Birləşmiş Krallıqda inflyasiya 3,8 faizə yüksəlib

21.08.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

London, 20 avqust, AZƏRTAC

Böyük Britaniyada qiymətlər iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, əsasən aviabiletlər və qida məhsullarının bahalaşması ilə bağlıdır. Rəsmi statistika inflyasiyanın yanvar ayından bəri ən yüksək həddə çatdığını və İngiltərə Bankının 2 faiz hədəfini xeyli üstələdiyini göstərir. Xüsusilə restoranlarda yemək, qida və spirtsiz içkilərin qiymətində artım müşahidə olunub. Ən çox bahalaşan məhsullar arasında mal əti, şokolad və şirniyyat, hazır qəhvə və təzə portağal şirəsi qeyd olunub.

İstehlak Qiymətləri İndeksi (CPI) ilə ölçülən iyul ayındakı artım iqtisadçıların proqnozlarından bir qədər yüksək olub. İyun ayında illik artım 3,6 faiz təşkil etmişdi. İngiltərə Bankının son proqnozuna görə, inflyasiyanın sentyabrda 4 faizə qədər yüksələcəyi gözlənilir.

Milli Statistika İdarəsinin baş iqtisadçısı Qrant Fitzner bildirib ki, iyulda aviabiletlərin qiymətində iyun ayı ilə müqayisədə 30,2 faizlik artım qeydə alınıb. Bu, 2001-ci ildən bəri həmin dövr üçün ən böyük artım hesab olunur. Onun sözlərinə görə, bu artım əsasən məktəb tətilinin vaxtı ilə bağlıdır.

Hesabatda, həmçinin bildirilib ki, ötən ilin eyni dövründə azalma müşahidə olunmasına baxmayaraq, bu il benzin və dizel yanacağının qiyməti də bahalaşıb. Qida və spirtsiz içkilərin qiymətləri isə iyulda illik müqayisədə 4,9 faiz artaraq, 2024-cü ilin fevralından bəri ən yüksək həddə çatıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью