Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda istilik təchizatı ilə bağlı vətəndaşların narazılığı artır. Çoxsaylı şikayətlərə görə, bəzi yaşayış binalarında bir neçə sakinin istilik haqqını ödəməməsi səbəbindən digər sakinlər istiliksiz qalır. Nəticədə kommunal borcu olmayan, ödənişlərini vaxtında həyata keçirən vətəndaşlar da soyuq mənzillərdə yaşamağa məcbur olurlar. Başqa sözlə, qurunun oduna yaş da yanır.
Vətəndaşlar hesab edirlər ki, borclu abonentlərə qarşı tədbirlər görülərkən ödəniş intizamına əməl edən sakinlərin hüquqları da pozulur. Onların fikrincə, bir neçə nəfərin borcuna görə bütöv binanın istiliklə təminatının məhdudlaşdırılması nə ədalətlidir, nə də digər abonentlərin məsuliyyəti ilə uzlaşır.
Xüsusilə havaların soyuduğu dövrdə mənzillərdə temperaturun aşağı düşməsi ailələr üçün ciddi narahatlıq yaradır. Bu vəziyyət azyaşlı uşaqları, yaşlıları və evdə daha çox vaxt keçirən sakinləri çətin vəziyyətə salır.
Bir nəfərin borcuna görə bütöv binanın istilik təchizatının dayandırılması faktı doğrudurmu?
“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı Bizim.Media-nın sorğusunu belə cavablandırıb:
“Qətiyyən belə bir fakt yoxdur. Mən sizə ünvanlar göstərərəm ki, həmin binada 100 faiz ödəniş edilmədiyinə görə istilik verilişi dayandırılıb. Yəni bütöv binada heç kim ödəniş etməyib. Belə olan halda isə texniki xidmət göstərmək mümkün olmur”.
Konkret olaraq redaksiyamıza ünvanlanmış şikayət – Yeni Günəşli D massivindəki binalardan birində də həmin səbəbdən istilik verilişinin dayandırılmasına gəlincə isə qurum rəsmisi bildirdi ki, həmin binada istiliyin məhdudlaşdırılmasına səbəb borca görə deyil.
“Yeni Günəşli D massivindəki binada kiçik qəza baş vermişdi, hazırda aradan qaldırılır. Təmir işlərindən sonra istiliyin verilişi ən qısa müddətdə bərpa ediləcək”, - deyə o vurğuladı.
Şəfiqə Şəfa, Bizim.Media