Bir yüksəlişin tarixi

16.10.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Oktyabr mənim üçün ən gözəl aylardan biridir, bu ay içərsində həyatımda bir çox xoş hadisələr olub və ən əsası müstəqilliyimizin bərpası da, mənim dünyaya göz açmağım da bu aya təsadüf edir. 

Mənim 36 yaşım, müstəqilliyimizin yenidən bərpasının isə 35 yaşı tamam olur...

İnsan doğulur və həyatının ilk günlərindən yaşamağın, ayaqda qalmağın, ətrafını tanımağın ilkin qaydalarını öyrənməyə başlayır. Qidalanmaq, yerimək, danışmaq, sonra oxumaq, düşünmək, seçim etmək... Həyatın hər mərhələsi əvvəlkindən daha böyük məsuliyyət tələb edir. Uşaq böyüdükcə valideynin üzərinə düşən məsuliyyət də artır. Çünki məsələ artıq yalnız uşağın böyüməsində deyil, onun necə bir insan kimi formalaşmasındadır.

Bağça, məktəb, ali təhsil, peşə, əmək həyatı... Bu ardıcıllığın hər bir mərhələsi insanın gələcəyini müəyyənləşdirir. Bəzən bütün imkanlara baxmayaraq, böyüyən uşaq layiqli vətəndaşa çevrilə bilmir. Çünki təkcə böyümək kifayət etmir. Formalaşmaq, özünü təsdiq etmək, məsuliyyət daşımaq və ən əsası, qarşısına düzgün məqsəd qoymaq lazımdır. 

Dövlət də bir qədər buna bənzəyir...

Dövlətin yaranması onun formalaşması demək deyil. Dövlət müstəqilliyini elan edə bilər, amma həmin müstəqilliyi qorumaq, möhkəmləndirmək, institutlarını qurmaq, iqtisadi dayaqlarını yaratmaq, sərhədlərini müdafiə etmək və beynəlxalq münasibətlər sistemində öz sözünü demək tamam başqa məsələdir. Azərbaycanın müstəqilliyinin yenidən bərpasından keçən 35 il məhz belə bir formalaşma tarixidir.

Bu tarixə yalnız təqvim rəqəmləri ilə baxmaq mümkün deyil. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşısında dayanan problemlərlə bugünkü Azərbaycanın imkanlarını eyni tərəziyə qoyanda, 35 ilin nə qədər böyük məsafə olduğunu daha aydın görmək mümkündür. O illərdə dövlət quruculuğu prosesi siyasi qeyri-sabitlik, iqtisadi böhran, idarəçilik problemləri, Ermənistanın işğal siyasəti və ərazilərimizin itirilməsi kimi ağır sınaqların içindən keçirdi. Müstəqilliyin özü belə yalnız hüquqi status kimi deyil, gündəlik mübarizə kimi yaşanırdı. Belə bir şəraitdə dövlətin ayaqda qalması ilk vəzifə idi. Sonra isə ayaqda qalan dövlətin güclənməsi lazım idi.

Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən biri məhz bu mərhələdə ortaya çıxdı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitliyin təmin edilməsi, iqtisadi siyasətin yeni əsaslar üzərində qurulması və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi qarşıya qoyuldu. Çünki dövlətin gücü yalnız ordunun say tərkibi və ya iqtisadi göstəricilərdə ölçülmür. Güclü dövlət həm də gələcəyini əvvəlcədən görə bilən, risklərini hesablayan və bu gün atdığı addımları sabahın nəticələrinə bağlaya bilən dövlətdir. 
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” də bu baxımdan yalnız enerji sazişi deyildi. Azərbaycan öz enerji resurslarını iqtisadi imkanlara çevirməklə yanaşı, ölkənin beynəlxalq iqtisadi və siyasi mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdı. Sonrakı illərdə bu xətt daha geniş layihələrlə davam etdirildi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP, Orta dəhliz  kimi layihələr Azərbaycanın təkcə enerji resurslarına malik ölkə deyil, regional nəqliyyat və enerji xəritəsinin mühüm aktorlarından birinə çevrilməsinə imkan verdi. Bu gün Azərbaycanın gücünü yalnız neft və qazla izah etmək artıq kifayət deyil.

2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bunun 92,3 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb və bu sahədə real artım 2,7 faiz təşkil edib. 2026-cı ilin yanvar - sentyabr aylarında isə ölkə iqtisadiyyatında artım davam edib. Doqquz ay ərzində 102 milyard manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz çoxdur. Qeyri-neft-qaz sektorunda 2,6 faizlik artım qeydə alınıb. İnformasiya və rabitə sahəsində əlavə dəyər 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 10 faiz artıb.

Rəqəmlər bəzən publisistik cümlələrdən daha çox şey deyir. 2026-cı il sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 89,38 milyard ABŞ dolları, xarici dövlət borcu isə 4,51 milyard dollar təşkil edib. Beləliklə, strateji valyuta ehtiyatları xarici dövlət borcunu təxminən 19,8 dəfə üstələyib. Bu nisbət ölkənin xarici maliyyə dayanıqlılığını və borc öhdəliklərini qarşılamaq potensialını səciyyələndirən mühüm göstəricilərdən biridir.

İndi artıq 1990-cı illərin Azərbaycanı yoxdur, öz iqtisadi təhlükəsizlik yastığını formalaşdırmış, regional layihələrdə iştirak edən, enerji və nəqliyyat imkanlarını siyasi təsir vasitəsinə çevirə bilən Azərbaycan var. Lakin Azərbaycanın yüksəliş tarixinin ən mühüm səhifəsi, şübhəsiz, hərbi gücün siyasi nəticəyə çevrilməsi oldu.

İllərlə işğal altında qalan torpaqlar məsələsi 2020-ci ildə artıq əvvəlki geosiyasi çərçivədə qalmadı. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini, dövlətin siyasi iradəsini və cəmiyyətin milli həmrəyliyini eyni xətt üzərində birləşdirdi. 2020-ci il Zəfəri ilə Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ilə nəticələndi.

Beləliklə, 1990-cı illərin əvvəllərində ərazisinin bir hissəsinə nəzarəti itirmiş dövlət 30 ildən bir qədər artıq müddətdə öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən dövlətə çevrildi.

Bu, 35 illik yüksəlişin hekayəsi yox real faktlarla yaşanan tarixdir. Bu yüksəlişin ölçüsü yalnız hərbi xəritədə görünmür. İşğaldan azad edilmiş ərazilərdə bu gün şəhərlər yenidən qurulur, yollar və hava limanları istifadəyə verilir, enerji infrastrukturu yaradılır, yaşayış məntəqələri salınır. Qarabağ və Şərqi Zəngəzur artıq yalnız müharibənin nəticələrinin aradan qaldırıldığı ərazi kimi deyil, Azərbaycanın gələcək iqtisadi və sosial inkişaf xəritəsinin mühüm hissəsi kimi formalaşır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yeni geosiyasi və iqtisadi imkanlar üçün də zəmin yarandı. Bu imkanların mühüm istiqamətlərindən biri Zəngəzur dəhlizi və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılmasıdır. Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan üçün bu məsələ sadəcə yeni yolun açılması deyil, ölkənin digər bölgələri ilə birbaşa quru əlaqəsinin bərpası, iqtisadi dövriyyənin genişlənməsi və sosial münasibətlərin daha da möhkəmlənməsi deməkdir. Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılması Azərbaycanın şərq-qərb nəqliyyat xəritəsindəki mövqeyini də gücləndirəcək. Bu marşrut Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirməklə yanaşı, Türkiyəyə və daha geniş regional bazarlara çıxış imkanlarını artıracaq, yükdaşımaların şaxələndirilməsinə və Orta dəhlizin potensialının genişlənməsinə töhfə verəcək. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi təkcə xəritədəki üstünlük olaraq qalmır, real iqtisadi və strateji imkana çevrilir. Ancaq burada əsas məsələ yalnız yolun çəkilməsi deyil. Nəqliyyat əlaqəsinin davamlı, təhlükəsiz və səmərəli işləməsi, sərhəd və gömrük prosedurlarının razılaşdırılması, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi də vacibdir. Azərbaycanın yanaşması Naxçıvanla etibarlı əlaqənin təmin olunmasını, regionda kommunikasiyaların açılmasını və bu prosesin ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri əsasında həyata keçirilməsini nəzərdə tutur.

Mənim üçün bu mövzunun ayrıca mənası var. Çünki Naxçıvan yalnız Azərbaycanın xəritədəki ayrılmış hissəsi deyil; onun tarixi, insanları və inkişaf perspektivləri vahid dövlətin gələcəyi ilə birbaşa bağlıdır. Naxçıvanla ölkənin əsas hissəsi arasında quru əlaqəsinin bərpası coğrafi məsafəni azaltmaqdan daha böyük məna daşıyır. Bu, müstəqilliyin yaratdığı imkanların ölkənin bütün bölgələrində eyni dərəcədə hiss olunmasına xidmət edən strateji addım ola bilər.

Bütün bunların arxasında isə daha böyük bir dəyişiklik dayanır: Azərbaycan artıq hadisələrin arxasınca gedən ölkə deyil, hadisələrin formalaşmasında iştirak edən ölkədir. Bunu Azərbaycanın son illərdə artan diplomatik fəallığında da görmək mümkündür. Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkənin yalnız enerji məsələlərində deyil, qlobal iqlim gündəliyində də mühüm platformaya çevrildiyini göstərdi. Bakı bir neçə il ərzində regional münaqişə ilə bağlı müzakirələrin aparıldığı məkandan qlobal iqlim gündəliyinin müzakirə olunduğu beynəlxalq platformaya çevrildi. Bu da dövlətlərin inkişafında mühüm bir mərhələdir. Çünki müstəqilliyin ilk mərhələsində əsas sual “Azərbaycan öz dövlətçiliyini qoruya biləcəkmi?” idisə, bu gün sual artıq başqadır: Azərbaycan regional və qlobal proseslərdə öz çəkisini daha da necə artıra bilər?
Bu fərq 35 ilin mahiyyətini daha yaxşı izah edir.

Bu gün Azərbaycan 180 ölkə ilə ticarət əlaqələri qurur, 128 ölkəyə məhsul ixrac edir. Bu rəqəmlərin arxasında bir siyasi həqiqət dayanır: müstəqillik yalnız bayraq, gerb və himndən ibarət deyil. Müstəqillik öz iqtisadiyyatını idarə edə bilmək, öz təhlükəsizliyini təmin etmək, öz qərarlarını qəbul etmək və həmin qərarların arxasında dayanacaq dövlət imkanlarına sahib olmaqdır.

Bu baxımdan Azərbaycanın son 35 illik tarixi dövlətin “böyüməsi” yox, mərhələli şəkildə güclənməsi tarixidir. Əvvəlcə dövlət quruldu, sonra dövlət sabitləşdi, daha sonra iqtisadi dayaqlar yaradıldı. Ardınca ordu gücləndi. Diplomatik imkanlar genişləndi. Və nəhayət, uzun illər ərzində qarşıda duran ən ağır milli məsələ - ərazi bütövlüyü və suverenlik məsələsi - həll edildi. Bu gün qarşımızda tamam başqa Azərbaycan var.
Amma bu günün Azərbaycanını yalnız əldə olunan nəticələrlə qiymətləndirmək də düzgün olmaz. Çünki dövlətçilikdə hər qələbə yeni məsuliyyət yaradır. Qarşıda daha şaxələndirilmiş iqtisadiyyat, daha yüksək texnologiyalar, daha güclü insan kapitalı, daha rəqabətqabiliyyətli təhsil, daha məhsuldar əmək bazarı və yeni geosiyasi reallıqlar qarşısında daha çevik dövlət idarəçiliyi kimi vəzifələr dayanır.

Mən artıq 36 yaşımda həyatının müəyyən mərhələsini geridə qoymuşam, amma qarşısında hələ önəmli bir yol olduğunu bilirəm. Azərbaycan da müstəqilliyinin 35-ci ilində yolun əbədi olduğunu bilir. Əldə etdiyi imkanlar qarşısında daha böyük məsuliyyət mərhələsinə daxil olub.
Mənim 36 yaşım var. Müstəqilliyimizin yenidən bərpasının isə 35 yaşı. Demək olar ki, mənim bütün ömrüm müstəqil Azərbaycanın ömrü ilə paralel gedib. Uşaqlığım Azərbaycanın yenidən ayağa qalxdığı illərə, gəncliyim dövlətin gücləndiyi dövrə, yetkinliyim isə Zəfərin və suverenliyin bərpa olunduğu tarixə təsadüf edib. Ona görə də bu tarix mənim üçün yalnız dövlətin tarixi deyil. Bu, mənim də içindən keçdiyim bir həyat yoludur. Və bu yolun ən böyük həqiqəti budur: 35 il əvvəl öz müstəqilliyini yenidən qazanan Azərbaycan bu gün öz gücünü dünyaya qəbul etdirən Azərbaycandır.

Nicat Quliyev
Naxçıvan televiziyasın baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью