Bir ömrün sənət salnaməsi İlqar İmamverdiyevin 70 yaşına

22.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İlqar İmamverdiyev – Azərbaycan musiqi yaddaşını araşdıran, qoruyan və dünyaya tanıdan sənətşünas alimdir. Onilliklər boyu elmi araşdırmalar, yüzlərlə məqalə, onlarla beynəlxalq konfrans, dünyanın müxtəlif ölkələrində çıxışlar, tələbələr, kitablar, musiqi nümunələrinin toplanması, nota

köçürülməsi, saz və tarın səsinin müxtəlif auditoriyalara çatdırılması...

Bəzən bir insanın ömrünə baxırsan və düşünürsən: görəsən, bu qədər işi bir ömrə necə sığdırmaq olar? İlqar Cəmil oğlu İmamverdiyevin həyat və yaradıcılıq yoluna nəzər salanda məhz belə bir sual yaranır. Ancaq onun ömrünün sirri, əslində, gördüyü işlərin çoxluğunda deyil. Sirr ondadır ki, o, ömrünü bir işə – Azərbaycan musiqisinin yaşadılmasına həsr edib. O, ömrünün yarım əsrdən artıq bir dövrünü Azərbaycan musiqisinin öyrənilməsinə, təbliğinə, ifaçılıq ənənələrinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına həsr edib. Onun fəaliyyətində alimlə sənətkar, müəllimlə ifaçı, tədqiqatçı ilə milli musiqinin yorulmaz təbliğatçısı bir-birini tamamlayır.

İlqar İmamverdiyev 23 sentyabr 1956-cı ildə Gəncə şəhərində dünyaya gəlib. Musiqiyə marağı və istedadı erkən yaşlarından üzə çıxıb. 1967–1972-ci illərdə Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbində, 1972–1976-cı illərdə Qənbər Hüseynli adına Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar ixtisasını bitirib. Bu təhsil ocaqlarının hər biri onun sənət dünyasının formalaşmasında mühüm mərhələ olub.

Onun üçün tar yalnız musiqi aləti olmayıb. Tar onun üçün Azərbaycanın səsi, yaddaşı, tarixi və mənəvi dünyasıdır. Saz isə xalqın sözünü, dərdini, sevincini, yaddaşını nəsildən-nəslə daşıyan müqəddəs bir vasitədir. İlqar müəllimin yaradıcılığında bu iki alət, əslində, Azərbaycan milli musiqi mədəniyyətinin iki mühüm qolunun vəhdəti kimi görünür.

Alimliklə sənətkarlığın vəhdəti

İlqar İmamverdiyev yalnız istedadlı ifaçı kimi deyil, həm də ciddi elmi yaradıcılığı ilə seçilir. 1994-cü ildə sənətşünaslıq namizədi, 2009-cu ildə isə sənətşünaslıq doktoru elmi dərəcələrini alıb. 2015-ci ildə professor diplomuna layiq görülüb.

1981-ci ildən 2000-ci ilə qədər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri kafedrasında çalışması onun pedaqoji və elmi fəaliyyətinin mühüm mərhələsini təşkil edir. Sonrakı illərdə Türkiyədə Ərzurum Atatürk Universitetində dosent, daha sonra isə Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında professor kimi fəaliyyət göstərməsi onun yaradıcılıq coğrafiyasını genişləndirib.

Azərbaycanın milli musiqi irsinin Türkiyədə öyrənilməsi və təbliği baxımından bu fəaliyyətin xüsusi əhəmiyyəti var. Çünki musiqinin dili sərhəd tanımır. Xüsusilə Azərbaycan və Türkiyə kimi tarixi, dili və mədəni kökləri bir-birinə bağlı olan iki ölkənin musiqi irsinin tədqiqi xalqlar arasında mənəvi körpülərin möhkəmlənməsinə xidmət edir.

İlqar müəllimin elmi yaradıcılığının miqyası onun nəşr etdirdiyi əsərlərdə aydın görünür. Yetmişdən artıq kitabın müəllifi və həmmüəllifi olması özü-özlüyündə böyük zəhmətin göstəricisidir. Bu əsərlərin mövzu dairəsi də olduqca genişdir: saz havaları, tar əsərləri, Azərbaycan xalq mahnıları, muğam rəngləri və dəramədləri, aşıq yaradıcılığı, xalq rəqsləri, bayatılar, milli musiqi alətləri və ayrı-ayrı sənətkarların yaradıcılığı...

Onun “Azərbaycan aşıq ifaçılığı sənətinin səciyyəvi xüsusiyyətləri”, “Azərbaycanın 20 saz havası”, “Azərbaycanın 40 saz havası”, “Azərbaycan rəqs havaları”, “Azərbaycan xalq mahnıları”, “Azərbaycan muğam inciləri”, “Saz havaları antologiyası”, “Azərbaycan instrumental xalq musiqi örnəkləri”, “Azərbaycan aşıq ifaçılığı sənəti”, “Aşıq Ələsgər – 200”, “Azərbaycan zurna-balaban ifaçılığı sənətinin ustadı”, “Türk dünyasının kültürəl dəyəri, Tar” və digər əsərləri milli musiqi irsimizin müxtəlif istiqamətlərini araşdıran dəyərli mənbələrdir.

Bu kitabların hər birinin arxasında illərin axtarışı, araşdırması, dinləmələri, nota köçürülməsi, müqayisələr və sənətkarlarla söhbətlər dayanır. Belə əsərlər bir günün, bir ilin işi deyil. Bu, ömrün sənətə verilmiş uzun illərinin nəticəsidir.

Sazın yaddaşını qoruyan tədqiqatçı

Azərbaycan aşıq sənəti İlqar İmamverdiyevin yaradıcılığında xüsusi yer tutur. O, saz havalarının toplanması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görüb.

“Aşıq Mikayıl Azaflının saz havaları”, “Şirvan aşıqlarının saz havaları”, “İran-Azərbaycan aşıqlarının 40 saz havası”, “Koroğlu havaları”, “Dədə Şəmşir ifaçılığı sənətində ənənəvi saz havaları”, “Qədim aşıq havaları əsasında saz və fortepiano üçün transkripsiyalar” kimi əsərlərində ayrı-ayrı ifaçılıq məktəblərinin və saz ənənələrinin izlərini qorumağa çalışıb.

Bu fəaliyyətin mühüm tərəfi ondadır ki, şifahi şəkildə nəsildən-nəslə ötürülən musiqi nümunələri zaman keçdikcə dəyişə, unudula və hətta itə bilər.

Onların elmi şəkildə araşdırılması, yazıya və nota alınması həmin musiqi yaddaşının qorunması deməkdir.

Bu baxımdan İlqar müəllimin gördüyü işi yalnız musiqişünaslıq fəaliyyəti kimi qiymətləndirmək azdır. O, həm də milli yaddaşın qoruyucularından biridir.

Azərbaycan sərhədlərini aşan yol

İlqar İmamverdiyevin yaradıcılıq yolu Azərbaycanla məhdudlaşmayıb. O, müxtəlif illərdə Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İtaliya, Moldova, İran, İraq və Türkiyədə keçirilən beynəlxalq tədbirlərdə, konqreslərdə, simpoziumlarda, rəsmi mərasimlərdə və folklor proqramlarında iştirak edib.

Bu coğrafiyaya nəzər salanda onun sənət yolunun necə geniş olduğunu görmək mümkündür. Bakıdan Moskvaya, Sankt-Peterburqdan Daşkəndə, Alma-Atadan Romaya, Təbrizdən Bağdada, Ankaradan İstanbula, Ərzurumdan Qaziantepə qədər uzanan bu yol, əslində, Azərbaycan musiqisinin səsinin müxtəlif məkanlara çatdırıldığı bir mədəniyyət xəritəsidir.

Harada çıxış etməsindən asılı olmayaraq onun əsas məqsədlərindən biri Azərbaycan musiqisini, xüsusilə tarı və sazı təqdim etmək olub. Çünki milli musiqi aləti bəzən uzun-uzadı elmi məruzələrin deyə bilmədiyini bir neçə dəqiqəlik ifa ilə çatdırır. Tarın səsi, sazın telləri xalqın tarixindən, duyğularından və mənəvi dünyasından xəbər verir.

1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya Tələbə və Gənclər Festivalında diplom alması, 1986-cı ildə Bakıda keçirilən Üzeyir Hacıbəyli adına I Beynəlxalq Şərq Alətləri Müsabiqəsində laureat olması da onun ifaçılıq fəaliyyətinin mühüm səhifələrindəndir.

Bir sənətkar ömrünün mükafatları

İlqar müəllimin sənət və elmi fəaliyyətinə verilən qiymətlər də çoxsaylıdır. O, müxtəlif illərdə səksəndən artıq təşəkkürnamə, plaket və mükafatlara layiq görülüb. 2015-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə Motif Vəqfinin əməkdaşlığı çərçivəsində keçirilən 21-ci Motif Xalq Bilim Ödüllərində “Halk Müziği Hizmet Ödülü” ilə təltif olunması onun folklor və xalq musiqisi sahəsindəki xidmətlərinin Türkiyədə də yüksək qiymətləndirildiyini göstərir.

2016-cı ildə “Avrupa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı elm adamı” qızıl medalı və diplomuna, 2018 və 2020-ci illərdə isə İKSAD Yayınevinin “Onur ödülü”nə layiq görülüb.

Lakin sənət adamları üçün ən böyük mükafat, bəlkə də, onların yaratdıqlarının yaşamasıdır. Kitabın oxunması, tələbənin öyrənməsi, gənc ifaçının bir saz havasını mənimsəməsi, bir tədqiqatçının həmin əsərə istinad etməsi – bütün bunlar sənətkarın ömrünün davamıdır.

Ekranda və səhnədə Azərbaycan musiqisi

İlqar İmamverdiyev Azərbaycan və Türkiyə televiziya kanallarında da tar və saz ifaçısı kimi çıxış edib. AzTV, İctimai Televiziya, TRT İnt, TRT Gap və digər televiziya kanallarında onun ifaları səsləndirilib.

Azərbaycan kinosunda da onun ifaçılıq izi var. “Qaçaq Nəbi”, “Papaq”, “Bəyin oğurlanması”, “Doğma sahillər” filmlərinin, “Aşığın arzuları” televiziya filminin, eləcə də “Dədə Qorqud” motivləri əsasında hazırlanmış “Səkrəyin dastanı” cizgi filminin musiqilərinin lentə alınmasında tar, saz, bağlama və ud alətlərində ifa edib.

Bu faktlar onun yaradıcılığının yalnız elmi auditoriyalarla məhdudlaşmadığını göstərir. O, həm elmi tribunada, həm konsert səhnəsində, həm televiziya ekranında, həm də kino musiqisində Azərbaycan musiqisinin təbliğinə xidmət edib.

Ömrün mənası

İlqar İmamverdiyevin yaradıcılıq yoluna bütöv şəkildə nəzər salanda qarşıya sadəcə çoxsaylı kitabların, elmi məqalələrin, konfransların, mükafatların və səhnə çıxışlarının siyahısı çıxmır. Bu siyahının arxasında bir insanın milli musiqiyə bağlılığı, uzun illər davam edən zəhməti və sənət qarşısında məsuliyyət hissi görünür. Onun fəaliyyətinin ən qiymətli cəhətlərindən biri də Azərbaycan musiqi irsinə yalnız keçmişin yadigarı kimi deyil, gələcəyə ötürülməli canlı bir dəyər kimi yanaşmasıdır.

Bu gün sazın bir havasının nota köçürülməsi, köhnə bir rəqs melodiyasının araşdırılması, muğam rənglərinin sistemləşdirilməsi və ya unudulmaqda olan bir aşıq ənənəsinin kitablaşdırılması ilk baxışda yalnız musiqi işi təsiri bağışlaya bilər. Əslində isə bütün bunlar milli yaddaşın qorunmasıdır.

İlqar müəllimin ömrünün əsas xətti də məhz burada birləşir: sənəti yaşatmaq, araşdırmaq və gələcək nəsillərə çatdırmaq. İlqar İmamverdiyev həm sazı və tarı səsləndirən sənətkar, həm onların tarixini araşdıran alim, həm də bu sənəti gənc nəsillərə öyrədən müəllim kimi Azərbaycan musiqi mədəniyyətində özünəməxsus iz qoyub.

Bəlkə də insan ömrünün ən böyük mənası elə budur: özündən sonra yalnız adını deyil, yaşatdığı bir dəyəri qoyub getmək.İlqar müəllimin yarım əsrdən artıq davam edən sənət və elm yolu da  məhz belə bir dəyərin – Azərbaycan musiqisinin, sazın, tarın və xalq yaddaşının yaşadılması yoludur.

Namiq Qədimoğlu,
Əməkdar Jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью