Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 5 oktyabr, AZƏRTAC
Mülki Prosessual, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsinin hazırlanması və müzakirəsi zərurətindən yaranıb. Sözügedən qanun layihəsi əsasən həssas əhali qruplarının hüquqi yardım alma imkanlarını genişləndirməyə və onların konstitusion hüquqlarını daha etibarlı qorumağa yönəldiyindən həmin şəxslərin hüquqi statusunu müəyyən edən əlaqəli qanunlara da müvafiq dəyişikliklərin edilməsini zəruri edib. Belə ki ki, hazırki qanun layihəsi şəhid ailəsi statusunu almış ailələrin, veteranların, qaçqın statusu almış şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların, yetkinlik yaşına çatmayanların, insan alveri qurbanlarının, sosial yardım alan ailənin üzvlərinin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, əlilliyi olan işləməyən şəxslərin pulsuz hüquqi yardım almaq hüququnu təsbit edir.
"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsindən dolayı, dəyişikliklərin edilməsi zəruri olan qanunlardan biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanundur. Hazırki layihə həmin qanunda vəkillərin pulsuz hüquqi yardım göstərmək vəzifəsini, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin pulsuz hüquqi yardımın göstərilməsi üzrə fəaliyyətini tənzimləyir.
Layihədə önəmli məqamlardan biri də odur ki, vəkil haqqının məbləğini əvvəllər müvafiq icra hakimiyyəti orqanı müəyyən edirdi, hazırki qanun layihəsində isə bu qanunla müəyyən edilir.
Fotoqraf - Aydın Məmmədov