Bir səyahət bir neçə ölkə : Azərbaycan nə qazanacaq?

08.10.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Qırğızıstan prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycanın birgə turizm marşrutlarının yaradılmasını təklif edib. O, marşrutların “bir səyahət – bir neçə ölkə” prinsipi ilə hazırlanmasını və vahid turizm vizasının tətbiqi mexanizminin işlənib hazırlanmasını təklif edib.

Bəs belə marşrutların yaradılması nə dərəcədə realdır və Azərbaycan üçün hansı imkanlar yarada bilər? Bu təşəbbüs ölkəyə turist axınının artmasına və Azərbaycanın regionda turizm mərkəzinə çevrilməsinə imkan verə bilərmi?

“Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, təşəbbüs real və iqtisadi baxımdan əsaslandırılmışdır:

“Bu, kifayət qədər real və iqtisadi baxımdan əsaslandırılmış təşəbbüsdür. Əslində, belə əməkdaşlığın müəyyən bazası artıq mövcuddur. Türk Dövlətləri Təşkilatı çərçivəsində hələ 2017-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyəni birləşdirən 14 günlük “Modern Silk Road Joint Tour Package” sınaqdan keçirilmişdi. 2026-cı ilin mayında isə Özbəkistan “Central Asia Tourism Ring” – Mərkəzi Asiyanın vahid turizm məkanı kimi təqdim edilməsi təşəbbüsünü irəli sürüb. Deməli, Prezident Sadır Japarovun bugünkü təklifi tamamilə yeni ideyadan daha çox, mövcud regional təşəbbüslərin Azərbaycanı da əhatə edən daha sistemli modelə çevrilməsidir”.

Ekspert hesab edir ki, ilk mərhələdə vahid viza deyil, vahid turizm məhsulunun yaradılması daha realdır:

“Burada ən real başlanğıc nöqtəsi vahid viza deyil, məhz vahid turizm məhsuludur. Tarixi İpək Yolu, qədim şəhərlər, dağ və ekoturizm, Xəzər sahili, qastronomiya, etnoqrafiya və sağlamlıq turizmi bir-birini tamamlayan məhsullardır. Xüsusilə Avropa, Çin, Cənub-Şərqi Asiya və digər uzaq bazarlardan gələn turist üçün bir uzunməsafəli səfər çərçivəsində üç-dörd ölkəni görmək həm iqtisadi, həm də logistika baxımından cəlbedici ola bilər.

Vahid turist vizası isə daha mürəkkəb məsələdir. Burada altı dövlətin miqrasiya və təhlükəsizlik qaydalarının, məlumat mübadiləsinin, sərhəd prosedurlarının və üçüncü ölkələrə münasibətdə viza siyasətinin uzlaşdırılması tələb olunur. Ona görə daha real model mərhələli yanaşmadır: əvvəlcə birgə marşrutlar və turpaketlər, koordinasiya olunmuş uçuşlar, vahid marketinq və rezervasiya mexanizmləri, daha sonra isə üçüncü ölkələrin vətəndaşları üçün vahid və ya əlaqələndirilmiş elektron viza sistemi. Mərkəzi Asiyada vahid viza məsələsi artıq 2026-cı ildə rəsmi səviyyədə müzakirə olunur.

Bu yanaşma Azərbaycanın öz turizm strategiyası ilə də üst-üstə düşür. 2026–2030-cu illər Dövlət Proqramında vizasız rejimin genişləndirilməsi, elektron vizaların təkmilləşdirilməsi, hava əlaqələrinin artırılması və turizm, viza və nəqliyyat siyasətinin uzlaşdırılması ayrıca nəzərdə tutulur. Eyni sənəd “Böyük İpək Yolu” turizm məhsulunun yaradılması və inkişaf etdirilməsini də konkret tədbir kimi müəyyən edir”.

Samir Dübəndinin sözlərinə görə, çoxölkəli marşrutlar turist axınını artıra bilər, lakin əsas məqsəd turistlərin Azərbaycanda daha uzun müddət qalmasını təmin etmək olmalıdır:

“Potensial təsir müsbətdir və bunun müəyyən statistik əsası artıq görünür. 2024-cü ildə Mərkəzi Asiyadan Azərbaycana gələnlərin sayı 180,5 min nəfərə çatmış və əvvəlki illə müqayisədə 34 faiz artmışdı. 2025-ci ildə təkcə Qazaxıstandan təxminən 104 min, Özbəkistandan isə 62 mindən çox ziyarətçi gəlib; artım müvafiq olaraq təxminən 20 və 34 faiz olub. Qırğızıstandan gələnlərin sayı da 33,7 faiz artıb. Bu, qarşılıqlı turizm üçün artıq formalaşan bazarın olduğunu göstərir.

Ancaq bir vacib məqam var: çoxölkəli marşrut turist sayını artıra bilər, lakin bu, avtomatik olaraq Azərbaycanda gecələmələrin və turizm gəlirlərinin eyni sürətlə artması demək deyil. Əgər Azərbaycan böyük regional turun yalnız bir-iki günlük dayanacağına çevrilərsə, turist axını artsa belə iqtisadi effekt məhdud qala bilər. Buna görə məqsəd sadəcə turistin Azərbaycandan keçməsi deyil, onun burada daha uzun qalmasını təmin etmək olmalıdır. Bakı ilə yanaşı Şamaxı–Şəki, Qəbələ, Gəncə, Qarabağ, sağlamlıq və qış turizmi mərkəzləri, qastronomiya və ekoturizm məhsulları belə paketlərə daxil edilməlidir.

Azərbaycanın regional turizm mərkəzinə çevrilməsi üçün coğrafi mövqeyi həqiqətən əlverişlidir: ölkə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətlərinin kəsişməsində yerləşir. Bakı artıq Almatı, Astana, Aktau, Daşkənd və digər Mərkəzi Asiya şəhərləri ilə birbaşa hava əlaqələrinə malikdir. Dövlət Proqramında da yeni birbaşa beynəlxalq uçuşların, aşağıbüdcəli aviaşirkətlərin və regional hava limanlarının rolunun artırılması nəzərdə tutulur.

Ona görə mən bu təşəbbüsə yalnız “vahid viza” layihəsi kimi baxmazdım. Əsas məqsəd Mərkəzi Asiya–Xəzər–Azərbaycan xəttini vahid turizm məkanı kimi dünya bazarına çıxarmaqdır. Bunun üçün viza ilə yanaşı, münasib aviabiletlər, uyğunlaşdırılmış uçuş cədvəlləri, ümumi rəqəmsal satış platforması, birgə marketinq, turoperatorlar arasında əməkdaşlıq və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi lazımdır. Bunlar həyata keçirilərsə, Azərbaycan sadəcə tranzit nöqtəsi deyil, regionun əsas giriş qapılarından və turizm mərkəzlərindən birinə çevrilə bilər.

Ən vacib şərt isə budur: “bir səyahət – bir neçə ölkə” modeli Azərbaycan üçün “bir neçə ölkə – Azərbaycanda cəmi bir gecə” modelinə çevrilməməlidir. Turist axını ilə yanaşı, ölkədə qalma müddəti, gecələmə sayı və turist xərcləri də əsas nəticə göstəriciləri olmalıdır”.

Günay İlqarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью