Bir kərə yüksələn Müstəqillik

28.05.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Tarixi bir günün səhərinə oyanmışıq. Bir xalqın taleyini, yaddaşını və gələcəyini dəyişən müqəddəs bir günün — 28 May Müstəqillik Gününün... Bu tarix sadəcə təqvimdə qeyd olunan bir bayram deyil. Bu tarix əsrlərin içindən gələn milli ruhun, azadlıq eşqinin və dövlətçilik iradəsinin təntənəsidir.

Məhəmməd Əmin Rəsulzadənin məşhur ifadəsində deyildiyi kimi: “Bir kərə yüksələn bayraq bir daha enməz!” Bu fikir sadəcə bir şüar deyildi. Bu, xalqın taleyinə çevrilən bir inam, bir amal, bir mübarizə yolu idi.

Cəmi 23 ay mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına mühüm təsir göstərə bildi. Bu qısa zaman kəsiyi tarix və tale baxımından çox şeyi dəyişdi. Bizi milli kimliyimiz və duyğularımız ətrafında birləşdirdi. Biz onunla sərhədlərimizi, üçrəngli bayrağımızı, himnimizi, dövlətçilik düşüncəmizi tanıdıq və sevdik. Bu dəyərləri qoruyacaq minlərlə ziyalı, vətənpərvər gənc yetişdi.

Biz bu yolda Sovet işğalı da gördük, torpaq itkisi də, repressiya maşınının amansız üzünü də... Neft səltənətinin faciə və xoşbəxtliklərini də yaşadıq. Qarabağ işğalını, Xocalı soyqırımını, Şuşa və Laçın nisgilini də gördük. Amma bütün bunlara baxmayaraq, xalqımız ya müstəqilliklə yaşadı, ya da onu qəlbində yaşatdı. Bu hiss heç vaxt ölmədi.

Bu duyğular Zəngəzur itiriləndə də yaşayırdı. Mikayıl Müşfiq güllələnəndə də... Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazanda da, Şəhriyarın ürəyi Azərbaycan qədər yaralı olanda da bu hiss xalqın ruhunda idi. Ulu öndər Heydər Əliyev Naxçıvanda 70 ildən sonra üçrəngli bayrağı qaldıranda da həmin istiqlal ruhu yenidən ayağa qalxırdı.

2026-cı ildə Müstəqilliyimizin bərpasının 35 ili tamam olur. Azərbaycan xalqı artıq 5 ildir ki, bu bayramı ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Terrorizmə, separatçılığa və iki yüz ildir bu coğrafiyaya qənim kəsilən erməni millətçiliyinə qalib gəlməyin kökündə də məhz müstəqillik dayanır.

Güclü ordu, inkişaf edən iqtisadiyyat, uğurlu xarici siyasət kursu və dünyanın söz sahibinə çevrilən Azərbaycanı... Bütün bunlar 28 Mayın tacındakı qaşlardır.

30 il boyunca hər səhər bu xəbərlərlə açılırdı:

“Ermənistan ordusunun bölmələri fevralın 22-də və 23-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.”

İndi isə hər səhəri işğaldan azad edilmiş torpaqlara qayıdan insanlarımızın xəbəri ilə açırıq. Qarabağın möhtəşəm şəkildə yenidən qurulmasına şahidlik edirik. Salınan yolların, tikilən məktəblərin, yaşayış komplekslərinin işığı gözümüzü qamaşdırır. Şəhidlərimizin və qazilərimizin qanı ilə suvarılan torpaqlara həyat yenidən qayıdır.

Bir zamanlar donuz saxlanılan məscidlərdən indi azan səsləri yüksəlir. Şəhidlərimizin qan tökdüyü torpaqlarda zəfər abidələri ucalır. Hər il onlarla prezident, dövlət və hökumət başçısı Şuşanın, Qarabağın işığına toplaşır. Budur həqiqi müstəqillik və onun böyüklüyü.

Bu dəyər bundan sonra da göz bəbəyi kimi qorunmalı, gələcək nəsillərə ötürülməlidir. Hər birimiz öz əməyimiz, vicdanımız və vətəndaş mövqeyimizlə bu qollu-budaqlı Çinarın qurumasına imkan verməməliyik.
Bizim üçün müstəqillik Gəmiqayadan, Qobustandan, Babəkdən, Şah İsmayıldan, Nadir şahdan, Rəsulzadədən, Xoyskidən, Topçubaşovdan, Heydər Əliyevdən İlham Əliyevə qədər uzanan böyük və əbədi bir yoldur.

Bu yol bizim taleyimizdir.
Bu yol bizim qürurumuzdur.
Bu yol Azərbaycan yoludur.

Ümummilli lider Heydər Əliyevin deyirdi ki, “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha da çətindir.”

Yolumuz bizi yormasın!
Bayramınız mübarək!

Sahil TAHİRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью