Bir Vətən, ortaq məsuliyyət

26.09.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Samir Əsədli

VHP Mərkəzi İcra Aparatının rəhbəri

Azərbaycanın müstəqilliyinin ilk illərinin mürəkkəb siyasi mənzərəsində meydana çıxan Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən 34 il ötür. 1992-ci il sentyabrın 26-da təsis qurultayını keçirən VHP ötən müddətdə ölkənin ictimai-siyasi həyatında öz siyasi və ideoloji xətti ilə fəaliyyət göstərib.

Bu 34 ilin arxasında sadəcə bir partiyanın keçdiyi siyasi mübarizə yolu dayanmır. Oradan Azərbaycanın müstəqillik tarixinin ən ağrılı və ən qürurlu səhifələri keçir: dövlət quruculuğunun ilk sınaqları, Qarabağ savaşının ağır illəri, siyasi qarşıdurmalar, parçalanmaq təhlükəsi, torpaq itkisi, uzun mübarizə və nəhayət, ərazi bütövlüyünün bərpası ilə başlanan yeni mərhələ. VHP məhz həmin tarixin ən narahat çağında yarandı. 1992-ci ildə müstəqillik artıq elan edilmişdi, amma onu qorumağın nə qədər ağır olduğu hər gün daha aydın görünürdü. Cəbhədən gələn xəbərlər evlərə kədər daşıyır, siyasi ehtiraslar ölkəni silkələyir, iqtisadi böhran insanların güzəranına çökür, gənc respublika eyni vaxtda həm müharibə aparır, həm də dövlət olmağı öyrənirdi. Belə bir zamanda “Vətəndaş Həmrəyliyi” adının siyasi meydana çıxması təsadüf sayıla bilməzdi. Sabir Rüstəmxanlının rəhbərliyi ilə yaradılan partiyanın adında dövrün ən böyük ehtiyaclarından biri ifadə olunurdu: Azərbaycanı daxili qarşıdurmaların içində itirməmək, milli iradəni siyasi ehtirasların fövqündə saxlamaq.

Bu düşüncənin başlanğıcı isə 1992-ci ilin sentyabrından əvvələ gedirdi. Onun arxasında 1988-ci ilin meydanları, milli oyanış, azadlıq çağırışları, yüz minlərlə insanı bir meydana gətirən istiqlal iradəsi vardı. Meydan Hərəkatı bir həqiqəti göstərmişdi: ayrı-ayrılıqda sadə görünən insanların iradəsi ortaq amal ətrafında birləşəndə böyük tarixi gücə çevrilir. Sonra meydanların gur səsi dövlət quruculuğunun ağır gündəliyi ilə əvəz olundu. Azadlıq romantikası yerini müstəqilliyin məsuliyyətinə verdi. Artıq əsas məsələ yalnız azad olmaq deyildi; azadlığı yaşatmaq, dövləti qorumaq, cəmiyyətin daxilində birliyi itirməmək lazım idi. VHP-nin siyasi düşüncəsində vətəndaş həmrəyliyi məhz bu ehtiyacın ifadəsinə çevrildi.

“Nicatımız - Vətəndaş Həmrəyliyindədir!” çağırışı da həmin günlərin içindən doğdu. İllər keçdi, siyasi leksikon dəyişdi, yeni anlayışlar meydana çıxdı, yeni nəsil yetişdi. Amma “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” anlayışları zamanla daha geniş ictimai məna qazandı. Bir vaxt siyasi ideya kimi səslənən bu fikirlər ölkənin keçdiyi sınaqlar fonunda milli bütövlüyün vacib şərtlərindən biri kimi dərk olunmağa başladı. Çünki həmrəylik eynilik deyil. Həmrəylik hamının eyni siyasi mövqedə dayanması, eyni cür düşünməsi, eyni sözləri söyləməsi də deyil. Əksinə, fərqli düşünən insanların dövlətin və millətin taleyi qarşısında ortaq məsuliyyət daşıya bilməsidir. Etnik kökü, dini etiqadı, sosial mövqeyi, siyasi baxışı fərqli ola bilər, amma Azərbaycan vətəndaşını bunlardan daha böyük bir mənsubiyyət birləşdirir - ortaq Vətən və onun gələcəyi.

Müstəqilliyin ilk illərində ölkənin müxtəlif bölgələrində separatizm meyllərinin baş qaldırması, xarici təsirlərin daxili ziddiyyətləri dərinləşdirməyə çalışması milli birliyin dövlət üçün nə qədər həyati əhəmiyyət daşıdığını göstərdi. Azərbaycan həmin təhlükəli mərhələni də keçdi. Tarix isə sadə bir həqiqəti bir daha xatırlatdı: dövlətin sərhədlərini ordu qoruyur, onun daxilindəki bütövlüyü isə ortaq vətəndaşlıq duyğusu möhkəmləndirir.

VHP-nin bu gün müxtəlif etnik qrupların və dini icmaların nümayəndələrini öz sıralarında birləşdirməsi də partiyanın həmrəylik anlayışına verdiyi məzmunun ifadəsidir. Burada əsas ölçü insanın hansı etnik kökdən gəlməsi deyil, özünü hansı Vətənin taleyinə bağlı bilməsidir. Bu mənada “Nicatımız- Vətəndaş Həmrəyliyindədir!” yalnız 1992-ci ilin siyasi şüarı kimi qalmadı. Şüarlar adətən yarandığı zamanın içində yaşayır və həmin zamanla birlikdə unudulur. Bəziləri isə illər keçdikcə başqa məna qazanır. Çünki həmrəylik yalnız təhlükə gələndə eyni sırada dayanmaq deyil. Adi gündə də bir-birinin haqqını tanımaq, fərqli sözə dözümlü olmaq, siyasi rəqabəti düşmənçiliyə çevirməmək, şəxsi və qrup maraqlarından yuxarıda ölkənin gələcəyini görə bilməkdir. Siyasətin ciddi sınağı da məhz burada başlayır.

Siyasət yalnız hakimiyyət uğrunda mübarizəyə çevriləndə onun mənəvi sərhədləri çox tez itir. Rəqib düşmənə, tənqid təhqirə, fikir ayrılığı nifrətə çevrilir. Halbuki siyasətin cəmiyyət qarşısında daha ağır bir borcu var: qarşıdurmanı idarə etmək, fərqlilikləri düşmənçiliyə çevirməmək və ən çətin məqamda ortaq dövlət düşüncəsini qorumaq.

VHP-nin illər ərzində ifadə etdiyi siyasi-əxlaqi xətt də bu düşüncə üzərində qurulub:

biz yox - millətimiz!

bizim sözümüz yox - xalqın sözü!

böhtan yox- həqiqət!

kin-küdurət yox - sevgi!

siyasi oyunbazlıq yox - siyasi əxlaq!

Bu sözlərin gücü gur səslənməsində deyil. Onların əsl çəkisi siyasətin davranışına çevrilə bildiyi yerdə başlayır. Çünki bir partiyanın tarixini yalnız seçkilərin nəticələri, mandatların sayı və siyasi kampaniyalar müəyyənləşdirmir. Siyasi ömrün daha çətin ölçüsü var: zaman dəyişəndə hansı sözünün arxasında qala bildin, hansı prinsipini gündəlik siyasi marağa qurban vermədin? Otuz dörd il kifayət qədər uzun zamandır ki, həm ideya, həm də siyasi təşkilat zamanın sınağından keçsin.

VHP bu müddətdə siyasi mübarizəni seçki və parlament müstəvisində aparan partiyalardan biri olub. Yarandığı dövrdən parlamentdə təmsil olunan partiya müstəqillik illərində keçirilmiş parlament və bələdiyyə seçkilərində iştirak edib, müxtəlif dövrlərdə seçkili orqanlarda təmsilçilik qazanıb. Siyasi rəqabətin fərqli mərhələlərindən keçərək demokratik siyasi düşərgədə fəaliyyətini davam etdirib. Ancaq 34 illik yolun miqyası yalnız parlament kürsüsü və seçki statistikası ilə ifadə olunmur. Siyasi təşkilatın ömrü onun ölkənin müxtəlif nöqtələrində nə qədər kök sala bilməsi ilə də ölçülür. Bu gün VHP-nin respublikanın 84 bölgəsində və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təşkilatları bu yolun coğrafiyasını genişləndirir. Həmin təşkilatlarda müxtəlif etnik və azsaylı xalqların nümayəndələrinin təmsil olunması partiyanın adında daşıdığı həmrəylik düşüncəsinin təşkilati ifadəsi kimi təqdim olunur.

Dövlət böyük anlayışdır, amma onun həqiqi mənası böyük binalarda deyil, adi insanın gündəlik həyatında görünür. Torpağını əkən kəndlinin zəhmətinin qarşılığında, müəllimin cəmiyyətdəki yerində, gəncin sabaha inamında, sahibkarın qanuna güvənində, ziyalının söz azadlığında, məhkəməyə üz tutan vətəndaşın ədalət gözləntisində… Dövlət məhz insanın həyatına toxunduğu yerdə gerçək məna qazanır.

VHP-nin dövlətçilik baxışının mərkəzində dayanan əsas fikirlərdən biri də budur: dövlət insan üzərində hökmranlıq etmək üçün deyil, insanın hüquq və azadlıqlarını qorumaq üçün mövcuddur. Qanunvericilik, icra və məhkəmə hakimiyyətinin legitimliyinin başlanğıc nöqtəsində vətəndaşın iradəsi dayanmalı, hakimiyyətin bütün qolları sonda yenə həmin vətəndaş qarşısında məsuliyyət daşımalıdır.

 “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!” Bu cümlə sadə səslənir, amma onun arxasında bütöv bir dövlət fəlsəfəsi dayanır. Ən mükəmməl qanun kağız üzərində ən gözəl yazılan qanun deyil, insanın həyatında ədalət yaradan qanundur. Ən güclü idarəçilik sərt görünən idarəçilik deyil, hər kəsə bərabər münasibəti təmin edə biləndir. Hakimiyyətin həqiqi qüdrəti isə vətəndaşın qorxusunda yox, onun dövlətə inamında görünür.

Ədalət də yalnız məhkəmə hökmü deyil. Ədalət Bakının mərkəzində yaşayanla ən ucqar kənddə yaşayanın dövlət qarşısında özünü eyni hüququn sahibi bilməsidir. Vəzifəli ilə sadə vətəndaşın eyni qanunun qarşısında dayanmasıdır. İnsanın haqqını qorumaq üçün qapı-qapı düşməməsi, haqqın öz sahibinə çatmasıdır.

Azadlıq yalnız danışmaq imkanı deyil. İnsan sözünün ona qarşı silaha çevrilməyəcəyinə inanmalıdır. Qanunun aliliyi isə qanunların çoxluğu ilə yaranmır. O, qanundan yuxarıda dayanan adamın olmadığı yerdə başlayır. Hüquqi, dünyəvi və demokratik dövlətin möhkəmliyi də məhz bu sütunların üzərində dayanır: qanunun üstünlüyü, insan hüquqları, azad söz, ədalətli məhkəmə, sosial bərabərlik və vətəndaşın dövlətə etimadı.

VHP-nin siyasi hədəfləri də illər ərzində bu anlayışlar ətrafında ifadə olunub. Azərbaycanın suverenliyinin və dövlətçiliyinin qorunması, torpaqların işğaldan azad edilməsi, vətəndaşların sosial və konstitusion hüquqlarının təminatı, insan haqlarına və söz azadlığına dəyər verilən demokratik cəmiyyətin qurulması həmin siyasi xəttin əsas istiqamətləri sırasında yer alıb. 

Torpaqların işğaldan azad edilməsi ilə Azərbaycanın tarixində yeni səhifə açılıb. Bu isə dövlətçilik qarşısında başqa bir məsuliyyəti daha qabarıq göstərir: ərazi bütövlüyünü cəmiyyətin mənəvi və hüquqi bütövlüyü ilə tamamlamaq. Çünki torpağı azad etmək böyük tarixi vəzifədirsə, azad torpağın üzərində ədalətli, güclü və insan ləyaqətinə söykənən dövlət qurmaq gələcəyin böyük vəzifəsidir. Bu gün Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Dünənin suallarının bir hissəsi cavabını tapıb. Yeni zaman isə yeni suallar doğurub.

Vətəndaş Həmrəyliyi. Bir partiyanın adı olmaqdan daha artıq məna daşıyan, dövlətlə vətəndaşı, milli birliklə siyasi əxlaqı eyni düşüncədə birləşdirən çağırış:

Nicatımız - Vətəndaş Həmrəyliyindədir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью