Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp 2025-ci il üzrə maliyyə bəyannaməsində ailəsinin kriptovalyuta layihələrindən ötən il 1,435 milyard dollar gəlir əldə etdiyini açıqlayıb.
Sənədə əsasən, Trampın oğulları ilə birlikdə yaratdığı "World Liberty Financial" layihəsi ümumilikdə təxminən 800 milyon dollar gəlir gətirib. Bu məbləğin 520 milyon dollardan çoxu kriptotoken satışlarından, 250 milyon dollardan çoxu isə şirkətdəki payların satışından əldə olunub.
Bundan əlavə, Donald Tramp öz adını daşıyan "Trump meme coin" layihəsinin satışlarından 635 milyon dollar gəlir əldə etdiyini bildirib.
Qeyd olunur ki, Trampın əvvəlki maliyyə bəyannaməsində "World Liberty Financial" layihəsindən əldə olunan gəlir 57,35 milyon dollar göstərilmişdi. Son açıqlanan rəqəmlərə əsasən, bu gəlir təxminən doqquz dəfə artıb.
Tramp administrasiyası hakimiyyətə qayıtdıqdan sonra kriptovalyuta sektorunu dəstəkləyən bir sıra addımlar atıb. Bunlara stabilkoinlərlə bağlı tənzimləmələr, həmçinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası və ABŞ Ədliyyə Nazirliyi tərəfindən sektora nəzarətin yumşaldılması daxildir.
Bundan başqa, Trampa məxsus qolf klubları və istirahət komplekslərinin gəlirləri 2025-ci ildə 15 faiz artaraq 500 milyon dolları ötüb. Floridadakı Mar-a-Lago kompleksinin gəliri 50 milyon dollardan 77 milyon dollara yüksəlib, West Palm Beach qolf klubunun gəlirləri isə 27 faiz artıb.
"AzPolitika.info"