Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
“Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər”. Mir Cəlal Paşayev
Böyük şəxsiyyətlərin bioqrafiyaları bütün dövrlər üçün örnəkdir. Onların təhsili, yaşadıqları mühit, oxuduqları kitablar, qurduqları kitabxanalar, yaradıcılıqları və yetişdirdikləri övladların varislik prinsipi maraqla oxunulur.
Böyük şəxsiyyətlər mənsub olduqları xalqın intellektual sərvəti olmaqla yanaşı, həm də Bəşəriyyət üçün qənimətdirlər. Söhbət övladdan gedirsə, məsələn, böyük fizik, Nobel mükafatı laureatı Nils Borun oğlu Oqe Bor atasının yolunu getdi və Nobel mükafatına layiq görüldü. Yaxud XX əsrin nəhəng yazıçısı Tomas Mannın oğlu Klaus Mann tanınmış yazıçı kimi yetişə bilmişdir. Bizdə də belə nümunələr çoxdur. Yazıçın oğlu yazıçı, şairin oğlu şair olmalıdır. Yaxud fizik və riyaziyyatçıların əksəriyyətinin övladları atalarının yolunu getməyiblər.
Azərbaycanın çağdaş tarixində düşündürücü bir nümunə üzərində dayanmaq istəyirəm. “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Yaşıdlar”, “Dirilən adam”, “Açıq məktub” kimi fundamental romanların və xeyli sayda şedevr hekayənin müəllifi olan Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas-professor Mir Cəlal Paşayevin övladları Arif Paşayev və Hafiz Paşayev təbiət elmlərini seçdilər. Mir Cəlal görkəmli ALİM idi. Mir Cəlal yazıçı olmasaydı belə, biz ondan elmdə silinməz iz buraxan görkəmli bir alim kimi söz açardıq.
Dünya siyasətinin arxitektoru, Sülh üzrə Nobel mükafatı laureatı Henri Kissincer əsərlərinin birində polimat (yunan dilində “çoxelmlilik”) anlayışına geniş yer verir. Polimat-müxtəlif elm sahələri: ədəbiyyat, incəsənət, mədəniyyət sahələrində dərin idraka malik olan şəxsdir. Onları çox vaxt universal və intellektual insan da adlandırırlar. Görsənir ki, böyük yazıçımız Mir Cəlalın polimat olması övladlarında təbiət elmlərinə həvəs oyadıb. Mən Mir Cəlalın universal kitabxasının olduğunu təsəvvür edirəm. Böyük şəxsiyyətlərin bioqrafiyalarından bilirik ki, onların zəngin kitabxanalarında, alim çevrələrində, yaratdıqları mədəni-intellektual mühitdə aparılan elmi söhbətlərin sayəsində övladlar özlərinə peşə seçməkdə sərbəst olurlar. Nəticə olaraq Arif Paşayev və Hafiz Paşayev fizika elmini seçdilər. Mir Cəlalın övladları ataları kimi gənc yaşlarından alimlik dərəcələri aldılar - elmin akademik zirvəsinə yüksəldilər.
Mir Cəlal Paşayev ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmayıb. O, uzun müddət BDU-nun Filologiya fakültəsində çalışıb, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub, məhz burada özünün elmi məktəbini yaradıb.
YARADIB...
Böyük yazıçı-alimin oğlu akademik Arif Paşayev öz ixtisasına uyğun Azərbaycan üçün çox vacib bir ali məktəb olan Milli Aviasiya Akademiyasını yaratdı. Akademiya nəhəng kampusu, kitabxanası, təhsil və elm mühiti ilə seçilir. Və elitar idarəetmə elə görünən ulduz kimi parlayır. Bu Akademiyada çalışdığım müddətdə azad akademik mühitlə rastlaşdım. Dərsliyi özüm seçdim. Tələbələrə Bertran Rasselin “Qərb fəlsəfəsinin tarixi” kitabından tədris apardım. Akademiyada təbiət, texniki və humanitar elmlərin yüksək səviyyədə tədrisi ölkə üçün insan kapitalının inkişafına əsaslı töhfələr verir.
Akademiyanın hər bir müəllimi bu nəhəng şəxsiyyətin qayğısını üzərində hiss edir. Belə olan halda müəllim də üzərinə düşən məsuliyyəti anlayır.
Arif müəllimin rektor və böyük azərbaycanlı kimi özünəməxsus kübar xarakteri hamımız üçün örnəkdir.
92 yaşınız mübarək, dəyərli Arif müəllim!