Bir yaxşılığın aqibəti Rövşən Paşazadə yazır

11.11.2026

Icma.az bildirir, Adelet.az portalına istinadən.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı sürətlə dəyişirdi. Şərqin qədim ənənələri ilə Avropanın sənaye mədəniyyətinin qovuşduğu şəhər neft bumu sayəsində dünyanın diqqətini cəlb etmişdi. Nobel qardaşlarının və yerli neft sahibkarlarının fəaliyyəti Bakını mühüm sənaye mərkəzinə çevirmiş, Rusiyadan, Avropadan və Azərbaycanın müxtəlif bölgələrindən minlərlə insanı buraya cəlb etmişdi.

Məhz belə bir dövrdə, Bakının qədim Maştağa kəndində Müxtar dünyaya gəlmişdi. O, dini ənənələrə bağlı bir ailədə böyümüşdü. Babası Şeyx Əmir Qahirədə təhsil almış, biliyi və xeyirxahlığı ilə tanınan din xadimi idi. O, kənddə ehtiyacı olan insanlara əl tutar, imkanı daxilində heç kəsi köməksiz qoymazdı.

Müxtarın uşaqlıq xatirələrindən biri babasının Misirdən gətirdiyi qızıl bəzək əşyaları ilə bağlı idi. Bu əşyalar onda zərgərlik sənətinə maraq oyatmışdı. On dörd yaşı olanda atası onu Bakıya aparmışdı. Şəhərdə kiçik bir zərgərlik emalatxanası görən Müxtar ustanın işləməsinə heyran qalmışdı. Atası onu oradan uzaqlaşdırsa da, gördükləri yaddaşından silinməmişdi. Kəndə qayıtdıqdan sonra babasına zərgər olmaq istədiyini söyləmişdi. Şeyx Əmir onun istəyini dəstəkləmiş və atasını bu sənəti öyrənməsinə razı salmışdı.

Beləliklə, Müxtar zərgərlik sənətinə yiyələnmiş, zamanla öz emalatxanasını açmışdı. Bacarığı, zəhmətkeşliyi və zövqü sayəsində müştərilərinin etimadını qazanmışdı. Ailə qurmuş, Səadət xanımla birlikdə dörd qız övladı böyütmüşdü. İllərlə çalışaraq ailəsi üçün ev tikmiş, zəhməti hesabına rahat həyat qurmağa çalışmışdı. O, babasından gördüyü xeyirxahlıq ənənəsini də yaşadır, ehtiyacı olanlara kömək edirdi.

Muxtar şeyəmirov 1931 ci il

Lakin ölkədə baş verən siyasi hadisələr insanların həyatını alt-üst etməyə başlamışdı. Stalin repressiyaları dövründə Müxtarın da taleyi dəyişdi.

Bir gün əvvəllər ondan kömək istəyən, kasıb görkəmli bir kişi yenidən emalatxanaya gəldi. Ailəsindən birinin ağır xəstə olduğunu söyləyərək Müxtardan yardım istədi. Müxtar tərəddüd etmədən ona Nikolayın onluq qızıl sikkələrindən birini verdi:
“İmkanın olsa, qaytararsan. Olmasa, dünya dağılan deyil. Mən bunu Allah xatirinə edirəm”.

Kişi təşəkkür etmək üçün onun əllərindən öpmək istədi, lakin Müxtar buna imkan vermədi. Həmin adam bu yaxşılığı unutmayacağını söyləyərək oradan ayrıldı.

Sonralar məlum oldu ki, həmin kişi NKVD-nin gizli əməkdaşı imiş. O, Müxtar kimi maddi vəziyyəti nisbətən yaxşı olan insanların etimadını qazanır, onların xeyirxahlığından sui-istifadə edərək repressiya orqanlarına məlumat ötürürmüş. 

Müxtarın həbsindən sonra Səadət xanım dörd qızı ilə tək qaldı. Ailə üçün ağır və qeyri-müəyyən günlər başladı. Atalarının taleyindən xəbərsiz qalan qızlar ananın himayəsində böyüyür, evin yükünü onunla birlikdə daşıyırdılar.

İkinci Dünya müharibəsi illərində Müxtarın vaxtilə kömək etdiyi yəhudi qonşularından biri Səadət xanımın yanına gəldi. O, Müxtarın yaxşılığını unutmadığını deyərək ailəyə pul və ərzaq təklif etdi. Lakin Səadət xanım bu köməyi qəbul etmədi. Nə özünün, nə də qızlarının heç nəyə ehtiyacı olmadığını söyləyərək ondan narahat olmamasını istədi. Bu hadisə bir daha göstərirdi ki, insanların yaddaşında yaxşılıq da, xəyanət də öz izini buraxır.

1956-cı ildə Müxtar bəraət aldı və Sibir sürgünündən geri döndü. Lakin o, əvvəlki sağlam və güclü insan deyildi. Uzun illərin əzabları səhhətini pozmuş, ayaqlarından biri şikəst qalmışdı. Qızları illərlə həsrətini çəkdikləri atalarına qovuşsalar da, qarşılarında xatirələrində yaşatdıqları insanı deyil, ağır sınaqlardan keçmiş, xəstə bir adamı görürdülər. Bəraət ona adını qaytarsa da, itirilmiş illəri geri vermədi. Müxtar vətənə qayıtdıqdan bir neçə il sonra vəfat etdi.

Dörd qızı böyüyüb təhsil aldı, öz həyat yollarını seçdi. Böyük qızı dövlət nəşriyyatına rəhbərlik etdi, digərləri səhiyyə və təhsil sahələrində çalışdı. Kiçik qızı isə ailəsinə həsr olundu. Onların hər biri həyatın çətinliklərinə baxmayaraq, öz zəhməti ilə ayaqda durmağı bacardı.
Mən Müxtarın ikinci qızının övladıyam. Uşaqlığımın ən əziz xatirələrindən biri nənəm Səadət xanımın evi ilə bağlıdır. Təxminən beş-altı yaşım olardı. Divardan babamın şəkli asılmışdı. Evdəki köhnə “Singer” tikiş maşını isə diqqətimi çəkirdi. Bəzən onun dairəvi çarxının üzərində oturub fırladardım. O zamanlar bu əşyaların və divardakı şəklin mənim üçün nə qədər böyük məna daşıdığını anlamırdım.
İllər sonra ailəmizə yaşadığımız evin və ətrafdakı köhnə tikililərin sökülərək yerində inzibati bina inşa ediləcəyi bildirildi. Nənəm və böyük qız övladı dövlət tərəfindən verilən yeni mənzilə köçürüldü. Söküntü günü qızları atalarının evinin son dəfə necə dağıdıldığını görmək üçün gəlmişdilər. Lakin çoxsaylı polis əməkdaşları onların yaxınlaşmasına imkan vermirdi. Onlar evlərinin dağıdılmasını uzaqdan izləməyə məcbur qaldılar.

Divarlar uçurulduqca torpaq və daşların arasından Nikolayın onluq qızıl sikkələri üzə çıxaraq həyətə səpələndi. Qızlar analarından bu sikkələrin vaxtilə evin divarlarında gizlədildiyini eşitmişdilər. Lakin indi onların heç biri qızıllara maraq göstərmirdi. Çünki bu sikkələr bir zamanlar atalarının faciəli taleyi ilə bağlı olmuşdu. Onlar üçün qızılların heç bir dəyəri qalmamışdı; atalarının itirilmiş ömrünü geri qaytara biləcək heç nə yox idi.

Bu gün Müxtar Şeyxəmirov həyatda yoxdur, tikdirdiyi ev də qalmayıb. Lakin onun adı ailəmizin yaddaşında yaşayır. Mən bu hekayəni babamın yarımçıq qalmış ömrünü sözlə yaşatmaq, onun adını və taleyini gələcək nəsillərə çatdırmaq üçün yazdım.
Çünki bir insanı ikinci dəfə itirmək – onu unutmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью