Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
10 may 2026-cı il Azərbaycan siyasi təqviminə həm bir böyük şəxsiyyətin anadan olduğu günü kimi, həm də dövlətçilik yaddaşının canlı davamı kimi yazıldı. Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdü.
Ümummilli lider Heydər Əliyevin doğum gününün rəmzi anlamını, Ata vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandanın Zəfərdən sonrakı quruculuq fəlsəfəsi ilə bir araya gətirdi.
“Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik”, – Dövlət başçısının sözləri bu səfərin mənəvi-siyasi açarıdır.
Zəngilan azad edilmiş rayon olmaqla birgə, Böyük Qayıdışın canlı laboratoriyasıdır. Bir zamanlar işğalın viran qoyduğu torpaqda indi ev açarları təqdim olunur, ailələr yurduna dönür, şəhər nəfəs alır. Prezidentin vurğuladığı kimi, işğal dönəmində məcburi köçkünlərə “bu, müvəqqəti yerdir” deyilmişdi; Zəngilanın indiki mənzərəsi həmin sözün dövlət vədi olaraq gerçəkləşməsidir.
Azərbaycan qalib gəldi, amma yalnız qələbə ilə yetinmədi; qurdu, bərpa etdi, diriltdi. – Səfərin əsas ismarıcı da məhz budur. – Beynəlxalq hava limanı, Ağalı kəndi, Məmmədbəyli, yeni yaşayış məhəllələri, məscid, yollar, körpülər, elektrik stansiyaları, “Dost Aqropark”, dəmir yolu… və Zəngəzur dəhlizi perspektivi ilə Zəngilan artıq regional mərkəz obrazı qazanır. Prezident Zəngilanı Azərbaycanın və bölgənin daşımalar, çatdırılma mərkəzlərindən birinə çevirmək niyyətini açıq ifadə etdi.
10 mayın Zəngilandan səslənən anlamı həm də budur: Heydər Əliyev siyasi irsi artıq tarix olmaqdan çıxıb, coğrafiyaya çevrilib – yol, körpü, məktəb, ev, məscid, enerji, qayıdış və suverenlik biçimində yaşayır. Bu, vəsiyyətdən Zəfərə, Zəfərdən quruculuğa, quruculuqdan yeni milli yüksəlişə gedən ulu Azərbaycan yoludur.
“…İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.
Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi.“ – Müzəffər Ali Baş Komandanın bu təsirli sözlərinə hər hansı əlavə şərhə ehtiyac duymadan, qürur duyaraq deyirik:
BAYRAĞIMIZ HƏMİŞƏ UCA OLSUN!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI