Bir ömrün böyük amalı

08.09.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elə şəxsiyyətlər var ki, ömürləri təqvimlə ölçülmür, onlar yaşadıqları illərdən daha çox, cəmiyyətə bəxş etdikləri dəyərlərlə, verdikləri faydalarla əbədiyyət ömrü qazanır, zamanın hüdudlarını aşaraq tarixdə yaşayırlar. Azərbaycanın görkəmli elm və dövlət xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir.

2027-ci ilin yanvarında bu unudulmaz şəxsiyyətin anadan olmasının 130 ili tamamlanır. Onun xalqımız qarşısındakı xidmətlərini nəzərə alaraq 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalaması belə böyük şəxsiyyətlərimizin zəngin irsinə verilən yüksək qiymətin ifadəsidir.

Əziz Əliyevin ömür yolu Azərbaycan tarixinin ən mürəkkəb, ağır, eyni zamanda böyük quruculuq enerjisi ilə səciyyələnən dövrlərindən keçib. O, müharibələri, köçkünlüyü, siyasi repressiyaları, ağır məhrumiyyətləri görüb. Lakin bütün bu sınaqlar yolunu dəyişməyib, hara gedibsə, özü ilə gələcəyə inamı, insanlara qayğını, qurub-yaratmaq əzmini aparıb. Onun həyatını bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu bəlkə də belə demək olar: Əziz Əliyev bütün ömrünü insanlara və insanlığa xidmətə həsr etmişdi, o, bunu vəzifə yox, həyatın mənası bilirdi.

Tale sınaqları

Əziz Əliyev 1897-ci il yanvarın 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində dünyaya göz açıb. İlk təhsilini doğma kəndində, daha sonra bibisi Göyçək xanımın ailəsi ilə birgə yaşadığı Çitada, ardınca İrəvan kişi gimnaziyasında alıb. 1917-ci ildə gimnaziyanı əla qiymətlərlə bitirib. Uşaqlıqdan həkim olmağı arzulayırdı. Bu gün bizə bəlkə də sadə görünən bu arzunun gerçəkləşməsi həmin dövr üçün o qədər də asan deyildi. Gimnaziyadan yenicə məzun olmuş gənc öz arzusu uğrunda mübarizə aparmalı idi. Bunun üçün o, zəmanəsinin böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən maddi yardım istəyir və Tağıyevin dəstəyi ilə Sankt-Peterburqa gedərək həmin dövrdə dünyanın ən məşhur tibb təhsili mərkəzlərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Beləcə, bir azərbaycanlı gəncin böyük elmə doğru səyahəti başlanır. Əziz Əliyev akademiyada səylə oxuyur, praktik tibbi bacarıqlara yiyələnməkdən ötrü həkim briqadalarının tərkibində də işirak edirdi. Təəssüflər olsun ki, həyat onun qarşısına gözlənilməz maneələr çıxardı. 1918-ci ildə tətil zamanı doğma yurda qayıdan Əziz Əliyev erməni daşnaklarının yerli əhaliyə qarşı törətdiyi faciələrdən sarsıldı. Onun ailəsi də bu ağrıları yaşamışdı. Didərginlik, məcburi köçkünlük, müharibə gənc tələbənin həyatını alt-üst edir. O, təhsilini yarımçıq qoyaraq ailəsi ilə birlikdə Naxçıvana, daha sonra Cənubi Azərbaycana köçməyə məcbur olur. 

Həkimlik təhsili yarımçıq qalsa da, yenicə başlanmış həkimlik missiyası davam edirdi. Əziz Əliyev ilkin tibbi biliklərindən istifadə edərək orta tibb işçisi və əczaçı köməkçisi kimi çalışır, didərgin düşmüş soydaşlarına tibbi yardım göstərirdi. 1923-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Əziz Əliyevin həyatında yeni mərhələ başlanır. O, əvvəlcə Xalq Komissarları Şurasında müxtəlif vəzifələrdə işləyərək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Əsas arzusu isə bir an belə olsun dəyişməmişdi: ali tibb təhsilini başa vurmağa can atırdı. Elə bu arzu ilə də Əziz Əliyev yenidən imtahan verərək həmin vaxt yenicə açılmış Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur və 1927-ci ildə ali tibb təhsilini uğurla başa çatdırır.

Mahir təşkilatçı

Əziz Əliyevin fenomenal bir şəxsiyyət kimi formalaşdığını görən Bakı Dövlət Universitetinin rəhbərliyi Tibb fakültəsini bitirdikdən sonra onun Daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar verir. 1928-1930-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri və Klinik İnstitutun direktoru işləyir. 1929-cu ildə namizədlik dissertasiyasını müdafiə edir. 1929-cu ilin dekabrında Xalq Səhiyyə Komissarının müavini təyin edilir. 1932-1934-cü illərdə Tibb İnstitutunun rektoru, sonra isə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifələrində işləyir. 1935-1936-cı illərdə yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsində çalışır. 1937-ci ilin yanvar-iyun aylarında eyni zamanda Azərbaycan Dövlət Universitetinin rektoru təyin olunur. 1939-su ildə doktorluq işini müdafiə edir. 1938-1939-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsini yerinə yetirir.

Əziz Əliyevin fəaliyyətinin mühüm bir dövrü Azərbaycan Dövlət Tibb Universitetinə rəhbərlik etdiyi illərdir. Bakı Dövlət Universitetinin Tibb fakültəsi öz fəaliyyətini dayandırdıqdan sonra 1930-cu il may ayının 9-da bu fakültənin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Həmin ilin iyun ayının 19-da isə ADTİ-də ilk tələbə qəbulu aparılır. O zaman ADTİ-nin təşkili çox mürəkkəb bir proses olduğundan artıq mahir təşkilatçı kimi tanınan Əziz Əliyev də bu mühüm prosesin icrasına cəlb edilir. 1932-ci ildə isə Azərbaycan Tibb İnstitutunun direktoru vəzifəsi Əziz Əliyevə tapşırılır və o, 6 ilə yaxın bir müddətdə bu mühüm vəzifəni şərəflə yerinə yetirir. Bu vəzifədə onun qarşısında artıq başqa bir mənəvi öhdəlik - yalnız yaxşı həkim olmaq deyil, yaxşı həkimlərin yetişdiriləcəyi sistemi qurmaq vəzifəsi də vardı. 

Bakı Dövlət Universitetinin 1919-1930-cu illərdə fəaliyyət göstərmiş Tibb fakültəsində dərslər ancaq rus dilində aparılırdı və ona görə də Azərbaycanın ucqar rayonlarından gələn gənclərin Tibb fakültəsinə qəbul olunması müşkül məsələyə çevrilmişdi. Əziz Əliyev qarşısında duran vəzifənin miqyasını yaxşı anlayırdı. Azərbaycanın milli tibb kadrlarına ehtiyacı vardı. Amma milli həkim yetişdirməkdən ötrü əvvəlcə milli müəllim yetişdirmək, ana dilində dərslik yaratmaq lazım idi. Bunu yaxşı görən Əziz Əliyev azərbaycanlı alimləri bir araya gətirdi, onları ana dilində tibbi dərsliklər yazmağa təşviq etdi. Qısa müddətdə Azərbaycan dilində 55 adda tibbi dərslik nəşr olundu. Anatomiya, mikrobiologiya, patoloji anatomiya, vərəm, göz xəstəlikləri, travmatologiya, bioloji kimya və digər sahələri əhatə edən bu kitablar Azərbaycanın tibb təhsili tarixində mühüm yer tutdu. Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə-profilaktika və Sanitariya-gigiyena fakültələri fəaliyyətə başladı. Həmin fakültələrdə dərslər rus dili ilə yanaşı, Azərbaycan dilində də aparılırmağa başladı. 

Azərbaycan Tibb Universitetinin inkişafı və təşəkkülü bir neçə mərhələyə bölünür. Bu inkişafın ilk mərhələsi 1932-1938-ci illəri əhatə edən Əziz Əliyev mərhələsidir. Burada Əziz Əliyevin böyüklüyünün miqyası görünür. O, sadəcə, bu günün problemini həll etməklə məşğul olmur, gələcək üçün möhkəm təməllər qururdu. Çünki ana dilində keyfiyyətli dərsliklərin hazırlanması milli elmi düşüncənin formalaşması, gələcək həkimin tibb elmini öz dilində öyrənməsi, öz dilində düşünməsi və öz xalqına öz dilində xidmət etməsidir.

Mühit yaradan ictimai xadim

O dövrün texniki imkanlarını təsəvvür etmək bu gün elə də asan deyil. Tibbi ədəbiyyatın çapı, kitabxananın yaradılması, elmi nəşrlərin təşkili böyük çətinliklər hesabına başa gəlirdi. Amma Əziz Əliyev bu çətinliklər qarşısında geri çəkilmirdi. Onun təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda tibbi kitabxananın əsası qoyuldu. Kitabxana yalnız yerli nəşrlərlə kifayətlənmir, SSRİ-də çap olunan yeni elmi ədəbiyyatı əldə edir, xarici ölkələrin elmi müəssisələri ilə kitab mübadiləsi aparırdı. 1934-cü ildə o, "Tibb" nəşriyyatının yaradılmasına nail oldu. Tibbi jurnalların, elmi nəşrlərin və institut qəzetinin çapına başlanıldı. Sonralar "Təbib" adı ilə fəaliyyətini davam etdirən qəzetin də əsası məhz onun təşəbbüsü ilə qoyuldu. Beləliklə, Əziz Əliyev bir institut daxilində bütöv bir elmi-mədəni mühit yaratmağa nail olmuşdu.

Əziz Əliyevin rəhbər obrazını yalnız kabinet, vəzifə və qərarlarla təsəvvür etmək düzgün olmazdı. O, tələbənin taleyi ilə maraqlanan rəhbər idi. 1933-cü ildə onun təşəbbüsü ilə "Tibb şəhərciyi"nin tikintisinə başlanıldı. Tələbələr üçün yataqxanalar, tədris korpusları yaradıldı. Ölkədə çörək qıtlığının hökm sürdüyü illərdə tələbələrin ağır vəziyyətini nəzərə alaraq tələbə yeməkxanası təşkil edildi, ehtiyacı olan və yaxşı oxuyan tələbələrə geyim və ayaqqabı almaq üçün rektorluq fondu yaradıldı. Bütün bunlarla Əziz Əliyev gəncləri başqa qayğılar haqqında düşünmədən ancaq oxumağa, öyrənməyə, özünüinkişa təşviq edir, arxalarında duran mənən güclü insanların olduğunu onlara göstərməyə çalışırdı. O, ən bacarıqlı tələbələrin Moskva və Sankt-Peterburqun məşhur tibb məktəblərinə göndərilməsini, onların təcrübə toplamasına şərait yaradılmasını, səfərləri zamanı maddi dəstək göstərilməsini də xoş bir ənənəyə çevirmişdi. 

Əziz Əliyev rəhbər vəzifələrdə çalışdığı vaxtlarda da elmi fəaliyyətini dayandırmamışdı. 1929-cu ildə namizədlik, daha sonra doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, Almaniyada elmi ezamiyyətdə olmuş, alimlik fəaliyyəti ilə də böyük faydalar vermişdi. O, həzm zamanı qanın xloridləri, malyariyanın müalicəsi, klinik analizlər və digər tibbi problemlərlə bağlı elmi əsərlər yazır, eksperimental nefritin öyrənilməsi üzərində çalışırdı. Əziz Əliyevin "Klinik analizlər" əsəri tələbələr və gənc həkimlər arasında geniş yayılaraq onların stolüstü kitablarından birinə çevrilmişdi. Onun Tibb İnstitutuna rəhbərliyi dövründə 11 doktorluq və çoxsaylı namizədlik dissertasiyaları müdafiə edilmişdi. Dörd il ərzində aspiranturada 30 tibb elmləri namizədi hazırlanmışdı, onların 19-u məhz milli kadr idi. Bu rəqəmlərin arxasında Azərbaycanın gələcək tibb elmi dayanırdı.

Əziz Əliyev səhiyyəyə çox geniş rakursdan baxmağı bacarırdı. Onun üçün səhiyyə yalnız xəstəni müalicə etməklə məhdudlaşmırdı. Xəstəliyin qarşısını almaq, tibbi xidmət şəbəkəsini qurmaq, insanları maarifləndirmək, ixtisaslı həkimlər yetişdirmək və səhiyyəni dövlət siyasətinin mühüm istiqamətinə çevirmək lazım idi. 1934-cü ildə o, Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışdı. 1936-1940-cı illərdə malyariya və traxomaya qarşı mübarizədə iştirak etdi. Xüsusi dispanserlər, şəhər və kəndlərdə göz xəstəxanaları yaradıldı və Əziz Əliyevin həyatında elə bir mərhələ gəldi ki, onun təşkilatçılıq qabiliyyəti dövlət idarəçiliyinin ən müxtəlif sahələrində lazım oldu.

Vicdanın diktəsi

Maraqlı faktlardan biri də budur ki, Əziz Əliyev 1934-cü ildə Bakıda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, qarşısına qoyulan vəzifələri qısa müddətdə uğurla yerinə yetirərək yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə qaytarılmışdı. 1936-1940-cı illərdə Əziz Əliyevin iştirakı ilə ölkədə malyariya və traxomaya qarşı mübarizəyə başlandı. Yüksək bacarıqla həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə tüğyan edən bu dəhşətli xəstəliklərin geniş miqyasda yayılmasının qarşısı alındı. 

O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edirdi. İkinci Dünya müharibəsinin ilk illərində isə Əziz Əliyev alay polkovniki rütbəsində siyasi rəhbər kimi o dövrdə SSRİ üçün çox mühüm əhəmiyyət kəsb edən Cənubi Azərbaycana göndərilmiş, digər Azərbaycan ziyalıları ilə birgə burada çox böyük işlər görmüşdür.

O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmış və bu vəzifələrdə də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdi. Bu gün də Dağıstanda və ətraf bölgələrdə Əziz Əliyevin adı böyük sevgi ilə xatırlanır. 

Görkəmli dövlət xadimi Moskvadakı İctimai Elmlər  Akademiyasında təhsilini artırdıqdan sonra 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MİK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru olmuş, Sabunçu xəstəxanasında işləmiş, 1956-cı ildən etibərən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində fəaliyyət göstərmişdir.

Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olmuşdur.

Görkəmli dövlət xadiminin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilmişdi. O, iki dəfə "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "I Dərəcəli Vətən Müharibəsi" ordeni, "Səhiyyə Əlaçısı" döş nişanı, bir çox medal, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik"  xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilmişdi. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR Əməkdar həkimi" fəxri adı verilir. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə, Dağıstanda bir sovxoz, Kaspiyskidə bir tibb məktəbi Əziz Əliyevin adını daşıyır.

Böyük nailiyyətlərinə rəğmən Əziz Əliyev həyatında çox çətin sınaqlar da yaşamış və bu sınaqların hər birini mərdliklə, ləyaqətlə geridə qoymuşdu. Onun 1937-ci il repressiyasından xilas ola bilməsi sanki bir möcüzə idi. Bədxahları Əziz Əliyevi sonralar - 50-ci illərin əvvəllərində də repressiya etdilər. O, işdən çıxarılıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin edildi, qısa müddət sonra isə bu vəzifədən də uzaqlaşdırıldı, elmlər doktoru, professor titullarına malik, ölkə və xalq qarşısında bu qədər xidmətləri olan təcrübəli bir dövlət xadimi Sabunçu xəstəxanasına adi həkim kimi  göndərildi və 3 il orada işləməli oldu. Amma haqq-ədalət tezliklə öz yerini tutdu, Stalinin ölümündən və Əziz Əliyev kimi layiqli ziyalıların, parlaq dövlət xadimlərinin qəsdinə durmuş Mircəfər Bağırov kimi bədxahların məqam sahibliyini itirməsindən sonra Əziz Əliyevə qarşı repressiyalar da dayandı, 1956-cı ildən ömrünün sonuna qədər o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdi.

Zəngin ömür yolundan da göründüyü kimi, həyatın dalğaları, zamanın burulğanlı axarı fərqli illərdə Əziz Əliyevi müxtəlif sahələrə, vəzifələrə, mühitlərə yönəldib. Amma bütün bu müxtəlifliyin içərisində Əziz Əliyevin dəyişməyən bir xüsusiyyəti vardı: harada olurdusa, orada dayanıqlı sistem qurmağa çalışır, mümkün olanların maksimumunu edərək insanlara faydalı olmağa can atırdı. Onu buna sövq edən hər zaman oyaq vicdanının diktəsi idi. Hətta yüksək vəzifələrdən kənarlaşdırıldıqdan sonra Sabunçu xəstəxanasında sıravi həkim kimi işlədiyi illərdə də o üzərinə düşən işi yenə də böyük vicdanla görürdü, həkim kimi ona pənah gətirmiş xəstələrə şəfa verməkdən mənəvi rahatlıq tapırdı. Onun üçün həkimlik vəzifələrin ən böyüyü, ən alisi idi. 

Azərbaycan ziyalısının klassik obrazı

Bəlkə də bu, Əziz Əliyev xarakterinin ən ibrətamiz məqamlardandır. Çünki bəzi insanlar vəzifəni itirəndə özlərini, onlara olan hörməti də itirirlər. Əziz Əliyevsə vəzifəni itirəndə də həkim olaraq qalmışdı, tanıyan insanlar yenə də ona böyük hörmətlə, rəğbətlə yanaşır, şəxsiyyətinə böyük dəyər verirdilər. Ona görə ki, bu dəyəri Əziz Əliyevə hər hansı vəzifələr, titullar yox, məhz şəxsiyyətinin gücü qazandırmışdı. Bu məziyyətləri ilə o Azərbaycan ziyalısının klassik obrazını yaşadanlardan idi. 

Əziz Əliyev zəmanəsinin Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və başqa belə görkəmli ziyalıları ilə dostluq edirdi, bu şəxsiyyətlər tez-tez Əziz müəllimin evində-ocağında qonaq olar, süfrə arxasında edilən ziyalı söhbətləri, intellektual müzakirələr saatlarla davam edər, mühit yaradardı. Əziz Əliyevin digər tanınmış ziyalılarla yaratdığı mənəvi mühitin gücünü onun övladlarının həyatında da görmək mümkündür.

Əziz müəllimin ömür-gün yoldaşı Leyla xanımla birgə böyüdüb-boya başa çatdırdığı övladlarından biri - Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan alim və həkim kimi öz adını Azərbaycan tarixində əbədiləşdirmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, ən yaxın silahdaşı kimi Zərifə xanım milli dövlətçilik tariximizdə də özünəməxsus rol oynamış, dövlətimiz  üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi qüdrətli bir Lideri böyüdüb yetirmişdir. 

Əziz Əliyevin oğlu Tamerlan Əliyev tanınmış terapevt, professor və elm xadimi kimi tibb elmində yüksək ad qazanmışdır. Digər övladı akademik Cəmil Əliyev tibb  elmi və səhiyyə təşkilatçılığı sahəsində son dərəcə böyük uğurlar qazanmışdır. Onun adını daşıyan nəvəsi, professor Əziz Əliyev İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışır, səhiyyəmizin inkişafına yüksək töhfələr verir. 

Əziz Əliyevin qız övladı, həkim-oftalmoloq Ləzifə Əliyeva da insanların böyük rəğbətini qazanmış, digər övladı Dilbər Əliyeva isə rabitəçi-mühəndis kimi fəaliyyət göstərərək peşəkar əməyinə görə "Əməkdar rabitəçi" fəxri adına layiq görülmüşdü.

Əziz Əliyevin qızı Gülarə Əliyeva da tanınmış musiqiçi, "Dan ulduzu" instrumental ansamblının yaradıcısı və rəhbəri, eləcə də musiqi nəzəriyyəçisi və pedaqoq kimi milli mədəniyyətimizə zəngin töhfələr vermişdir. 

Bu ocaqda yetişən övladların uğurları da göstərir ki, Əziz Əliyevin ailəsində elmə, sənətə, peşəyə, zəhmətə münasibət xoş bir həyat tərzinə çevrilmişdi. Bu baxımdan, onun qurduğu məktəb yalnız institut divarları ilə məhdudlaşmadan ailədə də davam edirdi.

Əziz Əliyev 1962-ci il iyulun 27-də, 65 yaşında vəfat etdi və Fəxri xiyabanda dəfn olundu. Amma bu böyük şəxsiyyətin adı aradan illər keçəndən sonra da tariximizdə, milli yaddaşımızda yaşayır. Əziz Əliyev kimi şəxsiyyətlərimizi xatırlamaq belə işıqlı insanların xalq üçün, cəmiyyət üçün gördükləri nəcib işlərin dəyərini vermək, bu işləri davam etdirmək məsuliyyətini də cəmiyyətdə yaşatmaqdır. Ən böyük vəzifə bu məsuliyyəti daşımağı bacarmaqdır. Əziz Əliyev bu ictimai məsuliyyəti daşıya bilirdi və elə buna görə də o, əbədiyaşarlıq qazanmış böyük şəxsiyyətlərimizdəndir.


Əhliman Əmiraslanov, akademik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью