Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Sosial şəbəkələr artıq şirkətlər üçün yalnız məhsul və xidmətlərin tanıdıldığı platforma deyil. Bəzən adi bir istifadəçinin paylaşdığı video, məhsul haqqında yayılan müzakirə və ya gözlənilməz hadisə qısa müddətdə milyonlarla insanın diqqətini cəlb edir. Belə hallarda brendlər böyük reklam kampaniyalarına və yüksək büdcələrə ehtiyac duymadan geniş auditoriyaya çıxış əldə edə bilirlər.
Xüsusilə TikTok və Instagram kimi platformalarda yayılan məzmunun biznesə təsiri son illərdə daha çox müzakirə olunur. Bir məhsulun viral olması onun satışlarına nə qədər təsir edə bilər? Şirkətlər sosial şəbəkələrdə yaranan marağı real gəlirə çevirmək üçün hansı addımları atırlar? Xarici şirkətlərin təcrübəsi bu suallara konkret nümunələr təqdim edir.
Bir video ilə 275 faiz artım
Viral paylaşımın satışlara təsirini göstərən ən diqqətçəkən nümunələrdən biri ABŞ-ın “Stanley” şirkətidir. Uzun illər termos və içki qabları istehsal edən şirkətin “Quencher” modeli 2023-cü ildə sosial şəbəkələrdə böyük populyarlıq qazandı.
Hadisə bir “TikTok” istifadəçisinin avtomobilinin yanğından sonra çəkdiyi video ilə başladı. Avtomobil tamamilə yararsız vəziyyətə düşsə də, içərisindəki “Stanley” termosu salamat qalmışdı. Üstəlik, qabın içindəki buzun hələ də ərimədiyi görünürdü. İstifadəçinin paylaşımı qısa müddətdə milyonlarla baxış topladı və məhsulun davamlılığı sosial şəbəkələrdə geniş müzakirə olundu.
Şirkət bu hadisəyə səssiz qalmadı. Stanley rəhbəri Terens Reili videoya cavab olaraq avtomobil sahibinə yeni termoslar, hətta yeni avtomobil hədiyyə edəcəyini açıqladı. Şirkətin reaksiyası da ayrıca viral məzmuna çevrildi.
Nəticədə kampaniya çərçivəsində “Stanley” sosial şəbəkələrdə 3,3 milyard qazanılmış media nümayişi əldə etdi. Şirkətin “TikTok” izləyicilərinin sayı 220 faiz, platformadakı qarşılıqlı əlaqə isə 200 faiz artdı. Daha diqqətçəkən göstərici Quencher modelinin satışları oldu: 2023-cü ildə həmin məhsulun satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 275 faiz yüksəldi. Şirkət ilin son rübünü tarixinin ən uğurlu rüblərindən biri kimi qiymətləndirdi.
Bununla belə, bu nəticəni yalnız bir videonun təsiri kimi izah etmək düzgün olmaz. Stanley həmin dövrdə sosial şəbəkələrdə yaradıcılarla əməkdaşlıq edir, məhsulun fərqli rəng və modellərini təqdim edir, auditoriyanın maraqlarına uyğun marketinq strategiyası həyata keçirirdi. Viral hadisə isə artıq formalaşmaqda olan bu marağı daha da gücləndirdi.
Grimace fenomeni
Digər maraqlı nümunə “McDonald's” şirkətinin 2023-cü ildə təqdim etdiyi “Grimace Shake” kampaniyasıdır. Şirkət məşhur bənövşəyi personajı “Grimace”in doğum günü münasibətilə xüsusi milkshake məhsulunu satışa çıxardı. Lakin kampaniyanın ən böyük uğuru şirkətin əvvəlcədən planlaşdırdığı reklamdan deyil, “TikTok” istifadəçilərinin yaratdığı məzmundan gəldi.
İstifadəçilər içkini daddıqları videolar çəkir, daha sonra özlərini qorxu filmlərindəki səhnələrə bənzər vəziyyətlərdə göstərirdilər. Bu qeyri-adi trend sürətlə yayıldı və minlərlə istifadəçi öz versiyasını paylaşmağa başladı. “Grimace Shake” haqqında videolar “TikTok”da 2,9 milyarddan çox baxış topladı.
McDonald's bu tendensiyanı dayandırmağa çalışmaq əvəzinə onun təbii şəkildə yayılmasına imkan verdi. Şirkət sosial şəbəkələrdəki müzakirələri izləyərək kampaniyanın yaratdığı maraqdan yararlandı.
2023-cü ilin ikinci rübündə McDonald's-ın ABŞ üzrə eyni restoranlarda satışları 10,3 faiz artdı. Şirkət həmin dövrdə satışlara təsir edən amillər sırasında mədəniyyətə uyğun marketinq kampaniyalarını və Grimace təşəbbüsünü də qeyd etmişdi. Kampaniyanın satışlara töhfəsi barədə ayrıca marketinq təhlilində isə 11 faizlik artım göstəricisi açıqlanıb.
Bu nümunə göstərir ki, bəzən şirkətin özünün yaratdığı reklam ideyası istifadəçilərin iştirakı ilə tamamilə fərqli istiqamətə inkişaf edə bilər. Nəticədə brendin reklam büdcəsindən kənarda da böyük auditoriya və müzakirə yaranır.
Baxışdan gəlirə
Hər viral paylaşımın satış artımı ilə nəticələnmədiyini də nəzərə almaq lazımdır. Milyonlarla baxış toplamaq məhsula real tələbatın yaranması demək deyil. İstifadəçilər videonu əyləncəli hesab edib paylaşa, lakin həmin məhsulu almaqda maraqlı olmaya bilərlər.
Burada əsas məsələ sosial şəbəkədə yaranan diqqətin alıcı davranışına təsir göstərməsidir. Məhsulun qiyməti, keyfiyyəti, əlçatanlığı və sifariş imkanları bu prosesdə mühüm rol oynayır. Məsələn, viral video nəticəsində məhsula maraq kəskin artsa da, şirkətin kifayət qədər ehtiyatı yoxdursa, yaranmış tələbatı satışa çevirmək mümkün olmaya bilər.
Viral kampaniyanın biznes üçün real nəticəsini qiymətləndirmək məqsədilə şirkətlər yalnız baxış və bəyənmə saylarını deyil, satış dövriyyəsini, sifarişlərin sayını, veb-sayta keçidləri, yeni müştərilərin payını və reklam xərclərini də təhlil etməlidirlər. Kampaniyadan əvvəlki və sonrakı dövrlərin müqayisəsi isə sosial şəbəkə fəaliyyətinin satışlara mümkün təsirini müəyyənləşdirməyə kömək edir.
Uğurun davamlılığı
“Stanley” və “McDonald's” nümunələri viral məzmunun şirkətlər üçün böyük kommersiya imkanları yarada biləcəyini göstərir. Ancaq bu imkanın uzunmüddətli nəticəyə çevrilməsi üçün şirkətin yaranan marağı düzgün idarə etməsi vacibdir.
Bir paylaşım brendi milyonlarla insana tanıda bilər, lakin müştərinin təkrar alış etməsi üçün məhsulun keyfiyyəti, xidmət səviyyəsi və şirkətə etibar da əhəmiyyət daşıyır. Buna görə viral olmaq biznes strategiyasının özü deyil, həmin strategiyanın bir hissəsi kimi qiymətləndirilməlidir.
Nəticədə sosial şəbəkələrdə bir paylaşım şirkətin satışlarına ciddi təsir göstərə bilər. Lakin əsas göstərici paylaşımın neçə nəfərə çatması deyil, yaranan marağın nə qədərinin real müştəriyə və gəlirə çevrilməsidir.