525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İqtisadi artım tempinin yüksəldilməsi üçün bir sıra sahələrin inkişafına üstünlük verilməlidir. Hökumət kənd təsərrüfatını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və aqrar sənayenin inkişafı üçün proqram qəbul edib. Bununla yanaşı, metallurgiya və dağ-mədən sənayesinin inkişafı, emal sənayesinin genişləndirilməsi və sənaye klasterlərinin yaradılması da mühüm əhəmiyyət daşıyır. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində süni intellekt, bulud texnologiyaları və məlumat bazalarının inkişafı da iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər".
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, alternativ enerji sahəsində enerji mənbələrinin şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində də addımlar atılır. Nəqliyyat və logistika sahəsində tranzit imkanlarının artırılması, ölkə ərazisindən daha çox yükün daşınması iqtisadi fəallığa müsbət təsir göstərə bilər. Turizmin inkişafı da iqtisadi artımın sürətləndirilməsi baxımından əhəmiyyətli istiqamətlərdəndir. Sadalanan sahələrin inkişafı ilə yanaşı, ümumi iqtisadi islahatların davam etdirilməsi də vacibdir. Bu addımlar ölkə iqtisadiyyatının daha sürətlə inkişaf etməsinə şərait yarada bilər.
Sevinc Qarayeva