Bir mahnıda Hüseyn Cavid, bir səhnədə Kor ərəbin mahnısı … REPORTAJ

28.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən teatr pərdəsi bağlanır, işıqlar sönür, tamaşaçılar zalı tərk edir. Amma səhnədə yaşananlar insanın içində davam edir. Bakı səhnəsində Naxçıvan Dövlət Milli Dram Teatrının təqdim etdiyi “Ana” tamaşasından qalan hiss də məhz belə idi. Xüsusilə bir məqam: “Kor ərəbin mahnısı”nın səsləndiyi an…

Teatrın qəribə bir sehri var. Orada zaman bir qədər başqa cür axır. Gündəlik həyatın səs-küyü qapının o üzündə qalır, insan isə bir neçə saatlıq öz dünyasından ayrılıb başqasının taleyinə şahidlik edir. Bəzən səhnədə deyilən bir cümlə, bir baxış, bir musiqi insanın yaddaşında uzun müddət yaşamağa başlayır.

Bu dəfə mən də həmin sehrin içində idim.

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakıya qastrol səfəri adi mədəniyyət tədbirindən daha artıq məna daşıyırdı. Çünki söhbət təkcə bir teatr kollektivinin başqa şəhərdə çıxış etməsindən getmirdi. Söhbət Naxçıvanın sənət yaddaşından, köklü teatr ənənəsindən, bir də bu torpağın yetişdirdiyi böyük ədib Hüseyn Cavidin sözünün yenidən səhnədə yaşamasından gedirdi.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu dəfə Naxçıvanın nəfəsi duyulurdu.

Gecənin başlanğıcında Hüseyn Cavidin Naxçıvandakı Ev Muzeyinin hazırladığı virtual sərgi təqdim olundu. Ekranda böyük ədibin həyat və yaradıcılıq yolu canlanırdı. Bu təqdimatın özündə də rəmzi bir məna vardı: əvvəlcə Cavidin yaşadığı dünyaya qayıtdıq, sonra onun yaratdığı dünyanın qapısından keçdik.

Hüseyn Cavid bədii sözün elə bir ustadır ki, onun əsərlərinə yalnız yazıldığı dövrün gözü ilə baxmaq mümkün deyil. Onun insanı, vicdanı, fədakarlığı və mənəvi məsuliyyəti düşündürən sözləri bu gün də öz ünvanını tapır. Zaman dəyişir, səhnələr dəyişir, tamaşaçılar dəyişir, amma insanın daxilindəki suallar qalır.

Ardınca səhnədə “Ana” başladı.

Böyük ədibin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Leyla Yaqubova idi. Musiqi rəhbəri Hüseyn Nağıyev bu səhnə işinin musiqi həllinə rəhbərlik edirdi.

Səhnədə Xalq artisti Yasəmən Ramazanova ilə gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev, Əlizamin Abbasov, Ələsgər Quliyev, İsmayıl Mirzəcanov və Seyfəddin Məmmədli çıxış edirdilər.

Ancaq bu axşamı mənim üçün yaddaşda xüsusi bir yerə çevirən məqam musiqi ilə bağlı oldu.

Fikrət Əmirovun “Kor ərəbin mahnısı” səsləndi.

Bəzi melodiyalar var, onları dinləmək üçün sadəcə qulaq kifayət etmir. Onları duymaq, içindən keçirmək lazımdır. “Kor ərəbin mahnısı” da belə əsərlərdəndir. Bu musiqinin özündə bir nisgil, bir tənhalıq, bir də sözlə ifadəsi çətin olan dərinlik var. Sanki insanın çoxdan unutduğunu düşündüyü hansısa hissə toxunur, onu yenidən oyadır.

Mahnının ifaçı tərəfindən səhnədə səsləndirilməsi teatr axşamına başqa bir rəng qatdı. Hüseyn Nağıyevin rəhbərliyi ilə musiqinin üç fərqli, müasir versiyada hazırlanması da klassik irsin yeni təqdimatına imkan yaradırdı.

Həmin an düşünürsən: sənət niyə yaşayır?

Çünki əsl sənət keçmişdə qalmır. O, hər dəfə yeni bir insanın qəlbində yenidən doğulur. Fikrət Əmirovun musiqisi Hüseyn Cavidin dünyası ilə qovuşanda səhnə sadəcə tamaşanın nümayiş olunduğu məkan olmaqdan çıxır. O, yaddaşın, duyğunun və düşüncənin ünvanına çevrilir.

Məncə, teatrın ən böyük uğuru da elə budur: tamaşaçını zalda saxlamaq deyil, onu özü ilə aparmaq.

Tamaşa başa çatandan sonra da insanın daxilində nələrsə davam edirsə, deməli, səhnədə deyilən söz öz ünvanına çatıb. Musiqi sonuncu dəfə səslənib dayanır, aktyorlar səhnədən çəkilir, işıqlar dəyişir. Amma bir melodiyanın yaratdığı hissi söndürmək olmur.

Naxçıvan teatrının Bakı səfəri də məhz belə bir mədəni görüş kimi yadda qaldı.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov açılış nitqində Naxçıvan teatrının zəngin ənənələrini və milli teatr sənətindəki mövqeyini xüsusi vurğuladı. Əməkdaşlıq Memorandumu çərçivəsində reallaşan bu ilk qastrolun sonunda hər iki teatrın rəhbərliyi gələcək birgə layihələrə dair xoş niyyətlərini ifadə etdi, xatirə hədiyyələri təqdim olundu.

Əslində, teatrlar arasında qurulan körpülərin ən möhkəmi sənət vasitəsilə qurulandır. Çünki səhnənin dili sərhəd tanımır. Naxçıvanda yetişən sənət Bakıda öz tamaşaçısını tapırsa, bu, təkcə qastrolun uğuru deyil, ümumi mədəni yaddaşımızın zənginliyidir.

Bu axşam mənə bir daha xatırlatdı ki, klassik irs yalnız kitab rəflərində, muzey divarlarında və yubiley tədbirlərinin proqramlarında yaşamamalıdır. O, səhnəyə çıxmalı, səslənməli, mübahisə yaratmalı, düşündürməli, insanın qəlbinə toxunmalıdır.

Hüseyn Cavidin sözü də, Fikrət Əmirovun musiqisi də bunu bacarır.

Və bəlkə də həmin gecənin ən gözəl tərəfi elə buydu: biz Naxçıvan teatrının tamaşasına baxmaq üçün gəlmişdik, amma özümüzlə bir musiqi, bir ovqat, bir də uzun müddət unudulmayacaq sənət xatirəsi apardıq.

Bəzən bütöv bir teatr axşamını anlatmaq üçün yüzlərlə cümləyə ehtiyac yoxdur.

Bir səhnə, bir səs, bir mahnı kifayətdir.

Həmin gecə Bakıda “Kor ərəbin mahnısı” səsləndi. Və bir daha anladıq ki, sənət bitdiyi yerdə deyil, insanın içində davam etdiyi yerdə yaşayır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью