Bir neçə aydır bağlı olan Badamdar yolu nə vaxt açılacaq?

20.07.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə aydır Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır.

Buna səbəb kimi isə Badamdar yamacında sürüşmə təhlükəsi yarandığı göstərilir. Hətta yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.

Xatırladaq ki, bir neçə ay əvvəl məhz təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları hadisə yerinə cəlb olunublar.

Beləliklə, aprel ayından etibarən Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti tam  məhdudlaşdırılıb, yol bağlanıb.  

Qeyd edək ki, adıçəkilən yolda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.

Bu da bir faktdır ki, həmin ərazidə yolun bağlı olması nəqliyyatın hərəkəti üçün problemlər yaradır. Artıq baş verən hadisədən uzun müddət keçsə də, yol hələ də bağlıdır. 

Maraqlıdır, yolun hələ də bağlı olmasına səbəb nədir və nə vaxt açılacaq?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən “Cebheinfo.az”-a bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb:

“Hazırda araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri görülür. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью