Bir orqanı sağaltsa da, o birini məhv edir Dərmanlarla bağlı həyəcan təbili çalınır

02.02.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda həkim məsləhəti olmadan, qonşu və ya tanış tövsiyəsi ilə dərman qəbul edənlərin sayının kəskin artması tibbi faciələrə yol açır.
Tanınmış farmakoloq Aydın Əliyev Demokrat.az-a açıqlamasında reseptsiz satılan preparatların insan orqanizmində yaratdığı geri dönməz fəsadlar və diaqnoz qoyulmadan aparılan "müalicənin" riskləri barədə ciddi xəbərdarlıq edib. Ekspert bildirib ki, peşəkar həkim müayinəsi və laborator analizlər olmadan qəbul edilən hər bir həb müalicə vasitəsindən çox, orqanizmi daxildən məhv edən zəhərə çevrilə bilər.
Aydın Əliyev vurğulayıb ki, düzgün diaqnoz üçün mütləq xəstənin həyat tərzi (anamnez vitae) və xəstəliyin inkişaf tarixi (anamnez morbi) dərindən araşdırılmalıdır: “Həkim bütün bu məlumatları soruşur, daha sonra xəstəni analizlərə göndərir və lazım olduqda tibbi cihazlarla müayinələr aparılır. Yalnız bu mərhələlərdən sonra düzgün diaqnoz qoyulur. Təəssüf ki, bəzi insanlar özlərinə diaqnoz qoyur, dərmanları həkimsiz qəbul edirlər. Məsələn, qaraciyər nahiyəsində ağrı hiss edir və düşünür ki, problem mütləq qaraciyərdədir. Halbuki ağrı başqa orqandan da ötürülə bilər”.
Dərmanların digər orqanlara təsirindən bəhs edən farmakoloq qeyd edib ki, nəzarətsiz istifadə zəncirvari reaksiya yaradır: “Dərman möcüzə deyil, düzgün istifadə olunmadıqda zəhərə çevrilə bilər. Qaraciyərə kömək etdiyi düşünülən dərman böyrəklərə, mədəyə və ya şəkər səviyyəsinə mənfi təsir göstərə bilər. Dərman yalnız həkimin əlində müalicə vasitəsidir”.
Ekspert həmçinin apteklərdəki mövcud vəziyyətlə bağlı sərt təkliflə çıxış edib: “Ən böyük istəyim apteklərdə dərmanların reseptsiz satılmamasıdır. Bunun qanunvericilik səviyyəsində tənzimlənməsini çox istərdim və ümid edirəm ki, bu istiqamətdə ciddi addımlar atılacaq”. Qidalanmanın vacibliyinə də toxunan A.Əliyev əlavə edib ki, insanlar əvvəlcə tərəvəz və bitki tərkibli qidaları, daha sonra isə ət məhsullarını qəbul etməyə vərdiş etməlidirlər.
Əgər həkim təyinatı olmadan dərman qəbul edirsinizsə, siz sadəcə xəstəliyin simptomlarını yatırırsınız, problemin özünü isə daha da dərinləşdirirsiniz. Xüsusilə ağrıkəsicilərin və antibiotiklərin reseptsiz satışı və istifadəsi gələcəkdə daxili orqanların sıradan çıxmasına və dərman asılılığına səbəb ola bilər.
Qeyd edək ki, həkim nəzarəti olmadan dərman qəbul etmək sağlamlığa zərər vurur və ciddi tibbi risklər yaradır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью