“Bir qələbə hər şeyi dəyişə bilər”

24.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının IX turunda öz meydanında “Qəbələ”yə 1:2 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov matçdan sonra “Futbolpress.az”ın suallarını cavablandırdı:

– Matç haqqında fikirləriniz necədir?

– Meydana yalnız qələbə üçün çıxmışdıq, çünki çempionat başlayandan bəri hələ də 3 xal qazana bilməmişik. Bu oyuna da çox ciddi hazırlaşmışdıq. Ardıcıl olaraq məğlub olmaq və xal itirmək bizim üçün də çox ağırdır. İndi bütün diqqətimizi qarşıdakı matça yönəldib, yaxşı hazırlaşaraq nəhayət ilk qələbəmizi qazanmaq istəyirik.

– Önünüzdəki kubok matçında qazanılacaq potensial qələbə liqadakı bu uğursuz seriyanı kəsmək üçün əlavə motivasiya ola bilər?

– İndiki vəziyyətimiz elədir ki, bizim üçün fərq etmir, kubokdur, yoxsa çempionat. Hər bir oyunda qazanılacaq hər bir xal və ya qələbə bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki hələ də qalib gələ bilməmişik və həmin psixoloji yükü üzərimizdən atmalıyıq.

– Sizcə, “Araz-Naxçıvan”a ilk qələbəni qazanmaq üçün nə çatışmır?

– Düzünü desəm, hələ də qələbə sevincini yaşaya bilmədiyimiz üçün səbəbini özümüz də dəqiq izah edə bilmirik. İnanıram ki, bir dəfə qalib gələ bilsək, bu xalsızlıq və uğursuzluq seriyasına son qoyulacaq.

– Komandadakı bu vəziyyəti artıq “qara zolaq” adlandırmaq olar?

– Əlbəttə, artıq 8 oyundur ki, qələbə üzünə həsrətik. Amma düşünürəm ki, bunu tam “qara zolaq” kimi deyil, keçici bir psixoloji gərginlik kimi görməliyik. Bir qələbə hər şeyi kökündən dəyişə və komandanı yenidən özünə qaytara bilər.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью