Bir siyasi irsin davamı, bir dövlətin yüksəliş tarixçəsi ŞƏRH

20.11.2026

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı nəsillərin həyatına və dövlətin gələcəyinə də təsir göstərir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması məhz belə hadisələrdən biridir. Həmin illərdə Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız bir-bir işğal olunur, insanların gələcəyə inamı ciddi şəkildə sarsılırdı. Belə bir şəraitdə xalqın böyük etimad göstərdiyi Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə qayıdışı və yeni siyasi təşkilatın yaradılmasına rəhbərlik etməsi ölkənin gələcək inkişafı baxımından mühüm hadisəyə çevrildi. Yeni Azərbaycan Partiyasının yaranması dövlətçiliyin qorunması, milli maraqların müdafiəsi və müstəqil Azərbaycanın gələcəyinin təmin edilməsi məqsədlərini özündə birləşdirirdi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri dövlətin parçalanması təhlükəsinin aradan qaldırılması və idarəçilik sisteminin möhkəmləndirilməsi idi. Ermənistanın işğal siyasəti nəticəsində torpaqlarımızın böyük hissəsi nəzarətdən çıxmış, yüz minlərlə ailə doğma yurdlarından didərgin düşmüşdü. Heydər Əliyev ölkədə sabitliyin yaradılması, milli ordunun formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Onun rəhbərliyi ilə müəyyənləşdirilən inkişaf strategiyası ölkəmizin gələcək uğurları üçün möhkəm təməl yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarını genişləndirdi, ölkənin dünya enerji bazarına inteqrasiyasına yeni şərait yaratdı. Bu addımlar müstəqil dövlətin iqtisadi dayaqlarının güclənməsində mühüm rol oynadı.
2003-cü ildən sonra həmin siyasi və iqtisadi inkişaf xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Ölkədə həyata keçirilən genişmiqyaslı layihələr, yolların, məktəblərin, xəstəxanaların, sənaye müəssisələrinin tikintisi, müdafiə sənayesinin inkişafı və ordunun müasirləşdirilməsi Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Bununla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi məsələsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalırdı. Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini bütün platformalarda müdafiə edir, diplomatik danışıqları davam etdirir, eyni zamanda öz hərbi gücünü artırırdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi uzun illər ərzində görülən işlərin və xalqın birliyinin mühüm sınağı oldu. Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində 44 günlük müharibədə tarixi Qələbə qazanıldı. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixində xüsusi yer tutdu. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində suverenliyi tam bərpa olundu.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri həmin tarixi Qələbənin real nəticələrini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, yollar, tunellər, hava limanları, məktəblər və digər sosial obyektlər inşa edilir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş ailələr öz yurdlarına qayıdır, dağıdılmış şəhər və kəndlərimiz yenidən həyata qovuşur. Bu prosesdə şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq hər zaman xüsusi ehtiramla yad edilir. Çünki bu gün qurulan hər bir ev, çəkilən hər bir yol və bərpa olunan hər bir yaşayış məntəqəsi Vətən uğrunda verilən mübarizənin nəticəsidir.
Yeni Azərbaycan Partiyasının yaranmasından ötən illər ərzində ölkəmiz böyük tarixi dəyişikliklərə şahidlik edib. 1992-ci ildə dövlətçilik və sabitlik naminə yaradılan siyasi təşkilat bu gün də ölkənin ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə müşayiət olunub. 21 noyabr tarixi yalnız bir partiyanın təsis olunduğu gün deyil, həm də Azərbaycanın çətinliklərdən inkişaf və quruculuq mərhələsinə keçid tarixini xatırladan əlamətdar gündür. Bu tarix bizə göstərir ki, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və xalqın gələcəyi naminə müəyyənləşdirilən siyasi strategiyalar ölkənin taleyində mühüm iz buraxa bilər.

Qənaət Əsgərov

YAP Kəlbəcər rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью