Icma.az, Moderator.az saytına istinadən bildirir.
Azərbaycanda gənclərin əmək bazarındakı vəziyyəti ilə bağlı diqqətçəkən statistik göstəricilər açıqlanıb. 2025-ci ildə 15-29 yaşlı məşğul gənclərin sayı əvvəlki illə müqayisədə 94 min nəfər azalaraq 1 milyon 85,5 min nəfərə düşüb. Maraqlıdır ki, eyni dövrdə işsiz gənclərin sayı da 19,1 min nəfər azalıb. Nəticədə bu yaş qrupunda həm məşğul, həm də işsiz əhalinin ümumi sayı bir il ərzində 113,1 min nəfər azalıb. Xüsusilə gənc kişilərin məşğulluğunda daha ciddi geriləmə qeydə alınıb.
Bəs bu azalma nə ilə bağlıdır? Gənclər əmək bazarından niyə uzaqlaşır?
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, bu göstəricini yalnız iş yerlərinin azalması ilə əlaqələndirmək düzgün olmaz:
"Burada bir neçə amilin təsiri mümkündür. İlk növbədə, əhalinin yaş strukturunda baş verən demoqrafik dəyişikliklər, gənclərin təhsil müddətinin uzanması, əmək bazarından müvəqqəti kənarlaşması və xarici ölkələrə miqrasiyası kimi faktorlar nəzərə alınmalıdır. Diqqət çəkən odur ki, məşğul gənclərin sayı azalmaqla yanaşı, işsiz gənclərin sayı da 118,1 mindən 99 min nəfərə düşüb. Bu isə problemin yalnız işsizliklə bağlı olmadığını, ümumilikdə gənclərin əmək bazarında iştirak səviyyəsinin zəiflədiyini göstərir".
Eyyub Kərimliyə görə, məsələnin digər mühüm tərəfi gənclərin xarici ölkələrə üz tutmasıdır:
"Bu gün gənclərin bir hissəsi daha yüksək əməkhaqqı, peşəkar inkişaf, keyfiyyətli təhsil və geniş karyera imkanları əldə etmək məqsədilə xaricə getməyə üstünlük verir. Əlbəttə, beynəlxalq əmək miqrasiyası qlobal iqtisadi prosesdir və bunu yalnız mənfi hal kimi qiymətləndirmək olmaz. Xaricdə təhsil alan, təcrübə qazanan gənclər gələcəkdə ölkəmizin insan kapitalının inkişafına da töhfə verə bilərlər. Lakin gənclərin xaricə gedişi daimi xarakter aldıqda və onların ölkəyə qayıtması üçün kifayət qədər iqtisadi imkanlar formalaşmadıqda, bu proses uzunmüddətli risklər yaradır. Xüsusilə yüksək ixtisaslı mütəxəssislərin ölkədən getməsi əmək bazarında kadr çatışmazlığına, innovasiya potensialının zəifləməsinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər".
İqtisadçı qeyd edib ki, məşğul gənclərin sayının 94 min nəfər azalması həmin sayda insanın ölkəni tərk etməsi demək deyil:
"Rəsmi statistikaya görə, 2025-ci ildə daimi yaşamaq üçün ölkədən gedən 15-29 yaşlı gənclərin sayı 554 nəfər olub. Bununla belə, müvəqqəti əmək və təhsil miqrasiyasının real miqyasını da ayrıca araşdırmaq vacibdir. Digər narahatedici məsələ demoqrafik proseslərlə bağlıdır. Azərbaycanda doğum göstəricilərinin azalması və ailə qurma yaşının yüksəlməsi gələcək əmək ehtiyatlarının formalaşmasına təsir göstərə bilər. Gənclərin mənzil əldə etmək imkanlarının məhdudluğu, əməkhaqqı ilə yaşayış xərcləri arasındakı fərq, ailə saxlamaq üçün tələb olunan maliyyə imkanları da bu prosesə təsir edən amillərdəndir. Burada vacib bir məqamı da fərqləndirmək lazımdır: Azərbaycanda əhalinin ümumi sayı hələ də artır. Lakin artım tempinin zəifləməsi və doğum səviyyəsinin aşağı düşməsi gələcək üçün müəyyən demoqrafik çağırışlar yaradır. İqtisadi baxımdan əhalinin yaşlanması və əmək qabiliyyətli gənclərin xüsusi çəkisinin azalması gələcəkdə pensiya sisteminə, sosial müdafiə xərclərinə, vergi daxilolmalarına və iqtisadi artım potensialına əlavə təzyiq yarada bilər.
Mənim fikrimcə, əsas məqsəd gənclərin ölkədən getməsinə inzibati məhdudiyyətlər qoymaq deyil, onların Azərbaycanda yaşamaq, işləmək və ailə qurmaq üçün daha əlverişli iqtisadi mühitə malik olmasını təmin etməkdir. Bunun üçün regionlarda yüksək əməkhaqqı təklif edən dayanıqlı iş yerlərinin yaradılması, gənc sahibkarlığın dəstəklənməsi, güzəştli mənzil və ipoteka imkanlarının genişləndirilməsi, təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, xaricdə təhsil alan və çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə qayıdışını stimullaşdıran proqramların inkişaf etdirilməsi məqsədəuyğun olardı. Unutmamalıyıq ki, gənclər yalnız əmək bazarının iştirakçıları deyil, həm də ölkənin gələcək vergi ödəyiciləri, sahibkarları, alimləri və yeni ailələr quracaq vətəndaşlarıdır. Bu gün gənclərin məşğulluğuna və sosial rifahına qoyulan investisiya əslində Azərbaycanın gələcək iqtisadi inkişafına və demoqrafik dayanıqlılığına qoyulan investisiyadır".