Birliyimizi sarsıtmaq mümkün deyil

15.10.2026

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Məktəblərdə vahid geyim forması ilə bağlı qərar siyasiləşdirilməməlidir

Azərbaycan regionda yeni reallığı formalaşdıran orta güc, dünyada sülh və təhlükəsizliyi təhdid edən problemlərin həllində uzlaşdırıcı və barışdırıcı missiya yerinə yetirən ölkədir. Böyük iqtisadi potensial, fəal xarici  siyasət, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik sayəsində ölkəmizdə bütün daxili risklər aradan qaldırılıb. Hazırda aktual məsələlərdən biri  xaricdən gələn risklərə qarşı cəmiyyətimizin güclü immunitetinin  formalaşmasıdır.

Eyni zamanda, Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusilə seçilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində ölkəmiz nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaradıb.

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

Lakin bu gün müəyyən xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Onlar hələ ötən əsrin əvvəllərində görkəmli ziyalılarımız, mütəfəkkirlərimiz, maarifçilərimiz tərəfindən ifşa olunan, cəmiyyətimizin inkişafı yolunda ciddi maneə kimi qiymətləndirilən dini-ideoloji təbliğat vasitəsilə xurafatı, mövhumatı azərbaycanlıların həyat tərzinə çevirmək istəyirlər. Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Ardıcıl dini təbliğat, müxtəlif təsir və təzyiq metodlarından istifadə yolu ilə məzhəblərarası ziddiyyətlərin yaradılması, vətəndaşların radikal dini cərəyanlara cəlb edilməsi, uşaqların və gənclərin dünyagörüşünün dini doqmalar əsasında formalaşdırılması və digər istiqamətlər üzrə fəaliyyət də bu məqsədə xidmət edir.Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söylədiyi kimi, Azərbaycan dövləti öz tolerantlığı, başqa dinlərə olan münasibəti ilə örnəkdir. “Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var, bunlar qəbulolunmazdır” - deyən QMİ sədri əlavə edib ki, bu gün baş verənlər dövlətimizə qarşı, əsasən xarici təsirlərin nəticəsidir. Şeyx hesab edir ki, onların məqsədi heç də müsəlmançılıq, İslam deyil: “Bu gün onların bizə, müsəlmanlara yol göstərməsi düzgün deyil. Çünki iğtişaş salmaq, məktəblərə getməməklə bağlı çağırışlar çox böyük günahdır”.

Nəzərə alaq ki, “Ümumi təhsil haqqında” Qanunda edilmiş dəyişikliklərə qarşı həyata keçirilən kampaniyanın başlıca səbəbkarları bu mərkəzlər və onların idarə etdiyi resurslardır. Prezident İlham Əliyev xarici mərkəzlərin Azərbaycana qarşı ideoloji təxribatlarının əsas məqsədləri barədə deyib: “Birliyimizi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.

Onlar bu məsələni siyasiləşdirirlər

Şeyxülislam Allahşükür Paşazadə də sözügedən müsahibədə deyib ki, xaricdə və daxildə bəzi qüvvələr Azərbaycanda İslamın sıxışdırılması, müsəlmanlara əziyyət verilməsi, hicabın qadağan olunması haqqında məlumatlar yayırlar: “Onlar bu məsələni siyasiləşdirirlər”. QMİ sədri bildirib ki, vahid geyim forması ilə bağlı qərardan siyasi məqsədlər üçün istifadə edib, dövlətimizə dil uzatmaq və müəyyən şəxsləri dövlətə qarşı yönəltmək qəbuledilməzdir.

Nəzərə alaq ki, dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Məktəbdaxili nizam-intizam və təşkilati mühitin gücləndirilməsi təhsil siyasətinin vacib istiqamətlərindəndir. Təhsilalanlara vahid geyim tələbi kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Çünki məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” isə dövlət ümumi təhsil müəssisələrində  təhsilverənlər üçün geyim ilə bağlı vahid qaydaları müəyyən edir. Tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır.

Azərbaycanda etiqad və inanca görə məhdudiyyət yoxdur

Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir. Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub-saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda  etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir. İşğaldan azad edilmiş 67 məscidin düşmən tapdağından qurtarılması Azərbaycan dövlətinin dini-mənəvi irsimizə göstərdiyi qayğının və İslam dini qarşısında tarixi xidmətinin ən mühüm nümunələrindən biridir. Azərbaycan dövləti yalnız torpaqları azad etməyib, həmin torpaqlarda xalqımızın əsrlər boyu yaşatdığı dini-mənəvi irsi də düşmən əsarətindən qurtarub. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə məhz dini ibadət yerlərinin bərpası ilə start verilməsi  bu tarixi missiyanın davamıdır.

Azərbaycanda təhsil sistemi də dünyəvi xarakter daşıyır. Dünyəvi təhsildə məqsəd uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onun bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır. Baş örtüyü məsələsi burada siyasi alət vasitəsinə çevrilməməlidir. Allahşükür Paşazadənin Real TV-yə müsahibəsində dediyi kimi, hicabdan necə və hansı yaşlarda istifadə etməklə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Onun sözlərinə görə, dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar: “Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub”.

Beləliklə, dünyəvi təhsil sistemi müxtəlif kənar ideoloji təsir imkanlarından, dünyəvilik prinsipi ilə bir araya sığmayan atributlardan, simvolikadan, habelə milli-mənəvi dəyərlərimizə, etik normalara zidd geyim, davranış formalarından  azad olmalı və savadlı, tərbiyəli, vətənpərvər gənc nəslin formalaşmasında əsas faktorlardan biri olmalıdır.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью