Bir istiqlal mücahidinin hekayəti

15.09.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

15 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

108 il öncə Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsində mərhum babam Salman Həllacın da iştirakı bu günü mənim üçün daha da müqəddəs edir.

Həmin dövrlə bağlı uşaqlıq illərimdə tez-tez babamı danışdırar, onun canlı xatirələrini yaddaşıma həkk edərdim. Gəncliyimdə sovet rejiminə qarşı mübarizəyə tələbə kimi 1988-ci ildə fəal şəkildə qoşulmağımda həmin söhbətlərin də mühüm təsiri olmuşdu.

Babam Salman Həllac - sovet hakimiyyəti dövründə, 1930-cu illərdən sonra soyadına “-ov” sonluğu əlavə edilmişdi - 1897-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub.

Babası Allahverdi Həllac Qarabağ xanının yaxın qohumu olub. Babamın nənəsi də xan nəslindən idi. Yeddi oğlu, iki qızı olan ulu babam Allahverdi “Qazı” olduğu üçün ətrafda onu “Sud-Həllac” adlandırıblar. Allahverdi Həllaca məxsus möhürün taleyi barədə də babam danışardı. Təəssüf ki, həmin söhbətlərin bütün təfərrüatlarını bu gün tam xatırlaya bilmirəm. Möhürün sonuncu dəfə kimdə olduğu və sonrakı aqibəti barədə ailədə dolaşan məlumatların nə dərəcədə səhih olduğu da mənə məlum deyil.

Babamın atası Məmmədalı Həllacın atası “Qazı” olsa da, özü şəxsi mülklərində əkinçilik, heyvandarlıq və digər kənd təsərrüfatı işləri ilə məşğul olub.

1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa öz ordusu ilə Azərbaycana gələndə babam Salman, böyük qardaşı Süleyman və Hacı adlı həmkəndlisi könüllü olaraq Qafqaz İslam Ordusuna qoşulublar.

Bu, gənclərin bir çoxunun orduya qoşulmaqdan çəkindiyi, hətta bəzən gizləndiyi ağır bir dövr idi.

Babamgil Yevlaxda qısa müddətli hərbi təlim keçdikdən sonra Bakının azad edilməsi məqsədilə paytaxta doğru çox ağır bir yürüşə başlayıblar.

Babam Qaraməryəm yaxınlığındakı döyüşlər barədə danışarkən gözləri dolardı. Deyirdi ki, hava çox isti idi. İstidən, yorğunluqdan və susuzluqdan əsgərlərin dodaqları çat-çat olmuşdu.

O, bir türk zabitini xüsusi xatırlayırdı. Zabitin quruyub çatlamış dodaqlarından qan axsa da, özündə olan suyu içmir, saxlayırdı. Suyu qurtaran əsgərlərin bir-bir dodaqlarına su sürtür, onlara ürək-dirək verir, sanki öz övladları kimi qayğı göstərirdi.

Babam deyirdi ki, Qaraməryəm bizə “qaracəhənnəm” olmuşdu.

Döyüşlərdə qələbə ağır itkilər hesabına əldə edilmişdi. Böyük qardaşı Süleyman da həmin döyüşlərdə ağır yaralanmış və kəndə kəl arabası ilə gətirilmişdi. Sonradan aldığı yaralardan dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalmışdı.

Babam Bakının azadlığı uğrunda döyüşlərdən, xüsusilə şəhərə daxil olarkən baş verən qanlı qarşıdurmalardan, Bakının azad edilməsindən həm böyük qürurla, həm də dərin kədərlə danışardı.

Bakının azad edilməsindən sonra onun da xidmət etdiyi bölük bir müddət Lənkəranda olub və orada da daşnak silahlı qüvvələrinə qarşı əməliyyatlarda iştirak edib.

Babam 1920-ci ildə Qarabağ mahalında kəndləri yandıran, dinc əhaliyə qarşı zorakılıqlar törədən daşnak silahlı dəstələrinə qarşı həyata keçirilən hərbi əməliyyatlardan da həyacanla danışardı. Onların Qarabağdan çıxarılması uğrunda gedən döyüşlər onun yaddaşında xüsusi yer tuturdu.

Əsgəran qalasının daşnak silahlı qüvvələrindən azad edilməsi uğrunda gedən qısa, lakin qanlı döyüşlər də onun hafizəsində dərin iz buraxmışdı.

Deyirdi ki, Əsgəran döyüşü şaxtalı-sazaqlı bir gecədə başlamışdı. Ön sırada yalnız Osmanlı əsgərləri döyüşürdü. Sübhə yaxın Osmanlı əsgərləri döyüşə başlamazdan əvvəl yüksək səslə “Allah-Allah, Allah-Allah” nidaları ilə yeri-göyü titrətmişdilər. Şeypur və davul səsləri ətrafa yayılır, sanki torpaq ayaqlarımızın altında silkələnirdi. “Bizi açıq döyüşə buraxmırdılar, yalnız onların ardınca irəliləyirdik”, - deyə babam xatırlayırdı.

Səhər açılanda isə dəhşətli mənzərə ilə qarşılaşmışdılar. Qala divarlarının üstündə və ətrafında yüzlərlə erməni döyüşçüsünün meyiti qalmışdı. Bir gün ərzində yüzlərlə əsgərin iştirakı ilə xəndəklər qazılmış, həlak olan döyüşçülərin meyitləri çətinliklə də olsa basdırılmışdı.

Babam danışırdı ki, vahid formada olan və yaxşı silahlanmış daşnak döyüşçüləri həmin döyüşdə tam məğlub edilmişdilər. Onların geyimləri və ayaqqabıları bizim əsgərlərin geyimləri ilə müqayisə olunmayacaq qədər yaxşı idi.

O, Azərbaycan və Osmanlı əsgərlərinin necə mətinliklə, ölümün gözünə baxaraq vuruşduqlarını xüsusilə qürurla danışardı.

Babam sovet işğalına qədər Azərbaycan Milli Ordusunun sıralarında xidmət edib.

1982-ci il iyulun 15-də, 85 yaşında dünyasını dəyişib.

Ömrünün son günlərinə qədər sevə-sevə oxuduğu, bəzən də bizə öyrətdiyi bu əsgər marşı babamın xidmət etdiyi Qafqaz İslam Ordusunun bölüklərindən birinin marşı idi.

Bu marş heç bir yazılı mənbədə yox idi. Onu ilk dəfə ictimaiyyətə mən təqdim etmişəm.

Ay analar, cəng havası çalıyor,

Biz gedirik, vətən sizə qalıyor.

Getməliyik, getmək düşər ərlərə,

Düşmən ayaq basmasın bu yerlərə!

Təxminən 22 il bundan əvvəl “Türküstan” qəzetinin ofisində jurnalist Aqil Camal ın təşkilatçılığı ilə Qafqaz İslam Ordusu əsgərlərinin övladları və nəvələrinin iştirakı ilə bir görüş keçirilirdi. Mən də həmin görüşə dəvət olunmuşdum.

Öz xatirələrimi danışdıqdan sonra bu marşı ilk dəfə orada səsləndirdim.

Həmin vaxt Türkiyə Cümhuriyyətindən qonaq gəlmiş 80 yaşlı bir ağsaqqal kövrələrək bütün iştirakçıların arasında bildirdi ki, bu, onun atasının komandanı olduğu bölüyün marşıdır. Dedi ki, uşaq vaxtlarımda bu marşı atamdan eşitmişdim, amma nə qədər çalışsam da, həmin marşı xatırlaya bilmirdim. Mənim onu yenidən səsləndirməyim isə həmin xatirəni onun üçün yenidən yaşadıb.

Təsadüf elə gətirmişdi ki, 80 ildən artıq bir zaman keçdikdən sonra babamın komandirinin oğlu ilə Bakıda qarşılaşmaq mənə nəsib olmuşdu.

Bu, mənim üçün sadəcə təsadüfi bir görüş deyildi. Bu, bir əsrdən artıq zamanın içindən gələn tarixi yaddaşın iki nəslin nümayəndəsini yenidən Bakıda qarşılaşdırması idi.

Vətən uğrunda mübarizəyə könül vermiş bütün həmvətənlərimə dərin hörmət və ehtiramımı bildirir, dünyasını dəyişənləri qürurla və rəhmətlə anıram.

15 sentyabr bizim tariximizdir. Bu tarix yalnız Bakının azad edildiyi gün deyil, həm də Vətən uğrunda canından keçən insanların fədakarlığını xatırlamaq günüdür.

Təəssüf ki, bu böyük tarixi qələbəyə ölkəmizdə hələ də layiq olduğu qədər diqqət və qiymət verilmir.

Tariximizi yaşatmaq, onu gələcək nəsillərə çatdırmaq isə bizim borcumuzdur.

PS: Şəkildə payaşdığım xilaskar ordunun cəsur komandanı Nuri Paşa ilə yanaşı, həmin ordunun əsgəri olmuş babam Salman Həllacdır. Həmin tarixlərlə bağlı yazdığım bu qeydlər yalnız babamın canlı danışdıqlarına əsaslanır.

Babamın bu şəkili 1950- ci ildə çəkilib. Geyiminə Süni İntellekt dizayn verib.

Nəsimi Məmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью