Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hörmətli oxucu, bu kiçik həcmli məqalədə Sizlərlə tanınmış yazıçı, publisist və ədəbiyyatşünas, "Yol" qəzetinin Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Məti Osmanoğlunun qələmə aldığı “Bodenştedt oğrumu, doğrumu?” kitabı barədə fikir və düşüncələrimi bölüşmək istəyirəm. Nəşrin ərsəyə gəlməsindəki real intellektual əməyin ümumi mahiyyətini xarakterizə etmək üçün mövzunun aktuallığına diqqət etmək yetərlidir. Bir az da dəqiqləşdirsək, aktuallıq dedikdə, əsasən, Azərbaycana, millətimizə və ümmətimizə aid olan həqiqətlərin tanıdılmasını nəzərdə tuturam. Qeyd etməliyik ki, Mirzə Şəfi Vazeh yaradıcılığı bütün dövrlərdə tədqiqatçıların diqqət mərkəzində olub. İndiyədək bu istiqamətdə nələrə nail olunub və qarşıda duran vəzifələr nədir? Hesab edirəm ki, Məti Osmanoğlunun oxucularla növbəti görüşü sayılan bu kitabın üstündəki “sual“ işarəsi ilə bundan əvvəlki cümlədə mənə aid olan “sual” işarəsi arasında ümumi və təbii bir bağlayıcı mövcuddur. Bu ekvivalentlik inkarolunmazdır. Bununla belə, tam səmimi deməliyəm ki, müəllif kitabın üstündəki bir sualla 101 suala cavab verən araşdırma aparıb.
101 SUALA CAVAB VERƏN ARAŞDIRMA
İstənilən halda, əsaslandıra bilirəm ki, “Bodenştedt oğrumu, doğrumu?” dərin bir araşdırma, müəllifin oxucusu ilə olduqca səmimi münasibətinin növbəti göstəricisidir. Səmimiyyət dediyimiz anlayış müəllifin nəşrin girişində qeyd etdiyi “Mətnlərin alman dilindən tərcüməsində müasir rəqəmsal dil texnologiyalarının imkanlarından faydalanılmışdır”,-izahat xarakterli məlumatı xatırlatmaq yetərlidir.
Öncə araşdırmanın faydalılığı barədə bir neçə kəlmə deyək. Bunun üçün jurnalistika ilə pedaqoji fəaliyyət arasında bəzi paralellər aparacağam. Jurnalistika ilə pedaqoji fəaliyyətin hər ikisi özündə ümumi məlumatlandırma və maarifləndirməni sintez edir. Birincinin auditoriyası sərhədsiz, ikinci isə məhdud dairəlidir. Bəzən olduqca savadlı bir müəllim, məhdud dairədə öyrətməyə çətinlik çəkir. Neqativ məqsədlər istisna olmaqla bunun əsas səbəbi pedaqoqun öz bilik səviyyəsi ilə şagirdin və yaxud tələbənin ümumi informasiya bankı arasındakı fərqi düzgün müəyyən edə bilməməsindən yaranır. Hesab edirəm ki, “Bodenştedt oğrumu, doğrumu?” araşdırmasının olduqca rəvan dildə və sadə yazı üslubu ilə ortaya çıxmasının başlıca səbəbi Məti Osmanoğlunun həm təcrübəli pedaqoq həm də tanınmış jurnalist olmasından qaynaqlanır. Fasiləsiz olaraq maariflənməyə və informasiya bazasını zənginləşdirməyə ehtiyacı olan geniş ictimaiyyətin və tədris auditoriyalarının ehtiyaclarını fərli qaydada mükəmməl bilən müəllif cəmiyyətin ümumi istəyini nəzərə ala bilmişdir ki, bu dəqiqlik araşdırmanın mükəmməl şəkildə ortaya çıxmasında da öz təsirini göstərmişdir.
Araşdırmanı başqa bir adla nəşrə hazırlamaq olardımı? Məncə, bəli! Lakin müəllif zəngin araşdırmaçı təcrübəsinə böyük bir naşir ustalığı da əlavə edərək kitabın cildinə əlavə etdiyi “sual” işarəsi ilə əsərə yetərincə böyük məna verib və əlbəttə ki, həm də, Bodenştedti “mühakimə” üçün oxucunun hüququna ehtiram göstərdiyini ifadə edib. Mənə görə bu cür açıq və ciddi “mühakiməyə” Avropada ehtiyac vardır ki, bu barədə sonda bəhs edəcəyik.
MARAQLAR ANLAYIŞI...
Bu yerdə “maraqlar” deyilən anlayış üzərində fikir və düşüncələrimi bölüşmək istərdim. Dünən də, bu gün də dünyada baş verən bütün proseslərin təməlində və inkişaf dinamikasında da maraqlar dayanır. Dövlətlərin, siyasi partiyaların, təşkilatların, şirkətlərin və ayrı-ayrı fərdlərin maraqları indiyədək olduğu kimi gələcəkdə də mövcudluğunu saxlayacaq. İkinci, istənilən bir halda bələdçilər tərcüməçilərin və səyyahların fikir və düşüncəsinin formalaşmasında, onların əldə etdikləri və öyrənmək istədikləri informasiya bankının genişlənməsində müstəsna gücə və təsirə malik olurlar.
Osmanoğlu əsərin alt qatlarında imperiyaların süqutuna dair siyasi elmi nəzəri əsaslarını özündə ehtiva edən kəskin mühakimələr yürüdür. Bu barədə onunla düşüncələrimiz tam şəkildə üst-üstə düşür. Bu fikirlərin davamı olaraq qeyd etmək istərdim ki, keçmiş sovet imperiyası 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda, 1990-cı ildə Azərbaycanda, 1991-ci ildə Vilnüsda eyni maraq və məqsədə xidmət edən hərbi cinayətlər törədib. Bu ölkələrdən ikisi müsəlman, ikisi xristiandır. Faktlar təsdiq edir ki, imperiyalar etnik və dini amillər başda olmaqla kulturoloji təəssübkeşliyi yalnız və yalnız öz maraqlarını qorumaq üçün tətbiq edirlər. Yuxarıda qeyd etdiyimiz maraqların mədəni bölməsini tarixin bütün dövrlərində fərdlər, yaradıcı şəxslər həyata keçiriblər.
Aleksandr Duma, Marti for Bodenştedt və danimarkalı alimlər - Vilhelm Tomsen və Vasili Radlov türk-islam aləmi üçün nə ediblərsə belə, o çərçivədə təbii olaraq öz maraqlarını da qoruyublar. Hətta yalnız öz şəxsi, və yaxud özəl yaradıcılıq maraqlarını deyil, milli və dövlətçilik maraqlarından da əsla yan keçməyiblər. Aleksandr Duma yazır: “Baxın, görün yerli camaat bunu necə edir. Bunlar suyu ağızlarına doldurur, ondan əllərinə tökür, sonra üzlərini yuyurlar (144).” Mənə görə, səyyahın yazdığı bu hissədə qəsd yoxdur. Hərçənd ki, ifadə təhqirə bərabər təhrifdir. Düşünürəm ki, səyyah burada ya müşahidəsini ya da ifadəsini düzgün aparmayıb. Bəlkə tərcümə xətasıdır? Ola bilər. Dumadan ikinci misal: “Daniel bəyin, bir erməni katibi varmış. Bu erməni katib general Şvartsa yazır ki, Daniel bəy, Şamilin tərəfinə keçmək istəyir (səh.164).” Mənim marağım burada erməni genealogiyasında daha bir satqınlıq faktdırsa, təbii olaraq ermənin də marağında 144 səhifəyə aid ifadə olacaq.
SÖHBƏT PLAGİATDAN DÜŞƏNDƏ...
Söhbət plagiatdan düşəndə istər-istəməz erməni toplumun nümayəndələrinin maddi və qeyri-maddi irsimizə qarşı oğurluqları xatırlamalı oluruq. Dünya-ailəmdə bizim qədər irsi oğurlanan tərəf tanımıram. Bəlkə də milli zənginliyimizdən və xalqımızın bitib tükənməyən yaradıcılıq istedadındandır. Burda da bir sual yaranır: indiyədək maddi və mədəni irsimizə dair mənimsənilənlərin hamısından xəbərdarıqmı?
Qeyd etdiyim kimi, milli-mənəvi dəyərlərimizə, maddi irsimizə qarşı plagiat əməlləri daha çox ermənilərdən rast gəlmişik. Bəli, Azərbaycana qarşı erməni təcavüzü təkcə torpaq iddiası ilə bitmir. Onlar Azərbaycanın hər zaman tarixi mədəniyyət nümunələrinə, zəngin mətbəx mədəniyyətinə, musiqisinə, musiqi alətlərinə, sənət əsərlərinə sahib olmağa çalışıblar. Zaman-zaman musiqimizə oynayıb, lavaşımıza tamah salıb, notlarımızdan ritm tutub tanınmağa çalışıblar. Keçmiş sovet dövrünə dair bir fakt: Üzeyir Hacıbəyovun dünya şöhrətli "Arşın mal alan" operettasının amerikalı bir erməni tərəfindən oğurlanmasına cəhd olub. Mənbələrdə yazılır ki, Nyu-Yorkda çıxan "Arşın mal alan" not kitabının üz qabığında Üzeyir bəyin deyil, erməni Mağalyanın adı yazılır. Bu əsərin Mağalyan tərəfindən oğurlanması barədə bir neçə il əvvəl vaxtilə Ü.Hacıbəyovun orkestrində violençel çalan və sonradan Amerkaya köçmüş Okororov məktubla Üzeyir bəyə məlumat vermişdir (Əhmədov R. Mir Cəfər Bağırov. Bakı:Nurlan 2004, 432 s.).
2010-cu ildə Tehranda keçirilən kitab sərgisində qəribə bir qalmaqal baş verdi (işimlə bağlı hadisənin birbaşa iştirakçısı olmuşam -S.Ş.). Təşkilat komitəsi israrla orada qurulmuş Azərbaycan stentindəki tar, kaman və qavalın yığışdırılmasını tələb edirdi. Səbəb kimi ermənilərin iddiası göstərilirdi. Ermənilər 1956-cı ildə Qumda farsca nəşr etdirdikləri kitabda adıçəkilən musiqi alətlərinin özlərinə məxsus olduğunu yazmışdılar (şəkilaltı yazı ilə). Bu mövzuda sadalaya biləcəyim faktlar saysız hesabsızdır.
Orxan-Yenisey abidələri barədə müqayisəmiz daha ciddidir: Professor Əbülfəz Rəcəbli yazır ki, Orxan-Yenisey abidələrindən ilk dəfə XII əsr tarixçisi Əlaəddin Ata Məlikin “Cuveyni tarixi cahanguşa” adlı əsərində bəhs olunur (“Kredo”, səh 4. 27 mart 2019). Bəs, bu barədə yalnız Avropada deyil, türk dünyasında nə deyirlər?
Bodenştedtə gəldikdə, Mirzə Şəfinin şeirlərini Avropada nəşr etməklə böyük missiya həyata keçirib. Belə bir mühakimə də yürüdə bilərik: əgər o, bu şeirləri öz adından tam şəkildə nəşr edib mərhum Şəfinin adını kağız üstünə heç yazmasaydı, bəlkə də heç vaxt bu “plagiatın” üstü açılmayacaqdı.
YAXŞI Kİ...!
“Yaxşı ki varsan”, “yaxşı ki, sizi tanıdım”, “yaxşı ki, doğuldun” və s. məzmunda könül oxşayan ibrətamiz ifadələrimiz var. Bir təsadüfdə “Bodenştedt oğrumu, doğrumu?” kitabından az əvvəl Aleksandr Dumanın “Qafqaz səfəri” əsərinin “Qanun” nəşriyyatı versiyasının təkrar vərəqləmişdim. Elə bu arada da TÜRKSOY-la bağlı bir təqdimat hazırladığım üçün Orxan-Yenisey abidələri barədə bildiklərimi yeniləməyə çalışırdım. Məti Osmanoğlunun kitabda qaldırdığı məsələlərlə tam bağdaşdığı üçün ironik şəkildə “Yaxşı ki, Aleksandr Duma, Marti for Bodenştedt və danimarkalı alimlər - Vilhelm Tomsen və Vasili Radlov varmış”,-deyə düşündüm və I Bakı Türkoloji qurultayının keçirilməsinin səbəb və məqsədləri barədə fikirlərimi qətiləşdirdim. Türk-islam aləmini öz soy-kökündən ayırmaq üçün əsrlər boyu mübarizə aparılıb. Əcdadlarmızın qədim türk, həmçinin ərəb əlifbası ilə kağızlara, dəri üstünə, kitabələrə köçürdükləri, hətta ilmələrlə, dəmir döymələr sayəsində həyat verdikləri yaradıcılıq irisini millətimizə və ümmətimizə unutdurmaq üçün mütləq əlifbadan uzaqlaşdrmalıydılar ki, bunu də təkcə XX əsrdə dörd dəfə ediblər. Təkcə budurmu? Xeyr, hesab edirəm ki, türk xalqlarının əsrlər boyu fərli ideologiyaların və siyasi sistemlərin təsiri altında yaşayıb yaratması vahid dəyərlər şəbəkəsinin davamlı şəkildə pozulmasına səbəb olmuşdur ki, bu fərqi aradan qaldırmaq getdikcə daha mümkünsüz hala çevrilir. Neçə ki, tam gec deyil, problemin aradan qaldırılması üçün hərəkətə keçmək lazımdır.
NƏTİCƏ
...İstər İlahi hökmün qüdrəti, istərsə də yuxarıda qeyd etdiyim “maraqlar” anlayışı ilə əsaslandıra bilərəm ki, yaşadığımız dünyada təsadüflər yoxdur. Aleksandr Duma, Marti for Bodenştedt və danimarkalı alimlər - Vilhelm Tomsen və Vasili Radlovun yaradıcılıq istiqamətlərində də təsadüflər ola bilməz. Duma fransız dilinə olan sevgisini az qalır hər səhifədə tərənnüm etsin.
Hesab edirəm ki, “Bodenştedt oğrumu, doğrumu?” araşdırmasının müəllifi Məti Osmanoğlu bu əsərlə Marti for Bodenştedt və Mirzə Şəfi Vazeh münasibətlərinə dair əsas məqamların Avropa elitasına çatdırılmasının vacibliyini ortaya qoyub. Bu mənada “Bodenştedt oğrumu, doğrumu?” kitabı ən azı üç Avropa dilində qoca qitədə yayılmalıdır. Əks halda, “özümüz öz qulağımıza danışırıq” fikri burada da özünü inikas etdirəcək. Necə ki, Avropanın elmi elitası indiyədək Orxan-Yenisey abidləri ilə bağlı Əlaəddin Ata Məlikin yazdıqlarından xəbərsiz olub. “Xəbərsizmi olub, yoxsa maraqlar buna imkan verməyib?” özü də bir ciddi sualdır.
Şəfi yaradıcılığının arxivlərdən tam şəkildə tapılması məsələsinə gəldikdə isə, Azərbaycanda bu sahəyə məsul olan bir neçə qurum var ki, əslində onlar bunu çoxdan etməliydilər. Hansıya tapşırıq və yaxud təklif gözləmədən. Mirzə Şəfi daxil olmaqla əcdadlarımıızın fars dilində yazmağına gəldikdə isə burada da özünəməxsus genetik istedad, zənginlik axtarsaq daha doğru olar. Problemin qoyuluşu çox sadədir: o dövrdə ərəb və fars dillərində yazmağa niyə mey olub? Və yaxud: Çar Rusiyasının nəzarət etdiyi coğrafiyanın ucqarlarında belə, nə üçün fransız dilinə üstünlük verilirdi? Məncə, hazırda beynəlxalq inteqrasiya imkanlarından istifadə edərək məhz ilk növbədə xarici tədqiqatçılar vasitəsilə sonda qaıdırdığımız məsələyə dair həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq yeganə güzgün yoldur. Məsələn, unutmamalıyıq ki, ermənilərin “qədimilik” xülyasını dünya elm ictimaiyyəti qarşısında ifşa edənlər də əsasən xarici tarixçilər olub, türklər yox.
Bakıda fəaliyyət göstərən “Füyuzat” yayın evi tərəfindən ötən il çap edilmiş “Bodenştedt oğrumu, doğrumu?” adlı kitab ön söz, dörd fəsil və son sözdən ibarət olmaqla 247 səhifədir. Nəşrdə əksini tapan faktlar və müəllifin mühakimələri araşdırmaçılar üçün olduqca cəlbedicidir. Xüsusilə, sitatlar və onlar arasındakı bağlantı əsərin rəvan şəkildə oxunmasına yetərincə təsir göstərir. Nəşrin oxucular tərəfindən böyük rəğbət qazanacağı şübhəsizdir. Yüksək poliqrafiya, nəfis dizayn və cəlbedici tərtibatla nəşr olunan əsərin daha bir özəlliyi onun məhz sarı (əsl kitab kağızı) kağızla çap edilməsidir. Möhkəm cansağlığı və daha böyük yaradıcılıq arzusu ilə müəllifə təbrik edir “davamı gəlsin!”-deyirəm.
Sabir Şahtaxtı