Bir kitabın kölgəsində qalan ömürlər

27.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Bu günlərdə məşhur türkiyəli aktrisa Aslıhan Gürbüzün bir müsahibəsinə rast gəldim. Oynadığı bütün rollarla diqqətimi çəkən və istedadını, duruşunu, obrazlarına yanaşma tərzini bəyəndiyim bu aktrisanın özünün bir zamanlar canlandırdığı Merve Aksak ("Ufak tefek cinayetler" serialı) obrazı haqqında sözləri məni düşünməyə vadar etdi. "Merve Aksak Aslıhan Gürbüzü yedi" - deyən sənətçi yalnız o rolla anılmaqdan, təkcə bir obrazının, xüsusən mənfi xarakterli bir obrazın bu qədər sevilib, bütün yaradıcılığını kölgədə qoymağından duyduğu məyusluğu dilə gətirmişdi.

Bu müsahibə mənə ədəbiyyatda yalnız bir əsəri ilə tanınıb, sonradan bütün yaradıcılığı o əsərin kölgəsində qalan yazıçıları xatırlatdı. Bəli, ədəbiyyat tarixində elə əsərlər var ki, müəlliflərinin adını əbədiləşdirməklə yanaşı, onların sonrakı yaradıcılığına da qəribə bir kölgə salıb. Bir roman yazılıb, milyonlarla oxucu tərəfindən sevilib, dünya dillərinə tərcümə olunub, ekranlaşdırılıb, müəllifinə şöhrət və sərvət qazandırıb. Lakin gözlənilən davam gəlməyib.

Maraqlıdır ki, dünya ədəbiyyatının ən məşhur əsərlərindən bəzilərinin müəllifləri oxucularına yalnız bir roman bəxş ediblər. Onların adları isə həmin kitablarla o qədər sıx bağlanıb ki, yazıçının başqa əsərinin olmaması belə ədəbi bioqrafiyanın ayrılmaz hissəsinə çevrilib.

Marqaret Mitçell: Bir romanın yaratdığı şöhrətdən qaçan qadın

Dünya ədəbiyyatında bir kitabla məşhurlaşmaq deyiləndə ilk yada düşən adlardan biri amerikalı yazıçı Marqaret Mitçelldir. Onun 1936-cı ildə nəşr olunan "Küləklə sovrulanlar" romanı XX əsr ədəbiyyatının ən böyük bestsellerlərindən birinə çevrildi. Amerika Vətəndaş müharibəsi və Yenidənqurma dövründə cərəyan edən hadisələri, Skarlett O'Hara və Rett Batler kimi yadda qalan obrazları ilə əsər milyonlarla oxucunun diqqətini çəkdi. 1939-cu ildə roman əsasında çəkilən eyniadlı film isə bu şöhrəti daha da artırdı.

Lakin Marqaret Mitçellin ədəbi taleyinin ən maraqlı tərəfi romanın uğurundan sonra baş verdi. Yazıçı bir daha roman yazmadı.

Əslində, Mitçellin yaradıcılığa münasibəti həmişə asan olmayıb. O, "Küləklə sovrulanlar" üzərində təxminən on il işləyib. Əsərin yazılma prosesi də olduqca maraqlıdır: əvvəlcə romanı heç kimin görməsini istəməyən müəllif əlyazmanı gizli saxlayıb. Yalnız nəşriyyat nümayəndəsinin təkidi ilə əsəri çap etdirməyə razılaşıb.

Romanın nəşrindən sonra isə həyatının tamamilə başqa mərhələsi başlayıb. Məktublar, müsahibələr, imza mərasimləri, müəllif hüquqları ilə bağlı mübahisələr və filmin çəkilişi onun gündəlik həyatını zəbt edib. Mitçellə dünyanın müxtəlif ölkələrindən məktublar göndərilir, oxucular ondan qəhrəmanların gələcək taleyi haqqında məlumat istəyirdilər.

Lakin yazıçı Skarlett və Rettin hekayəsini davam etdirmək fikrində deyildi. O, hətta bir müsahibəsində bir daha kitab yazmaq niyyətində olmadığını açıq şəkildə bildirmişdi. Mitçellin dostlarının xatirələrinə görə, yazıçının bundan əvvəl yazdığı bəzi başqa mətnlər də olub. Hətta çap etdirilməsi mümkün sayılan hekayələrini belə məhv etməyi istəyib.

Onun qəribə susqunluğu 1949-cu ildə, cəmi 48 yaşında avtomobil qəzası nəticəsində həyatını itirməsi ilə başa çatan ömrünün sonuna qədər davam etdi.

Beləliklə, Marqaret Mitçell ədəbiyyata yalnız bir romanla daxil oldu, lakin həmin roman onun adını dünya ədəbiyyatının ən məşhur müəllifləri sırasına yazdırdı. Onun həyatında şöhrət ikinci kitabın başlanğıcı deyil, əksinə, yaradıcılığın son nöqtəsi oldu.

Harper Li: Bir romanla yarım əsrlik sükut

Amerikalı yazıçı Harper Linin adı dünya ədəbiyyatına "Bülbülü öldürmək" romanı ilə daxil olub. 1960-cı ildə nəşr edilən əsər qısa müddətdə böyük oxucu auditoriyası qazandı, 1961-ci ildə Pulitzer mükafatına layiq görüldü və XX əsr Amerika ədəbiyyatının ən mühüm nümunələrindən birinə çevrildi.

Roman irqçilik, ədalətsizlik, insan ləyaqəti və uşaqlıq dünyasının saflığı kimi mövzuları Attikus Finç və qızı Skautun hekayəsi vasitəsilə təqdim edirdi. Əsərin təsiri o qədər böyük oldu ki, Harper Li uzun illər yalnız bu kitabın müəllifi kimi tanındı.

Amma romanın nəşrindən sonra yazıçı yeni kitab çap etdirmədi. Onun yaradıcılıq həyatında başlayan uzun fasilə oxucuların marağını daha da artırdı. Harper Linin niyə yazmadığı, ikinci roman üzərində işləyib-işləmədiyi barədə müxtəlif fikirlər səsləndirilirdi.

İşin maraqlı tərəfi isə budur ki, Harper Linin ikinci romanı hesab edilən "Get, gözətçi qoy" 2015-ci ildə, ilk kitabından 55 il sonra nəşr olundu. Lakin bu əsər əslində "Bülbülü öldürmək" romanından əvvəl yazılmışdı. Yazıçı 1950-ci illərdə nəşriyyata təqdim etdiyi ilkin əlyazmanı redaktorunun məsləhəti ilə yenidən işləyərək Skautun uşaqlıq illərinə yönəlmiş məşhur romanını yaratmışdı.

"Get, gözətçi qoy" əlyazması uzun müddət itmiş hesab olunurdu. 2014-cü ildə onun tapılması və nəşrə hazırlanması ədəbi aləmdə böyük müzakirələrə səbəb oldu. Əsər 2015-ci ildə işıq üzü gördü.

Bununla belə, Harper Linin yaradıcılıq tarixindəki əsas həqiqət dəyişmədi: onun dünya miqyasında tanınmasına səbəb olan romanından sonra onilliklər ərzində yeni bir müstəqil roman meydana çıxmadı. O, müsahibələrdən və ictimai diqqətdən uzaq yaşamağı seçdi.

Emili Bronte: Bir romanla ədəbiyyata həkk olunan imza

Bəzi yazıçıların susqunluğu şəxsi seçim deyil, həyatın onlara tanıdığı zamanın məhdudluğu ilə bağlıdır. İngilis yazıçısı Emili Brontenin taleyi bu baxımdan xüsusilə təsirlidir.

1818-ci ildə anadan olan Emili Bronte ədəbiyyat tarixində əsasən "Uğultulu təpələr" romanının müəllifi kimi tanınır. 1847-ci ildə nəşr olunan əsər ilk vaxtlarda birmənalı qarşılanmayıb. Dövrün bir sıra tənqidçiləri romanın sərt emosional dünyasını, mürəkkəb münasibətlərini və qaranlıq atmosferini qəbul etməkdə çətinlik çəkirdilər. Bəziləri onu mənəvi baxımdan qəbuledilməz hesab edir, digərləri isə müəllifin qeyri-adi təxəyyülünü və bədii gücünü yüksək qiymətləndirirdilər.

Romanın müəllifi isə həmin dövrdə Ellis Bell kişi təxəllüsü ilə yazırdı. Emili bacıları Şarlotta və Enn Bronte ilə birlikdə qadın yazıçıların əsərlərinin ciddi qəbul edilmədiyi bir mühitdə öz ədəbi mövcudluğunu təsdiqləməyə çalışırdı.

"Uğultulu təpələr" yalnız bir sevgi hekayəsi deyil. Hitkliff və Ketrin obrazları vasitəsilə insanın daxilindəki ehtiras, qisas, mənəvi dağıntı, sosial fərqlər və qarşısıalınmaz bağlılıq kimi mövzular araşdırılır. Əsərin hadisələri, obrazların psixoloji dərinliyi və çoxqatlı süjet quruluşu onu ingilis ədəbiyyatının ən fərqli romanlarından birinə çevirib.

Lakin Emili Bronte bu romanından sonra ikinci əsər yaza bilmədi. O, 1848-ci ildə, cəmi 30 yaşında vərəmdən vəfat etdi.

Əslində, Emili yalnız romançı deyildi. O, şeirlər də yazırdı və bacıları ilə birlikdə uşaqlıqdan yaratdıqları xəyali dünyalar üzərində işləyirdi. Buna görə də onun yaradıcılığını yalnız bir kitabla məhdudlaşdırmaq düzgün olmazdı. Bununla belə, "Uğultulu təpələr" onun yeganə romanı olaraq qaldı.

Anna Syuell: Bir atın dilindən dünyaya ünvanlanan son söz

Bir kitabın müəllifinə dünya şöhrəti qazandırması üçün mütləq böyük siyasi hadisələrdən, tarixi müharibələrdən və ya mürəkkəb fəlsəfi problemlərdən bəhs etməsi vacib deyil. Bəzən bir heyvanın həyat hekayəsi də milyonlarla insanın düşüncəsinə təsir edə bilər.

İngilis yazıçısı Anna Syuellin 1877-ci ildə nəşr olunan "Qara gözəllik" romanı bunun ən yaxşı nümunəsidir. Əsər Qara Gözəllik adlı atın dilindən nəql edilir. Oxucu onun uşaqlıq illərindən başlayaraq müxtəlif sahiblərin yanında keçirdiyi həyatını, qarşılaşdığı çətinlikləri, mərhəməti və qəddarlığı izləyir. Lakin bu kitabı sadəcə bir atın macəraları haqqında hekayə hesab etmək olmaz. Anna Syuell əsərində XIX əsr İngiltərəsində işlədilən atların ağır vəziyyətini, insan qəddarlığını və heyvanlara qarşı məsuliyyətsiz münasibəti göstərirdi.

Müəllifin şəxsi həyatı da bu mövzu ilə sıx bağlı idi. Yeniyetməlik dövründə aldığı zədə və səhhətindəki problemlər onun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. O, uzun müddət at arabasından istifadə etməli olmuş, bunun nəticəsində işçi atların həyatını yaxından müşahidə etmişdi.

Syuell romanı üzərində ömrünün son illərində işləməyə başlayıb. Sağlamlıq vəziyyəti yazı prosesini çətinləşdirirdi. Bəzi məlumatlara görə, müəllif mətnin bir hissəsini özü yazmaqda çətinlik çəkdiyindən anası onun dediklərini kağıza köçürürdü.

"Qara gözəllik" 1877-ci ildə nəşr olundu və böyük uğur qazandı. Əsər heyvanlara qarşı münasibətin dəyişməsinə təsir göstərən mühüm ədəbi nümunələrdən biri kimi qəbul edildi.Anna Syuell isə romanın nəşrindən cəmi bir il sonra, 1878-ci ildə vəfat etdi. Beləliklə, "Qara gözəllik" onun yeganə kitabı oldu.

Selincer: oxuculardan gizlənən müəllif

Bir kitabın uğurundan sonra susmaqla yazmağı dayandırmaq eyni şey deyil. Bu fərqi ən aydın göstərən yazıçılardan biri amerikalı Cerom Devid Selincerdir.

1951-ci ildə nəşr olunan "Çovdarlıqda uçurumdan qoruyan" romanı Selinceri dünya şöhrətinə qovuşdurdu. Yeniyetmə Holden Kolfildin dilindən təqdim edilən əsər gənclərin yadlaşması, saxtakarlığa etirazı, böyüklər dünyasına inamsızlığı və daxili tənhalığı haqqında mühüm ədəbi mətnə çevrildi.

Romanın uğuru müəllifin həyatını da dəyişdirdi. Selincer mətbuatın və oxucuların diqqətindən getdikcə daha çox uzaqlaşmağa başladı. O, Nyu-Hempşir ştatının Kornish bölgəsində məskunlaşdı, şəxsi həyatını qorumağa çalışdı və müsahibələrdən imtina etdi.

Lakin Selincerin yazmağı dayandırdığını söyləmək doğru olmazdı. O, ömrünün sonuna qədər yazmağa davam etdiyi, lakin yeni əsərlərini nəşr etdirmədiyi barədə məlumatlarla tanınır.

Selincerin digər çap olunmuş əsərləri də var. "Doqquz hekayə", "Franni və Zooey", "Dülgər, damı qaldırın", "Seymur: Giriş" kimi kitabları onun yalnız bir roman müəllifi olmadığını göstərir. Ancaq bu əsərlərin heç biri "Çovdarlıqda uçurumdan qoruyan" romanının yaratdığı şöhrətin miqyasına çata bilmədi.

lll

Bu nümunələr bir sualı da gündəmə gətirir: yazıçı üçün uğurlu ilk əsər sonrakı yaradıcılığın başlanğıcıdır, yoxsa bəzən onun ən böyük maneəsinə çevrilir?

Ədəbi tarix göstərir ki, oxucu bir əsəri sevdikdən sonra onun müəllifindən dəfələrlə eyni gücü, eyni təsiri və eyni möcüzəni gözləyir. Halbuki yaradıcılıq təkrar istehsal deyil. Bir dəfə yaranmış bədii dünya ikinci dəfə eyni şəkildə qurula bilməz. Yazıçı da öz əvvəlki uğurunun əsirinə çevrilmək istəməyə bilər.

Bəlkə də buna görə bəzi müəlliflər susmağa üstünlük verirlər. Onlar üçün yaradıcılıq çoxsaylı kitabların sayından ibarət deyil. Bəzən bir roman insanın bütün həyat təcrübəsini, müşahidələrini, arzularını və daxili dünyasını ifadə etməyə kifayət edir.

Ədəbiyyat tarixində minlərlə kitab yazıb unudulan müəlliflər də var, bir əsərlə əbədiləşənlər də. Zaman onların arasında qərar verərkən kitabların sayını deyil, yaratdıqları təsirin gücünü əsas götürür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью