əriklidən Nəbi bir günə aşdı,
Nəbinin Bozatı ona yoldaşdı,
Bozat, məni apar uzaq ellərə,
Tərifin düşəcək bütün dillərə.
Qızıl quş tək qonub atın belinə,
Kəməri qurşayıb qoşa belinə,
Aynalı tüfəngi alıb əlinə,
Bozat, məni apar uzaq ellərə,
Tərifin düşəcək bütün dillərə.
Burada açar söz “at” deyil. Yoldaş. “Nəbinin Bozatı ona yoldaşdı.”
Bəhlul Bəhcətin topladığı başqa parçalarda Bozat itiriləndə Nəbinin “qolum-qanadım” ifadəsi ilə danışdırılması təsadüfi deyil. At burada nəqliyyat vasitəsi olmaqdan çıxır; qəhrəmanın hərəkət qabiliyyətinin bir hissəsinə, azadlığın ayağına, bədənin xaricindəki qanada çevrilir.
Koroğlu ilə Qıratın münasibəti yada düşür. Daha qədim türk epik dünyasındakı qəhrəman-at bütövlüyü də. Amma bənzərlikdən birbaşa mənşə əlaqəsi çıxarmaq olmaz.
Burada daha sadə və daha dərin bir həqiqət kifayətdir: Nəbi Bozata minmir yalnız. Nəğmədə onunla yol yoldaşı olur. Və bir gün yolun özü köməyə çağırılır.
YOLDAŞLARIN DARDA YAMAN GÜNÜDÜ
YOLDAŞLARIN DARDA YAMAN GÜNÜDÜ
Gorusun qaşında yıxılıb yatdım,
Ehtiyatı əldən kənara atdım,
Özüm xəcalətdən qan-tərə batdım,
Bozat, qurtar məni, aman günüdü!
Yoldaşların darda yaman günüdü!
Bozat, səni sər tövlədə bağlaram,
And içirəm, sənə məxmər çullaram,
Əgər məni bu davadan qurtarsan,
Qızıldan, gümüşdən səni nallaram,
Bozat, qurtar məni, aman günüdü!
Yoldaşların darda yaman günüdü!
Gümüşdən döydürrəm sənin nalını,
Gözəllərə hördürərəm yalını,
Sən gəl qoç Nəbinin pozma halını,
Bozat, qurtar məni, aman günüdü!
Yoldaşların darda qalan günüdü!
Mətn: folklor nəşrlərində qorunan üçbəndlik variant.
Bu nəğmənin ürəyi Bozat deyil yalnız. Bir sözdür: yoldaşlar.
Qəhrəmanlığın “mən”dən “biz”ə keçdiyi yer. İnsanın özünü təhlükədən çıxarması instinktdir. Başqasının təhlükəsini öz təhlükən saymaq isə seçim.
Amma hər haraya çatmaq mümkün olmur. Bəzən at gecikir. Bəzən güllə daha tez çatır.
TELLİ QARA — SÜKUT
Telli Qara adı Nəbinin silahdaşları arasında yerli yaddaşda və dastan variantlarında yaşayır.
TELLİ QARA — I VARİANT
Telli Qara Çətəndaşda vurulmuş,
Axıb qanı çalalarda qurumuş,
El-obada yas məclisi qurulmuş.
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
TELLİ QARA — II VARİANT
Telli boyanıbdı qızıl qanına,
Ana, bacı yoxdu gəlsin yanına,
Düşmən qıyıb güllə vurub canına,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
HƏCƏRİN AĞISI
Həcər deyər, zülüm-zülüm ağlaram,
Ciyərimi düyünlərəm, dağlaram,
Başıma zil qara yaylıq bağlaram,
Özünü tez yetir, ay Qaçaq Nəbi!
Dəstəsi yanında, ay qoçaq Nəbi!
BAŞQA YERLİ VARİANT
Telli Qara Çətəndaşda vuruldu,
Nəbinin dəstəsi onsuz qırıldı,
Çətəndaş üstünə qoşun sürüldü,
Hardasan-hardasan, ay Qaçaq Nəbi,
Dəstəsi özündən, ay qoçaq Nəbi.
Variantlar bir-birinə bənzəyir, amma eyni deyil. Çünki bunlar mətbəədən çıxmış eyni kitabın nüsxələri deyil. Eyni dərdin müxtəlif yaddaşlarda qalan səsləridir.
Camal qalası ilə bağlı başqa bir yerli variant isə ayrıca coğrafi yaddaşı qoruyur.
CAMAL QALASI VARİANTI
Camal qalasında səngərə yatdı,
Aynalı tüfəngi doldurub atdı,
Bəy, xanları bir-birinə qatdı!
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
Həcər minib kürən atın belinə,
Vəli tüfəngini alıb əlinə,
Uymaz yağıların fitnə-felinə,
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
İgid Nəbi Koroğludan yamandı,
Bəylər, xanlar deyir, Allah, amandı!
Gəlin bir görüşək, axır zamandı!
Qoy sənə desinlər, ay nadan Nəbi!
Aynalı tüfəngi oynadan Nəbi!
Mətn: Əli Şamilin təqdim etdiyi yerli variant.
Bu variantda üç dəfə təkrarlanan “Qoy sənə desinlər, ay nadan Nəbi!” misrası ayrıca diqqət tələb edir.
“Nadan” sözünü avtomatik bugünkü “cahil, savadsız” mənasında oxumaq düzgün olmaz. Nəğmənin öz poetik məntiqi Nəbini alçaltmır; əksinə, onu igid, silahlı və düşmən qarşısında dayanan qəhrəman kimi təqdim edir. Bununla belə, Nəbini müdafiə etmək naminə sözə mənbələrdə olmayan yeni qəhrəmanlıq mənası vermək də doğru deyil.
Burada ən sağlam yol sözü öz dövrünün dili və folklor konteksti içində oxumaqdır. Yəni “nadan” bu mətnin içində müasir təhqir kimi deyil, tarixi-poetik söz kimi ehtiyatla şərh edilməlidir.
Əli Şamil həmin variantı təqdim etməklə yanaşı, Camal qalası ilə Çətəndaş arasındakı coğrafi məsafəni ayrıca problem kimi qaldırır. Bu detal çox qiymətlidir.
Çünki folkloru sevmək onun bütün coğrafiyasını avtomatik tarix elan etmək demək deyil. Əfsanəni sevmək üçün onu sənədə çevirməyə ehtiyac yoxdur.
Sonra isə söz azalır:
BU DAĞLAR ULU DAĞLAR
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar,
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar.
AŞIQ — YADDAŞIN CANLI ARXİVİ
Bir nəğmənin yüz ildən artıq yaşaması üçün onun bir dəfə yaranması kifayət deyil. Kimsə onu yadında saxlamalıdır. Oxumalıdır. Bir məclisdən o birinə aparmalıdır. Bir nəsildən o birinə ötürməlidir.
Burada aşığın rolu başlayır.
Aşıq Əhməd “Qaçaq Nəbi” dastanında ən çox görünən aşıq adlarından biridir. Tədqiqatlarda onun Nəbinin qəhrəmanlığını izlədiyi, ona nəğmələr qoşduğu, Aşıq Ata və Aşıq Abbasın da Nəbi və silahdaşlarının igidliyini tərənnüm etdikləri göstərilir.
Başqa elmi araşdırmalarda Aşıq Əhməd, Aşıq Ata və Aşıq Abbas dastanda sadəcə kənar müşahidəçilər kimi deyil, Nəbi ilə bir cərgədə görünən, onun dastanlaşmasının başlanğıcını qoyan sənətkar obrazları kimi təqdim olunur.
Bu, aşığın funksiyasını dəyişir. O, hadisənin kənarında oturub sonradan nəğmə qoşan adam deyil yalnız. Hadisə ilə yaddaş arasındakı canlı körpüdür.
Döyüş bitir. Aşıq danışır. Adam ölür. Aşıq adını götürüb başqa kəndə aparır. Sonra başqa aşıq. Sonra başqa. Bir gün ilk hadisəni görən insanların hamısı ölür. Amma nəğmə hələ yaşayır.
Deməli, aşıq sadəcə ifaçı deyil. Bəzən xalqın canlı arxividir.
Aşıq Ata bəzi mənbələrdə Daşkəndli Aşıq Ata kimi keçir. Dəqiq bioqrafik tarixləri ilkin mənbə olmadan uydurmaq olmaz. Aşıq Abbası isə eyni ada görə məşhur Abbas Tufarqanlı ilə avtomatik eyniləşdirmək düzgün deyil.
Ad. Dövr. Rol. Mənbə. Bu dörd qapıdan keçməyən məlumat tarixə buraxılmamalıdır.
ANA
Qəhrəmanın neçə adı olur? Hakimiyyət üçün bir. Düşmən üçün başqa. El üçün başqa. Aşıq üçün başqa. Həcər üçün başqa. Amma bir insan var ki, bütün adları onun çiynindən götürür: ana.
ANASINI YADA HEÇ SALMIR NƏBİM
Çəkilib sinəmə balamın dağı,
Əridi, qalmadı ürəyimin yağı,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!
Ah çəkməkdən halım olubdu yaman,
Zalımlar əlindən dad-aman, aman,
Əldən getdi Nəbim, dəyişdi zaman,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!
Bilməm kimə gedim mən şikayətə,
Yağı düşmən salıb məni zillətə,
Baş götürüb çıxım, gedim qürbətə,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!
İgid canı qismət oldu torpağa,
Ürəyim dönübdü solmuş yarpağa,
Meydan oxuyarmış şirə qurbağa,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!
Gecə-gündüz Nəbi deyə mələrəm,
Haqdan mən özümə ölüm dilərəm,
Dayanmaram sənsiz, mən də gedərəm,
Səsimi eşidib dedi: gəl, ana!
Sən həmişə məni yada sal, ana!
Yenə sərhədi qoruyaq: bu, ana obrazının dilindən söylənən xalq nəğməsidir. Tarixi ananın şəxsən yazdığı şeir olduğunu demək üçün əsas yoxdur.
Amma xalq burada möhtəşəm bir iş görür. Qəhrəmanın çiynindən bütün titulları götürür. Onu yenidən uşağa çevirir.
Dövlət üçün qaçaq. El üçün qəhrəman. Aşıq üçün dastan. Amma ana üçün — uşaq.
1896 — BƏDƏNİN SONU
Sonra Larni gəlir. 12 mart 1896. Qaçaq Nəbinin insan ömrünün sonu.
Güllə bədənə çatır. Amma artıq gecdir. Çünki ad bədəndən qabaq yola çıxıb.
Ölümdən sonrakı ağı qatında xalqın kədəri evdən çıxıb elə yayılır:
YERİSİN ÜSTÜNƏ ELLƏR AĞLASIN
Dağıtdı Urmuda düşmənlər oba,
Qara yurdu görüm qalsın xaraba,
Qoç Nəbi gedibdi, qayıtmaz daha,
Darasın saçını tellər ağlasın!
Yerisin üstünə ellər ağlasın!
Gözüm dəydi taxçadakı yəhərə,
Dəydi ağır yara igid Həcərə,
Qanlı köynəyini verin Gözələ,
Darasın saçını tellər ağlasın!
Yerisin üstünə ellər ağlasın!
Qanlı yaş tökməyən gözlər olmasın,
Məclislər qurulub badə dolmasın,
Üstünə gəlməyən ellər qalmasın,
Darasın saçını tellər ağlasın!
Yerisin üstünə ellər ağlasın!
Qoç Nəbinin ellər alsın qanını,
Öldürsün bəyini, qırsın xanını,
Viran qoysun şahın xanimanını,
Darasın saçını tellər ağlasın!
Yerisin üstünə ellər ağlasın!
Qan ağla, sən əziz ellərim mənim,
Gör necə solubdu güllərim mənim,
Tutulub, görməyir gözlərim mənim,
Darasın saçını tellər ağlasın!
Yerisin üstünə ellər ağlasın!
Mətn: folklor nəşrlərində qorunan beşbəndlik variant.
Burada bir söz hər şeyi dəyişir: ellər. Yas artıq bir evin deyil, bir ailənin deyil. İctimai yaddaşın hadisəsinə çevrilib.
Başqa Cənubi Azərbaycan variantında “Gözüm dəydi taxçadakı yəhərə, / Yellər əssin, xəbər versin Həcərə…” motivi yaşayır.
Bu nöqtədə ölüm iki yerə bölünür. Xalq Nəbini itirir. Həcər ərini. Eyni ölüm — iki ayrı həqiqət.
Xalq qəhrəmanını itirir. Həcər isə sevdiyi adamı.
SƏSİN KAĞIZDAKI ÖMRÜ
Nəbi öldü. Onun haqqında deyilənlər isə ağızdan-ağıza, sazdan-yazıya keçərək yaşamağa davam etdi.
1912-ci ildə P. Vostrikovun tədqiqatı. 1928-ci ildə Əhməd Cəfəroğlunun İstanbulda “Azəri xalq ədəbiyyatında ‘Qaçaq Nəbi’ dastanı” araşdırması. Sonra Bəhlul Bəhcət. 1938-ci ildə Əliheydər Tahirovun ayrıca kitab nəşri. Əhliman Axundovun toplama və tərtib işi. Muradxan Cahangirovun iri aşıq variantı. 2011-ci ildə AMEA Folklor İnstitutunun akademik nəşri.
Yaddaş artıq təkcə ağızda və sazda deyil; kağızda da özünə yer tapır.
Amma rolları qarışdırmaq olmaz. Bəhlul Bəhcət xalq nəğmələrinin müəllifi deyil. Əhliman Axundov müəllif deyil. Əliağa Cəfərov müəllif deyil. Toplayıcı, tərtibçi, araşdırıcı, redaktor, söyləyici və ifaçı ayrı anlayışlardır.
Çünki “Qaçaq Nəbi”nin bir müəllif masası yoxdur. Onun masası bəlkə yüz ildən artıq insanların dizinin üstü olub.
Kağızdan əvvəl yaddaş. Qələmdən əvvəl səs. Kitabdan əvvəl saz.
ARAZ
İstanbul. Nəbinin özü çoxdan yoxdur. Adı isə oradadır.Sonra Türkiyənin başqa bölgələri. Cənubi Azərbaycan. Təbriz aşıq mühiti. Qars. İğdır. Ərzurum. Ankara.
Xəritədə sərhədlər var. Nəğmədə yoxdur.
Araz siyasi sərhəd ola bildi, yaddaşa sərhəd ola bilmədi.
XALQDAN ŞAİRƏ, ŞAİRDƏN XALQA
Arazın o tayında xalq yaddaşının Nəbisi böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın poeziyasında yeni bir ömür qazanır. Burada anonim nəğmənin qəhrəmanı fərdi şair duyğusu ilə — vətən, qürbət, əsarət və azadlıq ağrısı ilə qovuşur.
QAÇAQ NƏBİ
Dur qəfəs qapısın bir açaq, Nəbi,
Bu sınıq qanadla bir uçaq, Nəbi,
Ay qoçaq Nəbi!
Qazamat istidi, yata bilmirsən,
Analar beşiyin sata bilmirsən,
Öz ata yurdunu ata bilmirsən,
Qeyrətin qurbanı, ay qaçaq Nəbi,
Ay qoçaq Nəbi!
On beş il gavurun zülmünə dözdün,
O nəqşə çəkdikcə, nəqşəsin pozdun,
Şimdi ki, obadan-eldən of üzdün,
Qəm yükün çatmışam, dur köçək, Nəbi,
Ay qoçaq Nəbi!
Dördbir dövrəmizi saldatlar aldı,
Qələlər ucaldı, qaranlıq saldı,
Zindanın işıqsız, günəşsiz qaldı,
Hümmətin ucadır, dam alçaq, Nəbi,
Ay qoçaq Nəbi!
Bir kəsin qalmayıb yarü yoldaşdan,
Qalsa da, fəyşədir, doymaz oynaşdan,
Gecən qoy aşaq bu dağdan, daşdan,
Zindanı qazmışam, dur qaçaq, Nəbi,
Ay qoçaq Nəbi!
Dedin bəs vətən də sabiq vətəndir,
Gördün ki, dostum yox, hamı düşməndir,
Vətəndən qafan bir quru kövsəndir,
Ondan da əl çəkib vaz keçək, Nəbi?
Ay qoçaq Nəbi!
Çöllərdə çəkmişdim vətən zillətin,
Görəymiş özüm də çəkim qürbətin,
Qırıram vətənin ipin, ülfətin,
Cigərdən ayrılmır bir pıçaq, Nəbi,
Ay qoçaq Nəbi!
Vətəndən doymuşam, məni qınama,
Dur gedək, bu xalqı artıq sınama,
Dur görüm! Bu ağac bənzir anama,
Telindən qoy qırım bir saçaq, Nəbi
Ay qoçaq Nəbi
Haralı olmalı? Bilə bilmədik,
Ləkəsin bu qanın silə bilmədik,
Bir də biz bu yana gələ bilmədik,
Arazın suyundan bir içək, Nəbi,
Qeyrətin qurbanı, ay qoçaq Nəbi
Məhəmmədhüseyn Şəhriyar
Bu şeirdə xalq yaddaşı sadəcə təkrar olunmur; Şəhriyar onu öz daxili təcrübəsindən keçirir. Beləcə, Nəbi anonim nəğmədən müəllif poeziyasına keçir, amma xalq yaddaşı ilə bağını itirmir.
SAZDAN EKRANA
Sonra yaddaş yenidən forma dəyişir.
Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum dramı. Nəsr. Poeziya. Mühacirət yazıları. Nağı Şeyxzamanlı. Cəlal Bərgüşad. Məmməd Rahim. Bəxtiyar Vahabzadə. Eldar Baxış. Və nəhayət ekran.
1985-ci ildə “Atları yəhərləyin”. Artıq sazın yanında kamera dayanır. Söyləyicinin yerində aktyor. Sözün yanında görüntü.
Amma yeni sənət köhnə yaddaşı öldürmür. Sadəcə başqa qapı açır. Bir adam Nəbini dastandan tanıyır, başqası mahnıdan, başqası Şəhriyardan, başqası filmdən, başqası babasının danışığından. Hamısı eyni qapıdan girmir. Amma içəridə eyni ada rast gəlirlər.
Qubadlının musiqi yaddaşından danışarkən xanəndə və müğənni Ağa Bala Abdullayev kimi sənətkarların təmsil etdiyi səs-muğam mühitini də unutmaq olmaz. Ancaq konkret Nəbi nəğməsinin onun repertuarında olmasını ilkin mənbə təsdiqləməyincə bunu fakt kimi yazmaq düzgün olmaz.
Ürək Nəbiyə yaxın olsun. Qələm həqiqətdən uzaqlaşmasın.
1894–2026: YADDAŞIN 132 İLLİK YOLU
İndi zamanın iki ucunu qarşı-qarşıya qoyaq.
Tiflis. Nəbi sağdır. Kimsə onun haqqında xalqdan gələn səsi yazıya keçirir.Aradan yüz otuz ildən artıq zaman keçir.
Ankara. Özünü Qaçaq Nəbi və Həcərin kötücəsi kimi təqdim edən, aşıq sənəti ilə məşğul olan Arzu Kurbani Nəbiyə yeni şeir yazır.Bu dəfə anonim folklor mətni deyil. Adı, tarixi və yeri məlum olan müasir müəllif mətnidir.
QAÇAQ NƏBİ XALQIN QƏHRƏMANIDIR
Qaçaq Nəbi xalqın qəhrəmanıdır,
İgidlər diyarı Qubadlıdandır,
Dörd yana yayılan adın-sanındır,
Silinməz heç zaman izin, ay Nəbi.
Məzlumun dayağı, ümid yerisən,
Zalımın gözünə mili çəkibsən,
Vətən torpağına sevgi əkibsən,
Silinməz heç zaman izin, ay Nəbi.
Darda qalanın yetişdin dadına,
Ləkə gətirmədin təmiz adına,
Meyil etmədin dünyanın malına,
Silinməz heç zaman izin, ay Nəbi.
Həcərin tüfəngi, mənim sazım var,
Hər yana yayılan xoş avazım var,
Qəhrəman dədəmə tək bir sözüm var,
Silinməz heç zaman izin, ay Nəbi.
Axır damarımda Nəbinin qanı,
Həcərin yeridir Nəbinin yanı,
Arxanda xalqın var, xainlər hanı,
Silinməz heç zaman izin, ay Nəbi.
Boz atın şahlanıb dağa çıxanda,
Həkəri çayı çağlayıb axanda,
Arzuyam, sinəmə sazı taxanda,
Silinməz heç zaman izin, ay Nəbi.
Arzu Kurbani — müəllifin öz nəsil təqdimatına əsasən Qaçaq Nəbi və Həcərin kötücəsi. 20.08.2026, Ankara.
Bu şeirin bir misrası yüz otuz ildən artıq yolu bir nəfəsə yığır: “Həcərin tüfəngi, mənim sazım var.”
Bir vaxt tüfəng vardı, indi saz. Müqavimətin dili dəyişib; yaddaşın dili isə sözə çevrilib.
Silah dəyişib. Zaman dəyişib. Dövlətlər dəyişib. Sərhədlər dəyişib. İnsanlar dəyişib. Amma yaddaş özünə yeni bədən tapıb.
1894-də kimsə xalqdan gələn Nəbi səsini yazıya alırdı. 2026-da başqa bir insan Nəbi haqqında yeni söz yaradır.
Aralarında yüz otuz ildən artıq zaman dayanır. Amma yaddaşın içində həmin məsafə bəzən bir saz siminin eni qədərdir.
HANSI ÖMRÜN SONU?
İndi başlanğıcdakı suala qayıdaq: insan öz ölümündən əvvəl necə özündən ayrılıb əfsanəyə çevrilir?
Bəlkə cavab bütün bu yolun özüdür.
İnsan → hadisə → xəbər → xatirə → misra → nəğmə → variant → saz → dastan → kitab → müəllif poeziyası → səhnə → ekran → milli yaddaş.
Əvvəl insan yaşayır. Sonra hadisə qalır. Hadisədən xəbər. Xəbərdən xatirə. Xatirədən misra. Misradan nəğmə. Nəğmədən dastan. Dastandan kitab. Kitabdan başqa sənətlər. Və bir gün baxırsan ki, insanın bioloji ömrü çoxdan bitib. Adı isə hələ yol gedir.
Bu yolun hər yerində eyni Nəbi görünmür. Həcərin Nəbisi başqa. Ananın Nəbisi başqa. Bozat nəğməsinin Nəbisi başqa. Telli Qaranın ağısındakı Nəbi başqa. Aşığın Nəbisi başqa. Şəhriyarın Nəbisi başqa. Sənədin göstərdiyi Nəbi başqa bucaqdan görünür.
Hərəsi portretə bir xətt çəkir. Sənəd bir xətt. Nəğmə bir xətt. Həcər bir xətt. Ana bir xətt. Bozat bir xətt. Telli Qara bir xətt. Aşıq bir xətt. Şair bir xətt. Zaman isə onların hamısının üstündən keçir. Və yalnız onda bütöv portret görünməyə başlayır.
Burada mənim üçün ən böyük sual Nəbi haqqında söylənmiş hər rəvayətin tarixi fakt olub-olmaması deyil. Əlbəttə, deyil. Əfsanəni sənədə çevirmək folkloru öldürməkdir.
Əsas sual başqadır: niyə xalq məhz bu adamı unutmadı?
Niyə gözlərinin rəngini saxladı? Niyə Həcərin qandalını saxladı? Niyə Bozatın nalını saxladı? Niyə Telli Qaranın ölümünü saxladı? Niyə ananın “Nəbim” deyən səsini saxladı? Niyə bircə “nadan” sözünü belə əsrdən-əsrə gətirdi? Niyə ölümündən yüz otuz il sonra onun haqqında yenə şeir yazılır?
Bütün rəvayətlər tarix deyil. Amma bütün yaddaş da təsadüf deyil.
Tarix insanın başına gələnləri saxlayır; yaddaş isə insanın içində qalanları.
Bəlkə yaddaş insanlığın ölümə qarşı yaratdığı ən qədim müqavimət vasitələrindən biridir. Çünki ölüm bədəni ala bilir. Adı həmişə yox.
Saray gedir — nəğmə qalır. Möhür gedir — xatirə qalır. İmperiya gedir — insanın adı qala bilir.
Və indi yalnız bir sual qalır: əgər bir xalq yüz otuz ildən sonra da bir insanın adını Həcərin fəryadında, ananın ağısında, Telli Qaranın ölümündə, Bozatın nalında, aşığın sazında, Şəhriyarın misrasında, səhnədə, ekranda və yeni nəslin dilində yaşadırsa, tarix kitabında ölüm tarixinin yanında yazılan rəqəm hansı ömrün sonudur?
Bədənin? Bəli. Bəs yaddaşın?
Yol bir gün bitir. İz qala bilir. Nal səsi dayanır. Əks-səda bir az da gedir. Tüfəng susur. Saz danışır.
Sazı tutan əl qocalır. Başqa əl onu götürür. Söyləyici ölür. Söz başqa ağızda doğulur. Bir nəsil gedir. Yaddaş başqa nəsildə gözünü açır.
Bəlkə insanın ölümsüzlüyü bədəninin heç vaxt ölməməsində deyil. Özündən sonra başqa insanların içində yaşamağa davam etməsindədir.
Qaçaq Nəbi 1896-cı ildə bir insan ömrünün sonuna çatdı. Amma 1896 xalq yaddaşındakı Nəbinin ölüm tarixi olmadı. Bəlkə əksinə. Onun ən uzun yolunun başlanğıcı oldu.
Çünki yaddaşın ölüm şəhadətnaməsi yoxdur.
Güllə onun bir ömrünü bitirdi. Xalq isə ikinci ömrünün sonunu yazmadı.
Nəbi qayıtmır. Çünki xalqın yaddaşından heç vaxt getməyib.
Müəllif: Cəsarət Bayramov — Qubadlı rayonu, Dəmirçilər kənd sakini