Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Astronomlar yaşı bir milyon ildən az olan qaz nəhəngi Elias 2-24 b planetinin mövcudluğunu təsdiqləyiblər.
Bakıvaxtı.az xəbər verir ki, tədqiqat "The Astrophysical Journal Letters" jurnalında dərc olunub.
Bu, indiyədək Kainatda məlum olan ən gənc planet hesab olunur.
Dieqo Portales Universitetinin (Çili) alimləri tərəfindən aparılan araşdırmaya əsasən, Yupiterə yaxın kütləyə malik planet hələ də toz və qazdan ibarət ana diskin daxilində, yəni formalaşdığı sistemdə hərəkət edir.
Yer kürəsindən təxminən 450 işıq ili uzaqlıqda yerləşən planetin kəşfi planetlərin formalaşması ilə bağlı mövcud nəzəriyyələrə yeni suallar yaradır.
Astronomlar ulduzun parlaq işığını bloklamaq üçün koronoqrafdan istifadə edərək onun ətrafındakı tozlu diskdə yerləşən boşluğu araşdırıblar. Tədqiqatın rəhbəri Andrea Bernardinin sözlərinə görə, planetlər formalaşma prosesində ətraflarındakı maddəni öz orbitlərindən kənarlaşdıraraq belə boşluqlar yarada bilirlər.
Elias 2-24 ulduzunun ətrafındakı diskdə sözügedən boşluq təxminən on il əvvəl Çilidə yerləşən ALMA teleskopu tərəfindən aşkar edilmişdi. Daha sonra Avropa Cənub Rəsədxanasının müşahidələri zamanı boşluğun daxilində zəif işıq nöqtəsi qeydə alınıb.
Lakin alimlər həmin vaxt obyektin planet olduğunu qəti şəkildə təsdiqləyə bilməyiblər. Bunun əsas səbəblərindən biri mövcud modellərə görə Yupiter ölçülü planetlərin formalaşmasının beş milyon ildən çox vaxt tələb etməsi idi. Bundan başqa, obyekt ulduzundan Yer kürəsinin Günəşdən 55 dəfə uzaq olduğu məsafəyə bərabər məsafədə yerləşirdi.
Mübahisəyə aydınlıq gətirmək üçün Bernardinin rəhbərlik etdiyi komanda 2018 və 2020-ci illərdə aparılmış müşahidələrin arxiv görüntülərini müqayisə edib və obyektin hərəkətini izləyib. Nəticədə onun nə optik linza effekti, nə də arxa plandakı ulduz olmadığı müəyyənləşdirilib.
Astronomlar gələcək müşahidələr üçün NASA-nın Nensi Qreys Roman Kosmik Teleskopuna da ümid bəsləyirlər. Güclü koronoqrafla təchiz olunan teleskopun gənc ulduz sistemlərindəki planetləri daha ətraflı araşdırmağa imkan verəcəyi gözlənilir.
Bu kəşfin planetlərin necə və nə qədər sürətlə formalaşdığına dair elmi təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola biləcəyi bildirilir.
Murad İsmayıl