525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Heç vaxt yatmayan şəhər", "Dayanmayan şəhər", "Göydələnlər şəhəri", "Ağ şəhər", "Startap şəhəri"... Təl-Əviv haqqında adətən belə deyirlər. Azərbaycan jurnalistlərinin İsrailə səfər proqramı çərçivəsində ölkənin ikinci ən böyük şəhəri, iqtisadi, maliyyə və mədəni mərkəzi olan Təl-Əvivlə tanışlıq zamanı bu deyimlərin əslində doğru olduğunun fərqinə vardım. Amma Təl-Əvivi yalnız belə təqdim etmək də yetərli deyil. Bu barədə yazmazdan əvvəl qeyd edim ki, Təl-Əviv həqiqətən də "yatmır" və daim hərəkətdədir. Gündüz vaxtı şəhərdə çox insan görmürsən, sıxlıq olmur, amma elə ki, axşam düşdü, bütün kafelər, restoranlar, onların qarşısı, mərkəzi küçələr insanlarla dolub-daşır, onlar səhərə qədər əylənirlər. Təl-Əvivin "Startap şəhəri" kimi tanınmasının əsas səbəbi isə onun İsrailin texnologiya və innovasiya ekosisteminin əsas mərkəzlərindən biri olmasıdır. Şəhərdə çoxsaylı startaplar, texnologiya şirkətləri, investorlar və tədqiqat mərkəzləri cəmləşib.
Təl-Əviv 1909-cu ildə qum təpələri üzərində qurulub, elə mənası da "bahar təpəsi" deməkdir. Bura daha sonra qədim Yaffa şəhəri ilə birləşərək, rəsmi olaraq Təl-Əviv-Yaffa adlanmağa başlayıb. Yaffa minilliklərlə yaşı olan qədim liman şəhəridir, Təl-Əviv isə onun müasir hissədir. Yəni bir tərəfdə müasir şəhər, digər tərəfdə isə minilliklər boyu tarixə şahidlik etmiş qədim Yaffa - Təl-Əvivi cəlbedici edən əsas məqamlardan biri də məhz budur.
Yaffanın ən məşhur tarixi tikililərindən biri mərkəzdə yerləşən Yaffa Saat Qülləsidir. Yaffa Meydanında yerləşən Saat Qülləsi şəhərin əsas simvollarından biridir. 1900-1906-cı illər arasında Osmanlı imperiyası dövründə inşa edilib. Tikintisi Osmanlı sultanı II Əbdülhəmidin hakimiyyəti dövrünə təsadüf edir. Onun inşasının əsas məqsədlərindən biri Yaffada müasir saat sisteminin yaradılması və şəhərin inkişaf edən ticarət həyatına xidmət etmək idi. Həmin dövrdə Yaffa Aralıq dənizinin mühüm limanlarından biri idi və şəhərdə tacirlərin, səyyahların, yerli əhalinin istifadəsi üçün dəqiq vaxtın göstərilməsi əhəmiyyətli idi. Qüllə əsasən əhəngdaşı ilə tikilib, quruluşunda Osmanlı dövrünün memarlıq xüsusiyyətləri ilə Avropa təsirlərini birləşdirən elementlər görünür. Bu gün qüllə tarixi abidə və şəhərin simvolu kimi tanınır. Onun yerləşdiyi meydan Yaffanı ziyarət edən turistlərin ən çox dayandığı məkanlardan biridir.
Təl-Əvivin bəzi məhəllələri "Ağ şəhər" adlandırılır, çünki burada 4 mindən çox Bauhaus üslublu bina var. Bauhaus memarlığı XX əsrin əvvəllərində Almaniyada yaranmış modernist memarlıq və dizayn cərəyanıdır. Əsas ideyası budur ki, bina ilk növbədə rahat, funksional və praktik olmalıdır. 1930-1940-cı illərdə Avropadan gələn yəhudi memarlar Təl-Əvivdə Bauhaus və ümumən Avropa modernizminin prinsiplərinə uyğun minlərlə bina tikiblər. 2003-cü ildə UNESCO Təl-Əvivin "Ağ şəhər"ini Dünya İrsi siyahısına daxil edib.
Şəhərin Yaffa hissəsində qədim abidələrdən biri də Müqəddəs Pyotr kilsəsidir. Bu, Yaffanın xristian irsinin mühüm simvolu hesab olunur. Müqəddəs Pyotr kilsəsi Təl-Əviv-Yaffanın ən diqqətçəkən dini-tarixi tikililərindən biridir. Kilsənin əhəmiyyəti onun Müqəddəs Pyotrla bağlı bibliya hadisələrini xatırlatması ilə əlaqədardır. Kilsədə həm qədim Yaffa, həm səlibçilər dövrü, XIX əsr Avropa memarlığının izlərini bir arada görmək mümkündür. Bir sözlə, Müqəddəs Pyotr kilsəsi müxtəlif dövrlərin qovuşduğu bir nöqtədir.
Kilsəyə yaxın isə Yaffa Böyük Məscidi yerləşir. Biz ərazini gəzərkən azan vaxtı idi və məsciddə uca səslə azan verilirdi. Bura Yaffanın ən böyük və tarixi baxımdan ən əhəmiyyətli məscidlərindən biridir. Məscidin 1730-cu ildə Yaffa valisi şeyx Məhəmməd əl-Xəlilinin göstərişi ilə inşa edildiyi bildirilir. Hazırkı kompleksin əsas hissəsi isə Osmanlı hakimiyyəti dövründə Yaffa valisi Məhəmməd Əbu Nəbbut tərəfindən 1812-ci ildə əvvəlki məscidin təməlləri üzərində yenidən inşa etdirilib. Nəbbut Yaffa şəhərinin yenidən qurulmasında, infrastrukturunun inkişafında və regionda asayişin bərpa edilməsində tarixi rol oynayıb.
İsrailə səfərdə ən yadda qalan və məni dərindən təsirləndirən görüşlərdən biri Akko şəhərində Azərbaycan icmasının nümayəndələri ilə oldu. Təsəvvür edin ki, 35-40 il əvvəl Azərbaycandan İsrailə köçmüş dağ yəhudiləri ölkəmiz haqqında elə böyük sevgi ilə, heyranlıqla danışırdılar ki, yaxşı mənada təəccüblənməmək mümkünsüz idi. Həm də hiss etdiyim tam səmimi, ürəkdən gələn bir sevgi idi. Azərbaycan dilində çox səlis danışırlar, Azərbaycandan böyük sevgi və hörmətlə söz açırlar. Mən onları dinlədikcə bir daha əmin oldum ki, iki xalqı bir-birinə bağlayan köklər o qədər möhkəm və dərindir ki, onları qoparıb atmaq, zədələmək sadəcə mümkün deyil. Yəhudilər Azərbaycanda onlara göstərilən münasibəti heç vaxt unutmurlar. Bu gün də İsraildə və dünyanın müxtəlif yerlərində Azərbaycan üçün ürəklə, qəlblə çalışırlar. Onlarla söhbət zamanı bu qədər böyük və səmimi sevginin şahidi olacağımı gözləmədiyimi etiraf edirəm. Cavab olaraq isə bildirirlər ki, sona qədər burada Azərbaycanın səsi olacaqlar. Övladları da, nəvələri də onların yolunu davam etdirəcək.
"İsraildə Azərbaycan evi" diaspora cəmiyyətinin rəhbəri, Azərbaycan əsilli Dağ yəhudiləri icmasının sədri Şirin Nexemiya Mixaeli Azərbaycan haqqında elə içdən danışırdı ki... Onun sözlərinə görə, Azərbaycan dilində danışmaq, Azərbaycan mədəniyyətini və ənənələrini yaşatmaq onların kimliyinin mühüm hissəsidir: "Azərbaycan xalqı yəhudilər üçün çox əzizdir. Biz yaxşı günlərdə də, pis günlərdə bir yerdə olmuşuq. Bizim adımız yəhudidir, amma Azərbaycan mədəniyyəti ilə böyüdük, bir də gördük ki, Azərbaycanı İsraildə təmsil edirik, strateji tərəfdaşlığımızı, dostluğumuzu bütün dünya görür. Biz İsrail siyasətini də, İsrail diplomatiyasını da bilirik. Onlarla necə danışmağı bilirik. Azərbaycan yəhudilərin ana vətənidir. Azərbaycan xalqı bilsin ki, burda dostlarınız yox, qardaşlarınız var. Əlaqələrimizin möhkəmləndirilməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".
Görüşdə, həmçinin Akko şəhərinin meri Ohad Seqev Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı onun Akko şəhərində yaşayan qardaşı Rantik Aqarunova təqdim edib.
lll
Səfər zamanı Qəzza zolağının şimalına mənzərənin açıldığı Givat Kobi müşahidə məntəqəsində də olduq və burada İsrail Müdafiə Qüvvələrinin sözçüsü, mayor David Barux jurnalistlərin suallarını cavablandırdı. Ordu rəsmisi bildirdi ki, İsrail ordusu Qəzzada atəşkəs şəraitində HƏMAS-ın infrastrukturuna qarşı əməliyyatları davam etdirir: "İsrail ordusu hazırda "sarı xətt" adlandırılan mövqelərə çəkilib və nəzarət etdiyi ərazilərdə mülki əhali yoxdur. Biz terror infrastrukturuna, xüsusilə tunellərə qarşı fəaliyyət göstəririk. Söhbət yüzlərlə kilometr uzunluğunda tunellərdən gedir. Bəzilərini əvvəlcədən bilirdik, digərlərini isə sonradan aşkarlamışıq. Bəzi tunellər bir neçə mərtəbə aşağıya doğru uzanır".
O bildirib ki, HƏMAS yenidən üzvlər cəlb edir, təşkilat üç il əvvəlki gücdə olmasa da, hələ də İsrail üçün real təhlükə yaratmaq imkanına malikdir.
Əlavə edib ki, İsrail 20 bəndlik sülh planını həyata keçirir və Plan çərçivəsində Qəzzaya gündə orta hesabla 600 humanitar yardım maşınının daxil olmasına imkan yaradılır. Son bir il ərzində bölgəyə 2 milyon ton humanitar yardım göndərilib. Tibbi səbəblərlə Qəzzadan digər ölkələrə getməli olan şəxslərin İsrail ərazisindən keçməsinə icazə verilir: "Biz HƏMAS-la mübarizə aparmağa davam edirik. Hərbi baxımdan HƏMAS-a qarşı böyük uğurlar əldə etmişik, lakin təşkilat hələ də mövcuddur və müəyyən imkanlarını qoruyub saxlayır".
İsrail-Livan sərhədində isə bizə hazırkı vəziyyət, təhlükəsizlik, ərazinin strateji əhəmiyyəti və son dövrdə baş verən hadisələr barədə məlumat verildi. Alma Tədqiqat və Təhsil Mərkəzinin təsisçisi və prezidenti Sarit Zahavi deyib ki, Suriyada və Livanda siyasi vəziyyətin dəyişməsi "Hizbullah" qruplaşmasının gücünü sarsıdıb. O bildirib ki, danışıqlar davam edir, Suriya və Livanla uğurlu razılaşma əldə olunacağına ümid edir.
lll
İsrailə səfər kifayət qədər zəngin və sıx qrafiklə hazırlanmışdır. Altı gün ərzində bir neçə şəhərdə olduq, ən vacib məkanları ziyarət etdik, görüşlərdə iştirak etdik, ölkənin məşhur Kanal12 və i24 televiziya kanallarında həmkarlarımızla görüşdük. Həmişə görməyi arzuladığım yerləri ziyarət etmək qismət oldu. Tarixə toxunmağı, onu hiss etməyi sevirəm. İsrail səfəri mənim üçün həm də minillik tarixin izlərinə toxunuş, onu hiss etmək deməkdir.
İsrailin süfrə mədəniyyətini, dadlı, rəngarəng yeməklərini də mütləq vurğulamalıyam. Bəlkə də İsrail səfər etdiyim ilk ölkə idi ki, süfrəyə gələn bütün çeşidlərin dadına baxdım. Mətbəxdə zeytun yağından geniş istifadə olunur, süfrəyə çox çeşiddə salatlar düzülür. Yeməklər həm çox dadlıdır, həm də sağlam tərkibdədir. Ümumiyyətlə, İsrail mətbəxi müxtəlif icmaların kulinariya ənənələrinin birləşməsindən formalaşıb. Mətbəxin rəngarəngliyinin əsas səbəblərindən biri də budur.
Belə, qədim tarixlə müasir həyatın, müxtəlif xalqların və mədəniyyətlərin bir arada yaşadığı bu coğrafiyada hər addım insanı fərqli bir hekayə ilə qarşılaşdırır. Ben-Qurion hava limanında geri qayıtmaq üçün gözləyərkən yaşlı yəhudi cütlüklə söhbət edirəm. Sonuncu dəfə 7 il əvvəl Azərbaycanda olduqlarını deyirlər. Azərbaycanı çox sevdiklərini, Bakı üçün darıxdıqlarını söyləyirlər. Yeddi il ərzində Bakıda nələrin dəyişdiyini, hansı yeniliklərin olduğunu soruşurlar. Bu söhbət məni yenidən Akko şəhərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşə, daha doğrusu, orada hiss etdiyim böyük Azərbaycan sevgisinə qaytarır. Deməli, bu sevgi daha geniş və dərin bir bağlılığın ifadəsidir. Və mənim İsrail təəssüratlarıma bu hekayə də əlavə olunur.
Pərvanə SULTANOVA