Bir məğlubiyyət 12 ili silə bilməz

28.08.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzən futbolda bir məğlubiyyətə baxıb bütöv bir mövsümün, hətta illərin qiymətini verməyə çalışırlar.
Amma "Qarabağ"ın "Tvente" ilə mübarizəsinə belə yanaşmaq doğru olmaz. Ağdam təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderland klubuna məğlub olaraq əsas mərhələyə yüksələ bilmədi. Ancaq bu nəticə "Qarabağ"ın illər ərzində Azərbaycan futbolu üçün gördüyü böyük işlərin üzərindən xətt çəkmir.
Əksinə, bəlkə də indi geriyə baxmaq və nələrə nail olunduğunu xatırlamaq zamanıdır.
"Qarabağ" Niderlandda "Tvente"ni 1:0 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab görüşündə isə 90 dəqiqə qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatdı. Əlavə vaxtda daha iki qol vuran "Tvente" mərhələni keçən tərəf oldu.
Təbii ki, belə məğlubiyyət xoş deyil. Xüsusilə ilk oyunda səfərdə qələbə qazandıqdan sonra əsas mərhələyə bu qədər yaxınlaşmışkən… Amma futbolun belə sərt üzü də var. Bəzən böyük üstünlük əldə etdiyin yerdən də geri qayıtmalı olursan.
Bu qarşılaşmada "Qarabağ"ın heyətindəki itkiləri də unutmaq olmaz. Zədə səbəbindən meydana çıxa bilməyən futbolçuların yoxluğu komandanın oyununa təsir etdi. Belə səviyyəli qarşılaşmalarda bir neçə əsas oyunçunun olmaması sadəcə say məsələsi deyil. Söhbət keyfiyyətdən, təcrübədən, oyunun gedişini dəyişə biləcək fərdi bacarıqlardan gedir.
Bununla yanaşı, bir məqamı da qeyd etmək lazımdır: "Qarabağ" yayda heyətini ciddi şəkildə yenilədi. Uzun illər komandanın əsasını təşkil edən bir sıra aparıcı futbolçularla yollar ayrıldı. Yeni gələnlərin isə Qurban Qurbanovun futbol fəlsəfəsinə və kollektivin tələblərinə tam uyğunlaşması üçün zaman lazımdır.
"Qarabağ" kimi illərdir yüksək standartlara öyrəşdiyimiz komandanın yeni qurulan heyətdən dərhal əvvəlki səviyyəni tələb etməsi ədalətli olmaz. Amma eyni zamanda klubun qarşıdakı mövsümü planlaşdırarkən bu yenilənmə prosesini çox diqqətlə aparması vacibdir. Çünki "Qarabağ" artıq yalnız bir klub deyil, Azərbaycan futbolunun Avropadakı əsas simalarından biridir.
Və bunu unutmaq olmaz: 12 mövsüm!
"Qarabağ" ardıcıl 12 mövsüm avrokubokların qrup və ya əsas mərhələsində mübarizə aparıb. Azərbaycan futbolunda bu, sadəcə statistika deyil. Bu, illərlə davam edən sabitliyin, düzgün idarəetmənin və Avropa səviyyəsində formalaşmış futbol mədəniyyətinin nəticəsidir.
Bu illər ərzində "Qarabağ" Azərbaycan futbolsevərlərinə saysız-hesabsız Avropa gecələri yaşadıb. Böyük klublarla qarşılaşıb, səfərlərdə nəticələr qazanıb, ölkəmizin adını qitənin ən mötəbər turnirlərində dəfələrlə səsləndirib.
Ona görə bir pley-off məğlubiyyətinə görə bu böyük yolun dəyərini azaltmaq olmaz.
Əksinə, indi yeni səhifə açılır.
"Tvente" ilə mübarizə başa çatdı. Qarşıda isə növbəti mövsüm var. "Qarabağ" bu məğlubiyyətdən düzgün nəticələr çıxarmalı, heyətin yenilənməsi prosesini tamamlamalı və yenidən Avropada sözünü deməyə hazırlaşmalıdır.
Çünki bu klubun yeri Avropadır.
Bir mövsüm əvvəlki uğurların kölgəsində yaşamaq yox, yenilərini yaratmaq lazımdır.
"Qarabağ"ın qarşısında yenə uzun yol var. Və inanmaq üçün kifayət qədər səbəbimiz də var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью