Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bugünkü mürəkkəb və sürətlə dəyişən dünyada sülh, sabitlik, qarşılıqlı yardım, etimad və əməkdaşlıq hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Geosiyasi proseslərin getdikcə mürəkkəbləşdiyi, beynəlxalq münasibətlərdə yeni çağırışların və imkanların meydana çıxdığı bir şəraitdə ölkələrin vahid mövqedən çıxış etməsi, ümumi maraqlara əsaslanan həmrəylik nümayiş etdirməsi zamanın əsas tələblərindən birinə çevrilir.
Məhz belə bir dövrdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Mərkəzi Asiya və Azərbaycan liderlərinin qeyri-rəsmi Zirvə görüşündəki çıxışı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində hər iki ölkə liderinin çıxışları və əldə olunan razılaşmalar regionumuzun gələcəyi üçün son dərəcə mühüm siyasi və strateji əhəmiyyət daşıyır.
Bu gün vaxtilə ayrı-ayrı istiqamətlərdə inkişaf edən Mərkəzi Asiya ölkələri ümumi tərəqqi məqsədləri naminə getdikcə daha sıx əməkdaşlıq edir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatına qoşulması bu prosesə yeni - makroregional xarakter verir. Mərkəzi Asiya, Cənubi Qafqaz və Əfqanıstan arasında qarşılıqlı əlaqələrin genişlənməsi vahid inkişaf məkanının formalaşması üçün tarixi imkanlar yaradır. Avrasiyanın mərkəzində sabit inkişaf, qarşılıqlı əlaqə, mehriban qonşuluq və xalqların rifahına xidmət edən möhkəm bir məkanın yaradılması prosesi uğurla həyata keçrilir. Bugünkü mürəkkəb və proqnozlaşdırılması çətin beynəlxalq şəraitdə belə məqsədlərə yalnız sıx koordinasiya, qarşılıqlı etimad və ümumi maraqlara əsaslanan əməkdaşlıq yolu ilə nail olmaq mümkündür.
Bu baxımdan Özbəkistan və Azərbaycan münasibətləri xüsusi diqqətə layiqdir. İki xalqı əsrlər boyu formalaşmış ortaq tarixi köklər, çoxəsrlik dostluq, mədəni və mənəvi dəyərlər, qarşılıqlı səmimi hörmət birləşdirir.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Əbədi Dostluq haqqında Müqavilənin imzalanması iki qardaş dövlət arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi, miqyasının genişləndirilməsi və ümumi gələcəyin birlikdə qurulmasına yönəlmiş ciddi siyasi iradənin parlaq ifadəsidir.
Özbəkistan üçün Azərbaycan etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlətdir. Bu gün iki ölkə arasındakı münasibətlər yalnız siyasi əlaqələrlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, mədəniyyət, təhsil, elm, idman və humanitar sahələri əhatə edən genişmiqyaslı praktik əməkdaşlıq yeni səviyyəyə yüksəlir.
Son illərdə yaradılmış birgə investisiya fondları və mexanizmləri iki dövlət arasında sənaye əməkdaşlığı layihələrinin həyata keçirilməsində mühüm vasitəyə çevrilir. Birgə müəssisələrin yaradılması, yeni istehsal layihələrinin həyata keçirilməsi, investisiyaların artırılması və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi Özbəkistan və Azərbaycanın iqtisadi potensialının bir-birinə daha da yaxınlaşmasına imkan yaradır.
Belə əməkdaşlığın sosial əhəmiyyəti də olduqca böyükdür. Çünki iqtisadi inkişafın real nəticəsi yeni iş yerlərinin yaradılmasında, əhalinin gəlirlərinin artmasında, gənclər və qadınlar üçün məşğulluq və sahibkarlıq imkanlarının genişlənməsində özünü göstərir. Bu baxımdan Özbəkistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın qadınların və gənclərin iqtisadi fəallığının artırılması ilə uzlaşdırılması gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da hər iki dövlət üçün böyük strateji əhəmiyyət daşıyır. Transxəzər dəhlizinin potensialının birgə inkişaf etdirilməsi, logistika infrastrukturunun səmərəliliyinin artırılması və Xəzər dənizində nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlərin fəallaşdırılması Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Bu proses Özbəkistanın iqtisadi və coğrafi imkanlarını Azərbaycan, Qafqaz və Avropa vasitəsilə daha səmərəli şəkildə dünya ilə əlaqələndirmək üçün yeni şərait yaradır.
Bu istiqamətdə Özbəkistanın Nəvai vilayətinin də xüsusi potensialı vardır. Regionun sənaye, nəqliyyat, logistika, sahibkarlıq və investisiya imkanları Özbəkistanın regional iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Yeni nəqliyyat dəhlizlərinin inkişafı Nəvaidə fəaliyyət göstərən istehsalçılar, sahibkarlar, sənətkarlar, qadınlar və gənclər üçün öz məhsul və xidmətlərini yeni bazarlara çıxarmaq imkanlarını genişləndirə bilər.
Özbəkistan və Azərbaycan əməkdaşlığının müqayisəolunmaz istiqamətlərindən biri də mənəviyyat və mədəniyyət sahəsidir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahi şəxsiyyətlərin ədəbi irsinə müraciət edilməsi, onların ideyalarının müasir incəsənət vasitəsilə təbliği iki xalqın ortaq mənəvi köklərinin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nizami və Nəvai öz yaradıcılıqlarında insanpərvərlik, ədalət, elm, xeyirxahlıq və kamillik ideyalarını təcəssüm etdiriblər. Bu əvəzsiz irsin gənc nəslə çatdırılması iki qardaş xalq arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, futbol üzrə dünya çempionatı çərçivəsində “İki ölkə - bir çempionat” adlı genişmiqyaslı dövlətlərarası proqramın həyata keçirilməsi təşəbbüsü də böyük sosial əhəmiyyət daşıya bilər. İdman xalqları birləşdirən, dostluğu və həmrəyliyi möhkəmləndirən güclü vasitədir. Bu təşəbbüs təhsil, mədəniyyət, könüllülük, gənclər mübadiləsi, innovasiya və startap layihələri ilə əlaqələndirilməklə Özbəkistan və Azərbaycan gəncləri arasındakı münasibətləri yeni mərhələyə çıxara bilər.
Bugünkü inkişafın daha bir mühüm istiqaməti təhsil, elm və rəqəmsal texnologiyalardır. Mərkəzi Asiyanın təhsil, elm və böyük məlumatlar sahəsində innovativ və rəqabətqabiliyyətli mərkəzə çevrilməsi ideyası gələcək üçün strateji əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya, süni intellekt, müasir peşələr, elektron ticarət, rəqəmsal xidmətlər və innovativ sahibkarlıq sahələrində Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq gənclər üçün yeni imkanlar yarada bilər.
Bu baxımdan qadınların potensialının reallaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Qadın yalnız ailənin və cəmiyyətin dayağı deyil, həm də iqtisadi inkişafın, innovasiyaların və sosial tərəqqinin fəal iştirakçısıdır. Qadınların peşə təhsilinə cəlb edilməsi, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal savadlılığının artırılması, yeni əmək bazarının tələblərinə hazırlanması və istehsal etdikləri məhsulların daxili və beynəlxalq bazarlara çıxarılması iki ölkə arasında humanitar və iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər.
Nəvai vilayətində fəaliyyət göstərən “Ziyalı” Qadınlar və Gənclər Mərkəzi olaraq biz iki qardaş dövlətin qadınları və gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu dərindən hiss edirik. Xüsusilə sənətkarlıq, milli tikmə, tətbiqi incəsənət, ailə sahibkarlığı, rəqəmsal texnologiyalar, gənclərin təhsili, qadın məşğulluğu və sosial layihələr sahələrində təcrübə mübadiləsi hər iki tərəf üçün böyük fayda verə bilər.
Özbəkistan və Azərbaycan qadınlarının əməksevərliyini, yaradıcılıq qabiliyyətini və sahibkarlıq potensialını birləşdirmək yeni və maraqlı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Ətraf mühitin qorunması da hər iki ölkənin regional gündəliyində əsas prioritet istiqamətlərdən biridir. İqlim dəyişiklikləri, su ehtiyatlarından səmərəli istifadə, səhralaşmanın qarşısının alınması, yaşıl enerjinin inkişafı və ekoloji mədəniyyətin formalaşdırılması Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli istiqamətlərdəndir.
Bu baxımdan gənclərin və qadınların ekoloji təşəbbüslərdə fəal iştirakının təmin edilməsi, yerli icmalarda ətraf mühitin mühafizəsi təşəbbüslərinin dəstəklənməsi və ekoloji təhsilin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu gün Özbəkistan və Azərbaycan arasındakı münasibətlər sadəcə iki dövlət arasındakı diplomatik əməkdaşlıq deyil. Bu münasibətlər ortaq tarixə, mənəvi dəyərlərə, qarşılıqlı etimada və ümumi gələcəyə əsaslanan qardaşlıq modelidir.
Məhz buna görə də birlik və etimad bizim ümumi gələcəyimizin ən möhkəm təməlidir. Xalqlarımızın potensialını birləşdirərək, gənclərə və qadınlara daha geniş imkanlar yaradaraq, iqtisadi və mədəni əməkdaşlığı gücləndirərək biz gələcək nəsillər üçün daha sabit, firavan və güclü bir region qura bilərik.
Birliyimiz gücümüz, qarşılıqlı etimadımız isə ümumi gələcəyimizin təminatıdır.
Özbəkistan Respublikasının Nəvai Vilayətində fəaliyyət göstərən
“Ziyalı” Qadınlar və Gənclər Mərkəzinin rəhbəri
Ravşanova Gülhayo Azamatovna
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin