Icma.az, Lent az saytına istinadən bildirir.
Bir neçə saatlıq məclis, bir neçə qədəh spirtli içki və düşünülmədən verilən qərar... Bəzən bütöv bir ailənin faciəsi məhz belə başlayır. Sərxoş vəziyyətdə avtomobil idarə etmək dünyada qarşısı alına bilən ölüm səbəblərindən biridir. Buna baxmayaraq, hər il minlərlə insan məsuliyyətsiz sürücülərin qurbanına çevrilir.
Lent.az sərxoş sürücülərin yaratdığı təhlükə, Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələri və dünya üzrə qəza statistikasını araşdırıb.
Azərbaycanda vəziyyət necədir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 500 nəfər həyatını itirib, 640 nəfər yaralanıb.
2025-ci ildə isə ölkə ərazisində baş verən 1252 yol-nəqliyyat hadisəsi nəticəsində 689 nəfər ölüb, 1026 nəfər xəsarət alıb.
Ümumi qəza sayında azalma müşahidə olunsa da, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi ciddi təhlükə mənbəyi olaraq qalır.
2024-cü ildə Azərbaycanda məhz sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə olunması səbəbindən 19 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
Daha narahatedici göstərici isə sərxoş vəziyyətdə sükan arxasında aşkarlanan sürücülərin sayıdır. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, 2025-ci ilin ilk 10 ayında ölkə ərazisində 9407 belə fakt müəyyən edilib. Bu, gündə orta hesabla 30-dan çox qayda pozuntusu deməkdir.
Həmin ilin ilk doqquz ayında sərxoş sürücülərin törətdiyi altı qəzada beş nəfər həyatını itirib, iki nəfər yaralanıb. Aşkarlanan qayda pozuntularının sayı isə təhlükənin yalnız baş vermiş qəzalarla məhdudlaşmadığını göstərir
Toydan faciəyə gedən yol
2026-cı il oktyabrın 13-də Gədəbəydə baş verən hadisə sərxoş sürücünün öz ailəsini belə hansı təhlükə qarşısında qoyduğunu göstərdi.
Şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçən rayon sakini Şükür Ələkbərov Çanaqçı kəndi ərazisində avtomobili aşırıb. Nəticədə həyat yoldaşı hadisə yerində ölüb, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.
2025-ci ilin iyununda isə Bakının Yasamal rayonunda sərxoş sürücü idarə etdiyi avtomobillə yol kənarında dayanan avtomobilə və mopedə çırpılıb.
Bu hadisələr göstərir ki, sərxoş sürücülər yalnız özlərinin deyil, ailə üzvlərinin, piyadaların və digər hərəkət iştirakçılarının həyatını da təhlükəyə atırlar.
Dünyada hər 44 dəqiqədə bir ölüm
ABŞ Milli Avtomobil Yollarında Hərəkət Təhlükəsizliyi Administrasiyasının məlumatına görə, 2024-cü ildə ölkədə sərxoş sürücülərin iştirakı ilə baş verən qəzalarda 11904 nəfər həyatını itirib. Bu, bütün yol qəzası ölümlərinin 30 faizini təşkil edir.
Başqa sözlə, ABŞ-də orta hesabla hər 44 dəqiqədə bir insan belə qəzaların qurbanı olub.
Statistikaya əsasən, ölümlə nəticələnən qəzalarda sürücülərin sərxoş olması hallarına gecə saatlarında gündüzlə müqayisədə üç dəfə çox rast gəlinib.
“Bir qədəhdən heç nə olmaz” düşüncəsi
Sürücülər arasında ən təhlükəli yanlış təsəvvürlərdən biri az miqdarda spirtli içkinin avtomobil idarə etmək qabiliyyətinə təsir göstərməməsidir.
Alkoqol insanın reaksiya sürətini zəiflədir, diqqətini yayındırır, məsafəni düzgün müəyyənləşdirməsinə mane olur. Eyni zamanda, sürücüdə əsassız özünəinam yaradır və riskli manevrlərə meyli artırır.
Qəhvə içmək, soyuq su ilə yuyunmaq və ya yemək yemək də alkoqolun təsirini dərhal aradan qaldırmır. Bunun üçün orqanizmə vaxt lazımdır.
Azərbaycanda sərxoş sürücüləri hansı cəza gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə əsasən, avtomobili alkoqolun təsiri altında idarə edən sürücü 400 manat cərimələnir və ya sürücülük hüququ altı aydan bir ilədək məhdudlaşdırılır.
Qanda alkoqolun konsentrasiyası 0,3 promil və daha yüksək olduqda şəxs sərxoş hesab edilir.
Qayda pozuntusunun təkrarlanması daha ağır sanksiyalara səbəb olur. Hadisə insan ölümü və ya qanunvericilikdə nəzərdə tutulan dərəcədə sağlamlığa zərər vurulması ilə nəticələnərsə, sürücü cinayət məsuliyyətinə də cəlb oluna bilər.
Cərimələrin artırılması çıxış yoludurmu?
Sərxoş sürücülərlə mübarizədə yalnız cərimələrin artırılması kifayət deyil. Xüsusilə toyların, bayram tədbirlərinin və əyləncə məclislərinin keçirildiyi günlərdə polis nəzarətinin gücləndirilməsi, ayıq sürücü xidmətlərinin əlçatan olması və təkrar qayda pozuntularının qarşısının alınması mühüm əhəmiyyət daşıyır.
Restoran və şadlıq saraylarında alternativ nəqliyyat xidmətlərinin təşkili də faciələrin qarşısını almağa kömək edə bilər.
Digər mühüm məsələ ictimai məsuliyyətdir. Sərxoş dostunun avtomobil idarə etməsinə mane olmayan, onun maşınına əyləşən və ya bu davranışa göz yuman insanlar da təhlükənin qarşısını almaq imkanını əldən verirlər.
Unutmaq olmaz ki, taksiyə veriləcək bir neçə manat insan həyatından baha deyil. Məclis bir neçə saat, yanlış qərarın nəticəsi isə bir ömür davam edə bilər.