“Bir ömrün dastanı”

03.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış şair-publisist Sahib Məmmədovun "Bir ömrün dastanı" adlı kitabının Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında təqdimat mərasimi olub. Toplantı Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə keçirilib.

Təqdimat mərasiminin moderatorları — Quba Mədəniyyət İdarəsinin direktoru Ramiz Ramazanov və ADPU Quba filialının lektoriya rəhbəri Nəhayət Şirinova əvvəlcə iştirakçılara müəllifin mənalı həyat və yaradıcılıq yolu barədə məlumat veriblər. Qeyd olunub ki, 6 bölümdən ibarət olan nəşrdə dəyərli ziyalınını sadə və müdrik obrazı yaradılıb.

Məlumat üçün bildirək ki, kitaba Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Məcnun Babayev ön söz yazıb. Nəşrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Fuad Məmmədovun uzun illər dostluq etdiyi Sahib Məmmədov barədə məqaləsi də yer alıb.

Toplantıda çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov uzun illər rayonda rəhbər vəzifələrdə çalışaraq əhalinin dərin hörmətini qazanan Sahib Məmmədovu 65 illik yubileyi münasibətilə təbrik edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair İlqar Fəhmi “Bir ömrün dastanı” kitabının üstün məziyyətlərindən söz açıb. Bildirib ki, avtobioqrafik üslubda qələmə alınan əsərdə müəllifin həyat və insanlar barədə dərin fəlsəfi düşüncələri, poetik nümunələri diqqəti cəlb edir.

Tanınmış televiziya jurnalisti İsmayıl Ömərov, Bakı Aviasiya Universitetinin professoru İbrahim Quluyev, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri Ramiz Qusarçaylı, “Azərbaycan Televiziyası və Radiosu Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, Bakı Şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “Zərdabi” nəşriyyatının direktoru Elman Qasımov və başqa natiqlər Sahib Məmmədovun yüksək insani keyfiyyətlərindən ürəkdolusu danışıblar.

Tanınmış qiraət ustaları Eldost Bayram və Azad Şükürov müəllifin poeziyasından nümunələr oxuyublar. Sonda Sahib Məmmədov toplantı iştirakçılarına onun ünvanına söylədikləri xoş sözlərə və arzulara görə dərin təşəkkürünü bildirib.

Qəhrəman QASIMOV,
“Şəfəq” qəzetinin redaktoru
Quba

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью