“Bir gün xilaskar olarsan, bir gün…”

24.01.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– “Qarabağ”ı Çempionlar Liqasındakı qələbə münasibətilə təbrik edirəm. İnşallah Avropada yollarına davam edərlər. Oyunun nə qədər çətin olacağını bilirdik. Onların birinci və ikinci heyətinin fərqi yoxdur. “Qarabağ” bu gün hətta Avropada TOP komandalardandır. Məncə, maraqlı oyun alındı. Uşaqlar yaxşı mübarizə apardılar. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm.

– “Qarabağ”ın “Ayntraxt”la oyundakı heyəti meydanda olsaydı, nəticə fərqli ola bilərdi?

– Hər şey ola bilərdi. Amma dediyim kimi, uşaqlar yaxşı mübarizə apardılar.

– Oyundan öncə belə hesabı təxmin edirdiz?

– Yox, təxmin etmirdim. Amma uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır. Sağ olsunlar, vuruşdular, qollarımızı vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq. Səviyyə fərqi olsa da, uşaqlar meydanda yaxşı mübarizə apardılar.

– “Qarabağ”ı məğlub etdiyiniz üçün “Kəpəz”də əla mükafat olacaq?

– Onu rəhbərlik bilər. Belə məsələlərə biz qarışmırıq. Mənə elə gəlir ki, futbolçuları layiqincə qiymətləndirəcəklər.

– Sizi xilaskar kimi görürlər…

– Həyatdı, bir gün xilaskar olarsan, bir gün heç kimə lazım olmarsan. Ona görə həmişə güclü olmalısan, çox çalışmalısan və düzgün yolda olduğuna əmin olmalısan.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью