Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Hərəsi bir xarici ölkədə oturub Azərbaycanda “min budağı silkələməyə” iddialı onların səsi dünəndən bəri çıxmır.
Əvvəlki “asıb-kəsən” tonları elə aşağı düşüb ki, toparlanmalar xeyli zaman aparacaq. Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlıya dediyi “Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir” sözlərindən hərəsi özünə bir pay götürüb.
Əslində bir nəfərə, indiki halda Tural Sadıqlıya xitabən deyilən sözlərin təkcə ona yox, onunla eyni “bulaqdan su içənlər”in hamısına ünvanlandığı bəlli idi. Məhz buna görə də susublar, Tural Sadıqlı dövlət ərkanı qarşısında susduğu kimi...
Vətənə xəyanət ittihamların ən ağırıdır. Xəyanətin bədəli olmur ki, onu hansısa formada ödəyəsən. Hacıyev də bunu dünyanın gözü qarşısında Tural Sadıqlının da, onu Azərbaycana qarşı boş hay-küyə həvəsləndirənlərin də üzünə dedi.
Yəqin ki, özünü “Azad söz” kanalının rəhbəri adlandıran T.Sadıqlı həqiqi mənada azad sözün çəkisinin necə olduğunu bu ayaqüstü görüşdə anladı. İndiyə qədər ona bəlkə də sözü belə açıq, birbaşa, nöqtə atışı ilə, eyni zamanda dövlət ərkanından kənara çıxmadan deyən olmamışdı.
Hökuməti, hakimiyyəti tənqid etmək olar. Pafoslu şəkildə “hər şey gözəldir” demədən, ədalətli tənqid cəmiyyətin inkişafı deməkdir. Amma milli məsələdə keçilməsi xəyanət olan qırmızı cizgiləri keçmək və sanki belə də olmalıdır kimi yaşamaq...
Bax, bu xəyanətdir! O “dostlar” o məqamda xəyanət yolunu tutdular ki, burada xalq torpaqlarını azad edirdi, ərazi bütövlüyü uğrunda şəhid verirdi. Bunlar unudula bilərmi? Təbii ki, o addımların adı xəyanətdir və dünən üzlərinə deyildi!
Hikmət Hacıyev dövlətin vətəndaşlarını dinləmək bacarığını nümayiş etdirdi, qəzəbdən, pafosdan, narahatlıqdan uzaq, sadə, səmimi, dinləmək və dinlətmək bacarığını ortaya qoydu. Tural Sadıqlının timsalında isə vətənə, dövlətə, xalqa qarşı xəyanət yolunu tutanların, bununla fəxr edib qürrələnənlərin, bu “xidməti” müqabilində aldığı hər qəpik-quruşun haqqını verənlərin susqunluğunu izlədik.
Xəyanətkarın susqunluğu etdiyi günahın böyüklüyünü anlamışlığından deyil, deyiləcək sözünün olmamasındandır. Bu, planşet arxasında dəlilsiz-sübutsuz, boş söz yığını ilə “kükrəmək”, insanları öz təbirincə etiraza çağırmaq deyil.
Üzünə söylənən “xəyanətkar” ittihamına cavab verəcək sözü olmayıb, dodaqaltı təbəssümlə razılaşmaqdan başqa əlacı qalmayan Tural Sadıqlı ona yaradılan “azad söz” söyləmək imkanından özü özünü məhrum etdi.
Beləliklə, sözünün heç də azad olmadığını isbatlamış oldu, üstəlik bunun isbatını başqasından tələb etmədi, elə susqunluğu ilə özü təsdiqlədi, “azad sözü”nün deyilməyən sonuncu sözə çevrildiyini anbaan göstərdi.
Elə bir vəziyyət yarandı ki, “Susmaq razılıq əlamətidir” kəlamı belə onu təsvir etməkdə aciz qaldı. Tural Sadıqlı da, onun kimi vətənə, dövlətə xəyanət yolunu tutan digərləri də üzlərinə bir metrdən çırpılan həqiqətin altında əvvəllər heç vaxt olmamış kimi əzildilər.
Bundan sonra yəqin ki, həm də pul verənlərinin tənbehi qarşısında əzilməli olacaqlar. Budəfəki əzilmək o birindən də betər olacaq. Çünki ortada xəyanət müqabilində alınan vəsaitdən məhrum edilmək qorxusu var. Buna isə Tural Sadıqlı qarışıq heç bir xəyanətkar razılaşmaz.
Bu görüş həm də Tural və onun kimilərinin dili ilə Azərbaycan dövlətinə hədyan yağdıranlara verilən ayaqüstü dərs oldu. Bir neçə dəqiqəlik ayaüstü söhbətlə bitən “mat”...
Süleyman
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin