Bir uşağın inamı, bir stadionun möcüzəsi, bir komandanın qələbəsi...

22.01.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol bəzən sadəcə oyun olmur. Bəzən 90 dəqiqəyə sığmayan hisslər, illərlə yaddaşdan silinməyən anlar yaradır. “Qarabağ”ın Çempionlar Liqasının VII turunda “Ayntraxt” üzərində son dəqiqə qələbəsi də məhz belə anlardan biri idi. Amma bu qələbənin ən təsirli tərəfi tabloya yazılan 3:2 deyil, o tablonu əvvəlcədən görən bir uşağın saf inamıdır.

Bəhlul Mustafazadə… Penaltiyə səbəb olan, bəlkə də minlərlə azarkeşin ürəyini bir anlıq sıxan futbolçu. Amma futbol ədaləti elə son saniyələrdə öz sözünü dedi. 90+4-cü dəqiqə. Top tora dəyir. Stadion partlayır. Bəhlul səhvini qolla yuyur, “Qarabağ” qalib gəlir, Azərbaycan futbolu daha bir gecəni tarixə yazır.

Və sonra ortaya çıxan bir video, bir hekayə…

Fatih. Hələ futbolun qaydalarını tam əzbərləməyən, amma onun ruhunu hamıdan yaxşı anlayan bir azyaşlı. Oyun başlamamış “hesab 3:2 olacaq, Bəhlulun xeyrinə” deyən uşaq. Sadəcə proqnoz deyil bu. Bu, inamdır. Saf, hesabsız, uşaq inamı. Böyüklərin “ola bilməz” dediyi yerdə, Fatihin “olacaq” deməsi. O, bütün oyun boyu “Bəhlul, Bəhlul” deyə qışqırıb. Bəlkə də minlərlə səsin içində eşidilməyib. Amma futbol elə oyundur ki, bəzən ən zəif səs ən güclü təsiri yaradır. Bəlkə də o qolun içində Fatihin duası vardı. Bəlkə də o top tora dəyərkən, bir uşağın ürəyi də sevincdən döyündü.

Fatih “Araz Futbol Akademiyası”nda məşq edir. Yorulur, yıxılır, qalxır. Amma xəyal qurmaqdan vaz keçmir. Onun ən böyük arzusu isə sadədir: Bəhluldan imzalı, üzərində öz adı yazılan forma. Bu arzunun içində nə var bilirsinizmi? Ümid var. Özünü gələcəkdə o formanı geyinən yerdə görmək var.

Bu hekayə bizə xatırladır ki, futbolu böyük edən kuboklar deyil, xallar deyil. Futbolu böyük edən Fatihlərdir. Tribunada, ekranda, həyət-bacada bu oyuna ürəyini qoyan uşaqlardır. Bəhlulun qolu qələbə gətirdi. Fatihin inamı isə bu qələbəyə ruh qatdı.

Bəzən bir uşağın dediyi söz, bir stadionu ayağa qaldıra bilir. O gecə Qarabağ qazandı. Amma ən böyük qələbə inamın qələbəsi idi.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью