Biri daha çoxdur: Şikayət və ya sifariş sayı... “Gömrük Komitəsi, 1 aydır bizim bağlamalarda nə axtarırsınız?”

04.02.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaricdən “Temu” və digər online alış-veriş platformaları vasitəsilə müxtəlif geyim və əşyaları Azərbaycana sifariş edən sadə vətəndaşlar məhsulların gömrükdə yubadılmasından narazıdır.

Bizimyol.info xəbər verir ki, yüzlərlə vətəndaş son günlərdə sosial şəbəkələrdə bununla bağlı etirazlarını paylaşır. Bildirirlər ki, xaricdən onlayn qaydada sifariş edilən mallar ölkəyə gətirilsə də, gömrük onların sahibinə çatdırılmasını yubadır. Mallar heç bir əsas olmadan uzun müddət gömrükdə saxlanılır, süni əngəllər yaradılır.

“Məhsul sifariş eləmişəm. Çin 8 günə Bakıya çatdırıb. Gömrük 15 gündür Bakıdan Bakıya çatdıra bilmir. Bu nə sistemdir, bu nə idarəetmədir? Hər yola əl atırlar ki, insanlar xaricdən sifarişi dayandırsın. Minlərlə insan şikayət edir, vecinə alan yoxdur”, - deyə Mehman adlı həkim şikayətlənir. Onu narazı salan məqamlardan biri də Dövlət Gömrük Komitəsinin vətəndaşların şikayətlərinə laqeyd münasibətidir: “Baxmayaraq ki, minlərlə insan bu quruma şikayət edir, səhifələrinə yazır, amma heç bir açıqlama vermirlər. Bu, insanlara qarşı hörmətsizlikdir. Hətta karqo şirkətlərinə də məlumat vermirlər. Mənə maraqlıdır ki, başqa ölkədə belə bir şey ola bilərmi? İnsanlar hesablayır ki, mal filan vaxt gələcək, ona uyğun da işini qurur”.

Başqa bir vətəndaş Amal Abuşovun yazdığına görə, sifariş etdikləri bağlamalar 1 aydır gömrükdə saxlanılır: “Bağlamaların saxlanmasının səbəbi nədir? Niyə çıxıb bu biçarə, sakit, qanun-qayda sevən xalqa bir açıqlama vermirsiz? Məqsəd “Temu”nu sıradan çıxarıb, kasıb-kusubu “Sədərək” bazarına yönəltməkdisə, deyin, bilək. Aylıq 300 dollar limit qoymusuz, say limiti qoymusuz, hamısına da əməl etmişik. Bir aydır nə axtarırsız bizim bağlamaların içində?” Hətta belə söz-söhbət də gəzir ki, xaricdən sifariş olunan mallarla bağlı 300 dollarlıq limitin 100 dollara endirilməsi planlaşdırılır.

Qeyd edək ki, əvvəl məbləğ 800 dollar idi, sonradan 300 dollara salınmışdı.

Dövlət Gömrük Komitəsi vətəndaşların şikayətinə cavab verməsə də, bugünlərdə mediaya bir açıqlamada bildirilib ki, son dövrlərdə elektron sifarişlərin sayı kəskin artıb. Komitədən iddia olunub ki, bununla paralel olaraq, düzgün və dəqiq bəyan edilməyən, eləcə də ümumiyyətlə bəyan olunmayan bağlamaların da həcmi artıb: “Bu isə mövcud vəziyyətin tənzimlənməsi məqsədilə əlavə yoxlama və prosedurların aparılmasını zəruri edir”.

Açıqlamada vurğulanıb ki, gömrük orqanları tərəfindən yaranmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlər görülür və bu proses bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılışına da təsir göstərir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью