Bir ixtisasın 30 illik tarixi, bir ömrün 26 illik bağlılığı

25.11.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elə yubileylər var ki, insan onları sadəcə əlamətdar bir təqvim hadisəsi kimi qarşılayır. Elə yubileylər də var ki, onların tarixində insan öz ömrünün mühüm bir hissəsini, gəncliyini, ilk uğurlarını, arzularını, mənəvi və peşəkar inkişaf yolunu görür. Mənim üçün Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının 30 illik yubileyi məhz belə hadisələrdəndir.

Beş il əvvəl – 2021-ci il avqustun 20-də “525-ci qəzet”də dərc olunan “Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası 25 yaşında” sərlövhəli məqaləmdə bu ixtisasın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və qazandığı nailiyyətlərdən bəhs etmişdim. Aradan keçən beş il ərzində doğma universitetimizin həyatında bir çox yeniliklər baş verib, hüquq təhsilimizin inkişaf tarixinin yeni səhifələri yazılıb.

Bu gün isə həmin mövzuya daha böyük qürur və fərqli duyğularla qayıdıram. Çünki bu 30 ilin 26 ili mənim də həyat tariximin ayrılmaz bir parçasıdır.

Tarixi zərurətdən doğan uzaqgörən qərar

Hər bir təhsil ocağının, hər bir akademik ənənənin yaranmasının arxasında müəyyən tarixi zərurət, ictimai ehtiyac və gələcəyə hesablanmış düşüncə dayanır.

Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq 

ixtisasının yaradılması da təsadüfi hadisə deyildi. Bu mühüm təşəbbüs müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi əsaslarının möhkəmləndirildiyi, milli qanunvericilik sisteminin formalaşdırıldığı, dövlət idarəçiliyinin yeni prinsiplər üzərində qurulduğu mürəkkəb və məsuliyyətli bir dövrə təsadüf edirdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyası ölkəmizin hüquqi inkişafında yeni tarixi mərhələnin başlanğıcını qoydu. Azərbaycan özünün demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğu istiqamətində strateji yolunu müəyyənləşdirdi.

Yeni konstitusion quruluş, təbiidir ki, yeni hüquqi təfəkkürə malik milli kadrların hazırlanmasını da zəruri edirdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə hüquqşünas kadrların yetişdirilməsinə xüsusi həssaslıqla yanaşması onun dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri olub. Hələ ötən əsrin 70-ci illərində hüquq təhsilinin müxtəlif sosial təbəqələrdən olan istedadlı gənclər üçün daha əlçatan olmasına yönələn təşəbbüsləri bu sahədə ədalətli imkanların yaradılmasına hesablanmışdı.

Ulu Öndərin dövlətçilik düşüncəsində hüquqşünas hazırlığı yalnız müəyyən bir peşə sahəsi üzrə mütəxəssis yetişdirmək məsələsi deyildi. Bu, həm də dövlətin gələcəyinə, onun hüquqi institutlarının möhkəmliyinə və milli kadr potensialına qoyulan sərmayə idi.

Məhz belə bir strateji düşüncənin nəticəsi olaraq, 1996-cı ilin yayında Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasının əsası qoyuldu.

O dövrün Naxçıvanını, blokadanın yaratdığı çətinlikləri, mövcud iqtisadi və sosial imkanları nəzərə aldıqda bu qərarın nə qədər böyük tarixi əhəmiyyət daşıdığını daha aydın görmək mümkündür.

Naxçıvanda yaşayan gənclərin doğma yurdlarında ali hüquq təhsili almaq imkanının yaradılması təkcə təhsil sahəsində bir yenilik deyil, muxtar respublikanın intellektual potensialının gücləndirilməsi baxımından da mühüm hadisə idi.

Bu gün həmin qərarın nə qədər uzaqgörən olduğunu Naxçıvan Dövlət Universitetinin yetişdirdiyi minlərlə hüquqşünasın timsalında görürük.

Əlli tələbə ilə başlayan böyük yol

1996-cı ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına əyani və qiyabi təhsil 

formaları üzrə ümumilikdə 50 tələbə qəbul edildi. Bir il sonra hüquq fənlərinin tədrisini əlaqələndirəcək ayrıca kafedra yaradıldı. Artıq 2000-ci ildə universitet ilk hüquqşünas məzunlarını cəmiyyətə qazandırdı.

İlk vaxtlar Tarix-filologiya fakültəsinin tərkibində fəaliyyət göstərən ixtisas sonrakı illərdə bir sıra struktur dəyişikliklərindən keçdi. 1999-cu ildə İqtisad-hüquq fakültəsinin təşkili, 2003-2004-cü tədris ilində Sosial idarəetmə və hüquq fakültəsinin yaradılması hüquq təhsilinin institusional baxımdan möhkəmlənməsinin göstəricisi idi.

2006-cı ildə Sosial idarəetmə və hüquq, eləcə də İqtisadiyyat fakültələri üçün 700 nəfərlik yeni tədris korpusunun istifadəyə verilməsi təhsilin maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım oldu.

2020-ci il mayın 15-də universitetin Elmi Şurasının qərarı ilə Beynəlxalq münasibətlər və 

hüquq fakültəsinin yaradılması, 2024-cü il sentyabrın 2-də isə Hüquq fənləri kafedrasının bazasında Ümumi hüquq və Xüsusi hüquq kafedralarının təşkili bu inkişafın yeni mərhələlərini şərtləndirdi.

Bu tarixlərin hər birində böyük təşkilati zəhmət, müəllim fədakarlığı, akademik axtarışlar və hüquq təhsilinin keyfiyyətini yüksəltmək əzmi dayanır.

Otuz il əvvəl cəmi 50 tələbə ilə başlanan yol bu gün minlərlə hüquqşünasın peşəkar taleyini özündə birləşdirən zəngin bir tarixə çevrilib.

Otuz ilin iyirmi altı ili: tələbəlikdən müəllimliyə

Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası haqqında yazarkən şəxsi həyat yolumdan söz açmamağım mümkün deyil.

2000-ci ildə bu universitetin hüquqşünaslıq ixtisasına qəbul olunmuş, 2000-2004-cü illərdə bakalavriat, 2004-2006-cı illərdə isə Dövlət hüququ ixtisaslaşması üzrə magistratura təhsili almışam. Magistratura təhsilimi başa vurduqdan sonra bu günədək doğma universitetimdə Konstitusiya hüququ fənnini tədris edirəm.

Başqa sözlə, hüquqşünaslıq ixtisasının 30 illik tarixinin 26 ilini əvvəlcə tələbə, sonra magistrant, daha sonra isə müəllim kimi yaşamışam.

Bir vaxtlar hüququn mahiyyətini, dövlətin təşkili prinsiplərini, konstitusion dəyərləri öyrənmək üçün auditoriyada tələbə kimi əyləşirdimsə, bu gün həmin universitetin auditoriyalarında eyni dəyərləri yeni nəsillərə aşılamağa çalışıram.

Həyatın ən gözəl təzahürlərindən biri də, məncə, vaxtilə bilik aldığın ocağa illər sonra bilik verən insan kimi qayıtmaqdır.

Ötən illər ərzində universitetimizin inkişafını kənardan müşahidə edən biri deyil, bu prosesin bilavasitə iştirakçılarından biri olmaq mənə nəsib olub. Müxtəlif tələbə nəsillərinin yetişməsinin, tədris imkanlarımızın genişlənməsinin, hüquq təhsilimizin yeni mərhələlərə qədəm qoymasının şahidi olmuşam.

Bir müəllim üçün vaxtilə dərs dediyi tələbəsini illər sonra hakim, prokuror, vəkil, dövlət qulluqçusu, alim və ya başqa bir məsuliyyətli vəzifədə görmək əvəzolunmaz mənəvi duyğudur.

Çünki müəllimin əməyinin ən dəyərli mükafatı onun yetirmələrinin həyatda qazandığı uğurlardır.

İndi geriyə boylanarkən anlayıram ki, Naxçıvan Dövlət Universiteti mənə yalnız diplom və peşə qazandırmayıb. Bu ali təhsil ocağı hüquqi dünyagörüşümün, elmi maraqlarımın və pedaqoji fəaliyyətimin formalaşmasında müstəsna rol oynayıb.

Ona görə də universitetimizin uğurlarını öz uğurum, qarşısında dayanan vəzifələri isə öz mənəvi məsuliyyətimin bir hissəsi hesab edirəm.

Hüquq təhsilimizin görünməyən qəhrəmanları

Bir akademik ənənə yalnız inzibati qərarlarla yaranmır. Onu auditoriyalarda sərf olunan ömürlər, yazılan elmi əsərlər, tələbələrə göstərilən qayğı və nəsildən-nəslə ötürülən biliklər formalaşdırır.

Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının bugünkü inkişaf səviyyəsinə çatmasında müxtəlif dövrlərdə universitetə rəhbərlik etmiş şəxslərin, fakültə və kafedra rəhbərlərinin, hüquqşünas alimlərin, praktik hüquqşünasların və professor-müəllim heyətinin böyük əməyi var.

Bu baxımdan Hüquq fənləri kafedrasının ilk müdiri Fəxrəddin Nağıyevin, sonrakı illərdə kafedraya rəhbərlik etmiş Nəcəf Orucovun, Şükür Məmmədovun, Qəhrəman Behbudovun, hüquq 

təhsilinin formalaşmasında zəhməti olan digər müəllimlərin xidmətlərini ehtiramla qeyd etmək istərdim.

Onların hər biri bu akademik ənənənin formalaşmasında özünəməxsus iz qoyub.

İllər ərzində universitetimizin hüquqşünas müəllimləri tərəfindən hüquq nəzəriyyəsi, konstitusiya hüququ, cinayət hüququ, mülki hüquq, əmək hüququ, ailə hüququ və digər hüquq sahələri üzrə monoqrafiyalar, dərs vəsaitləri, elmi məqalələr və tədris-metodiki materiallar hazırlanıb.

Hüquq elminin inkişafına yönələn bu fəaliyyətin əhəmiyyəti ondadır ki, universitetimiz biliklərin tələbələrə çatdırıldığı təhsil müəssisəsi olmaqla kifayətlənmir, həm də yeni hüquqi biliklərin yaradıldığı elmi mühit kimi inkişaf edir.

Bu gün həmin ənənəni davam etdirən gənc müəllimlərin akademik fəaliyyətə qoşulması, təcrübəli hüquqşünaslarla yeni nəslin 

nümayəndələrinin birgə çalışması, ölkəmizin tanınmış hüquqşünas alimlərinin tədris prosesinə cəlb edilməsi gələcək üçün böyük ümidlər doğurur.

Yubiley günlərində sıralarımızda olmayan, lakin universitetimizin hüquq təhsili tarixində silinməz iz qoyan müəllimlərimizin xatirəsini də dərin ehtiramla yad etmək mənəvi borcumuzdur.

Yeni inkişaf mərhələsi: ənənələrin müasir çağırışlarla vəhdəti

Ali təhsil müəssisəsinin nüfuzu yalnız onun keçmişdə qazandığı uğurlarla deyil, həm də dəyişən dünyanın tələblərinə nə dərəcədə çevik uyğunlaşa bilməsi ilə müəyyən olunur.

Bu mənada son illərdə Naxçıvan Dövlət Universitetində müşahidə olunan inkişaf prosesləri, həyata keçirilən struktur və məzmun yenilikləri hüquqşünaslıq ixtisasının 

perspektivlərinə də müsbət təsir göstərir.

Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, universitetimizin rektoru Elbrus İsayevin rəhbərliyi dövründə hüquq təhsilinin inkişafı, tədrisin müasir tələblərə uyğunlaşdırılması, akademik potensialın gücləndirilməsi və peşəkar hüquq institutları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

Rektorun ali təhsilin beynəlmiləlləşdirilməsinə, tələbələrin rəqabətqabiliyyətli mütəxəssis kimi yetişdirilməsinə, nəzəri biliklərin praktik bacarıqlarla tamamlanmasına yönələn təşəbbüsləri hüquqşünaslıq ixtisasının inkişafında da özünü göstərir.

Hüquq fənləri üzrə iki ayrıca kafedranın yaradılması, hüququn müxtəlif sahələrində elmi-pedaqoji ixtisaslaşmanın dərinləşdirilməsi, peşəkar hüquqşünasların tədris prosesinə cəlb edilməsi və əməkdaşlıq imkanlarının 

genişləndirilməsi bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir.

Universitet rəhbərliyinin hüquq təhsilinə göstərdiyi diqqətin əhəmiyyəti həm də ondadır ki, bu gün görülən işlərin nəticələri təkcə hazırkı tələbə nəslinin deyil, gələcək onilliklərdə universitetimizdə təhsil alacaq gənclərin peşəkar inkişafına xidmət edəcək.

Əldə olunan uğurlara 26 illik müşahidələrimin prizmasından baxdıqda universitetimizin inkişaf dinamikasını daha aydın hiss edirəm. Bu inkişafda rektorumuz Elbrus İsayevin əməyini və təşəbbüskarlığını minnətdarlıqla qeyd etmək istərdim.

Auditoriyanın hüdudlarını aşan hüquq təhsili

Hüquq təhsilinin ən mürəkkəb və məsuliyyətli tərəflərindən biri tələbənin auditoriyada qazandığı nəzəri bilikləri real həyatda tətbiq etmək bacarığına yiyələnməsidir.

Hüquqşünasın qanunvericiliyi bilməsi vacibdir, lakin bu, onun peşəkarlığını müəyyən edən yeganə meyar deyil. Hüquqi faktları düzgün qiymətləndirmək, qanun normalarını təfsir etmək, əsaslandırılmış mövqe ortaya qoymaq, fərqli hüquqi arqumentləri müqayisə etmək, insanlarla ünsiyyət qurmaq və peşə etikası prinsiplərinə əməl etmək də onun hazırlığının ayrılmaz hissəsidir.

Son illərdə universitetimizdə bu bacarıqların formalaşdırılması istiqamətində təqdirəlayiq layihələr həyata keçirilir.

Kriminalistika və məhkəmə ekspertizası üzrə tədris imkanlarının yaradılması, məhkəmə simulyasiyalarının, hüquqi debatların, elmi müsabiqələrin, olimpiadaların və praktiki məşğələlərin təşkili tələbələrimizin gələcək peşə fəaliyyətinə hazırlanmasına xidmət edir.

2023-cü ildə Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi arasında bağlanmış əməkdaşlıq memorandumu hüquq təhsili ilə məhkəmə təcrübəsi arasında əlaqələrin daha da möhkəmləndirilməsinə imkan yaradıb.

2024-cü ilin dekabrında universitetimizin hüquqşünaslıq ixtisasının tələbələri üçün təşkil olunan üçgünlük hüquq günlərində ailə mübahisələrinə dair hüquqi situasiyalar təhlil edilib, tələbələr komanda şəklində konkret kazuslar üzərində çalışıblar.

2025-ci ildə həyata keçirilən “Konstitusiya marafonu” layihəsi isə bu əməkdaşlığın daha genişmiqyaslı nümunələrindən biri olub. Layihə çərçivəsində tələbələr hakimlərlə görüşlərdə, panel müzakirələrində, məhkəmə simulyasiyalarında, hüquqi müsabiqələrdə və debatlarda iştirak ediblər.

Konstitusiya hüququnu uzun illərdir tədris edən 

bir müəllim kimi belə təşəbbüslərin əhəmiyyətini xüsusi qiymətləndirirəm. Çünki konstitusion dəyərlər yalnız auditoriyada öyrədilməməli, gənclərin hüquqi düşüncə və davranış mədəniyyətinə çevrilməlidir.

Universitetimizin hüquqşünaslıq ixtisası üzrə təcrübə bazaları sırasında məhkəmə, ədliyyə, prokurorluq və vəkillik qurumlarının yer alması da tələbələrimizin müxtəlif peşə istiqamətləri ilə yaxından tanış olmalarına əlverişli şərait yaradır.

2026-cı ilin oktyabrında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Abiddin Hüseynovun universitetimizdə keçirdiyi görüş, hüquqşünas kadrların hazırlanması və tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı aparılan müzakirələr bu sahədə əməkdaşlığın davamlı xarakter aldığını göstərir.

Bütün bunlar hüquq fakültəsinin auditoriyaları ilə real hüquqi fəaliyyət mühiti arasındakı məsafənin tədricən azalması deməkdir.

Vəkillik institutu ilə əməkdaşlıq: yeni imkanlar, yeni perspektivlər

Universitetimizin hüquq təhsilinin inkişafı baxımından Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə qurulan əməkdaşlıq əlaqələri də ayrıca qeyd olunmalıdır.

2023-cü ilin martında Naxçıvan Dövlət Universiteti ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq memorandumunun imzalanması gələcək hüquqşünasların peşəkar hazırlığı istiqamətində yeni imkanlar açıb.

2026-cı il iyunun 10-da Vəkillər Kollegiyasının nümayəndə heyətinin universitetimizə səfəri, rektor Elbrus İsayev və hüquqşünaslıq ixtisasının tələbələri ilə görüşü bu əlaqələrin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətli olub.

Xüsusilə sevindirici haldır ki, Azərbaycan 

Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2026-cı il 15 iyul tarixli qərarı ilə universitetimizin Beynəlxalq münasibətlər və hüquq fakültəsində yaradılması nəzərdə tutulan Hüquqi Təcrübə və Tədqiqat Mərkəzinin maddi-texniki təminatına maliyyə dəstəyinin göstərilməsi, həmçinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan üç tələbəyə xüsusi təqaüdün ayrılması qərara alınıb.

Belə bir mərkəzin yaradılması hüquqi araşdırmaların aparılması, prosessual sənədlərin hazırlanması bacarıqlarının inkişaf etdirilməsi, tələbələrin vəkillik fəaliyyətinə daha yaxından bələd olması və təcrübəli hüquqşünaslarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi baxımından mühüm perspektivlər vəd edir.

İnanıram ki, bu təşəbbüs gələcəkdə Naxçıvanda hüquqi tədqiqatların və praktik hüquq təhsilinin inkişafına əhəmiyyətli töhfə verəcək.

Otuzuncu ilin tarixi yeniliyi: ingilis dilində hüquq təhsili

Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının yubiley ilində qazandığı ən mühüm nailiyyətlərdən biri də 2026–2027-ci tədris ilindən etibarən hüquqşünaslıq ixtisası üzrə ingilis dilində tədrisin başlanmasıdır.

Otuz il əvvəl Naxçıvanda ali hüquq təhsili almaq imkanının yaradılması necə böyük tarixi hadisə idisə, bu gün həmin təhsilin ingilis dilində də təşkil edilməsi beynəlxalq akademik mühitə inteqrasiya baxımından bir o qədər əhəmiyyətli addımdır.

Müasir hüquqşünasın fəaliyyət dairəsi getdikcə genişlənir. Beynəlxalq hüquq, transmilli kommersiya münasibətləri, beynəlxalq arbitraj, insan hüquqlarının müdafiəsi mexanizmləri, rəqəmsal texnologiyaların hüquqi tənzimlənməsi və digər istiqamətlər hüquqşünaslardan daha geniş dünyagörüşü və xarici dil bacarıqları tələb edir.

İngilis dilində hüquq təhsilinin təşkili tələbələrimizin xarici hüquq ədəbiyyatından orijinal dildə faydalanmalarına, beynəlxalq elmi müzakirələrdə iştirak etmələrinə, müxtəlif hüquq sistemlərini müqayisəli şəkildə öyrənmələrinə və akademik mobillik imkanlarından daha səmərəli yararlanmalarına zəmin yaradır.

Bu yeniliyin yüksək nəticə göstərən abituriyentlərin də diqqətini cəlb etməsi sevindiricidir.

Belə ki, 2026-2027-ci tədris ilində 643 balla universitetimizin ingilis dilində tədris olunan hüquqşünaslıq ixtisasına qəbul edilən Solmaz Ələkbərlinin uğuru bu istiqamətə olan marağın konkret nümunələrindən biridir.

Ümumilikdə isə Naxçıvan Dövlət Universitetinə 600–700 bal intervalında nəticə göstərməklə qəbul olunan tələbələrin sayı 2024-2025-ci tədris ilində 41 nəfər olduğu halda, 2026-2027-ci tədris ilində 166 nəfərə çatıb.

Bu göstəricilər universitetimizin ölkənin ali təhsil məkanında artan rəqabət imkanlarını və yüksək nəticəli abituriyentlər arasında qazandığı nüfuzu nümayiş etdirir.

Universitetin ən böyük sərvəti onun məzunlarıdır

Ali təhsil müəssisəsinin tarixini müxtəlif göstəricilərlə ifadə etmək olar. Lakin mənə görə, universitetin cəmiyyət qarşısındakı xidmətinin ən mühüm göstəricisi onun yetişdirdiyi insanların peşəkar və mənəvi keyfiyyətləridir.

2023-cü ilin martında açıqlanan məlumatlara əsasən, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasından həmin tarixədək 3127 nəfər məzun olmuşdu.

Bu rəqəmin arxasında minlərlə insanın təhsil və əmək tarixçəsi, minlərlə ailənin sevinci, yüzlərlə müəllimin illərlə sərf etdiyi zəhmət dayanır.

Bu gün Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının məzunları Azərbaycan Respublikasının müxtəlif bölgələrində məhkəmə sistemində, prokurorluq, ədliyyə, polis və digər hüquq-mühafizə orqanlarında, vəkillik institutunda, dövlət idarəçiliyində, ali təhsil müəssisələrində, özəl sektorda və hüquqi fəaliyyətin müxtəlif istiqamətlərində çalışırlar.

Onların hər birinin qazandığı uğur doğma universitetimizin nüfuzuna əlavə olunan yeni bir dəyərdir.

Lakin bir hüquqşünasın universitetinə verə biləcəyi ən böyük töhfə yalnız yüksək vəzifəyə yüksəlməsi deyil. Onun dürüstlüyü, vicdanlı fəaliyyəti, ədalətə sədaqəti, insan ləyaqətinə hörməti və qanun qarşısında məsuliyyət hissi də təhsil aldığı ocağın adına şərəf gətirir.

Çünki hüquqşünaslıq elə bir peşədir ki, burada biliklə vicdan bir-birindən ayrı düşdükdə peşəkarlıq öz həqiqi mənasını itirir.

Biz müəllimlərin vəzifəsi tələbələrimizə təkcə hüquqşünas olmağı deyil, həm də hüquqşünas adına layiq olmağı öyrətməkdir.

Gələcəyin hüquqşünası: dəyişən dünyanın yeni tələbləri

Otuz illik yubiley, eyni zamanda, gələcək haqqında düşünmək, qarşımızda dayanan yeni vəzifələri müəyyənləşdirmək üçün əlverişli fürsətdir.

Biz hüququn əvvəlki onilliklərlə müqayisədə daha sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Süni intellektin gündəlik həyatımıza daxil olması, rəqəmsallaşma, fərdi məlumatların mühafizəsi, kibertəhlükəsizlik, elektron ədalət mühakiməsi və texnoloji yeniliklər hüquq elminin qarşısında yeni suallar qoyur.

Dünənin hüquqşünasından tələb olunan biliklər bu günün hüquqşünası üçün kifayət etmədiyi kimi, bu gün öyrətdiklərimiz də sabahın hüquqşünası üçün yeganə bilik mənbəyi olmayacaq.

Ona görə də müasir hüquq təhsilinin əsas məqsədlərindən biri tələbələrə hazır cavabları öyrətməklə yanaşı, hələ cavabı tapılmamış hüquqi suallar üzərində düşünmək bacarığı aşılamaq olmalıdır.

Hesab edirəm ki, gələcək illərdə universitetimizdə hüquq klinikası modelinin inkişaf etdirilməsi, beynəlxalq məhkəmə simulyasiyası yarışlarında tələbələrimizin iştirakının genişləndirilməsi, hüquq və süni intellekt mövzusunda elmi tədqiqatların stimullaşdırılması, xarici universitetlərlə birgə hüquq proqramlarının yaradılması, müqayisəli hüquq araşdırmalarının dərinləşdirilməsi mühüm perspektivlər vəd edir.

Bununla yanaşı, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının zəngin məzun potensialından daha sistemli şəkildə yararlanmaq, müxtəlif sahələrdə uğur qazanmış məzunları tələbələrlə bir araya gətirmək, nəsillərarası peşəkar təcrübə mübadiləsi platformaları yaratmaq da faydalı olardı.

Bütün yeniliklərin fonunda isə hüquq təhsilinin əsrlər boyu dəyişməyən mənəvi mahiyyəti qorunmalıdır.

Texnologiyalar dəyişə, qanunlar yenilənə, hüquqi münasibətlər yeni formalar ala bilər. Lakin ədalət, vicdan, insan ləyaqəti və məsuliyyət hüquqşünasın fəaliyyətinin zamandan asılı olmayan təməl dəyərləri olaraq qalmalıdır.

Otuz illik tarixdən doğan qürur və məsuliyyət

Bu gün Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının 30 illiyini qeyd edərkən, əslində, yalnız bir ixtisasın yaranma tarixini deyil, Naxçıvanda bütöv bir hüquqşünas nəslinin yetişməsini, hüquqi düşüncə mühitinin zənginləşməsini və milli dövlətçiliyimizə xidmət edən akademik ənənənin inkişafını qeyd edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan kapitalının inkişafına, təhsilin müasirləşdirilməsinə və milli kadr potensialının gücləndirilməsinə yönələn siyasəti universitetimizin qarşısında da yeni inkişaf üfüqləri açır.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın müasir inkişaf mərhələsində yüksək hazırlıqlı, vətənpərvər, müstəqil düşünməyi bacaran və konstitusion dəyərlərə sadiq hüquqşünasların yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq 

ixtisasının qarşıdakı illərdə də bu şərəfli missiyanı layiqincə davam etdirəcəyinə inanıram.

Otuz illik yubiley münasibətilə universitetimizin rəhbərliyini, fakültəmizin və kafedralarımızın kollektivini, vaxtilə burada çalışmış müəllimlərimizi, bütün məzunlarımızı və hazırda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrimizi ürəkdən təbrik edirəm.

Bu akademik ocağın yaranmasında, inkişafında və bugünkü səviyyəyə çatmasında əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.

Şəxsən mənim üçün bu yubileyin ifadə etdiyi məna daha fərqlidir. Çünki otuz illik bir tarixin iyirmi altı ilini yaşamaq, həmin tarixin əvvəlcə tələbəsi, sonra müəllimi olmaq insanın ömrünə nəsib olan böyük mənəvi sərvətdir.

İllər ötəcək. Auditoriyalardakı tələbə nəsilləri dəyişəcək. Bu gün dərs dediyimiz gənclər sabah yeni nəsillərə bilik və təcrübə ötürəcəklər. Universitetimizin hüquq təhsili tarixinin yeni səhifələri yazılacaq.

Biz isə bir zamanlar bu böyük yolun kiçik də olsa, bir parçası olmağın qürurunu daşıyacağıq.

Otuz il əvvəl Naxçıvanda hüquq təhsilinin təməli qoyuldu. Bu gün həmin təməl üzərində yüksələn minlərlə peşəkar taleyin, zəngin akademik irsin və gələcəyə uzanan böyük ümidlərin şahidiyik.

30 yaşın mübarək, doğma hüquqşünaslıq ixtisasımız! Sənin tarixinin 26 ilində mənim ömrüm, mənim ömrümün 26 ilində isə sənin silinməz izin var!

Yunis XƏLİLOV,

Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi, hüquqşünas

Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq təhsilinin üç onilliyinə məzun və müəllim baxışı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью