Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bu gün, avqustun 31-də Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarov və Çin Xalq Respublikasının sədri Si Cinpin üçün rəsmi qarşılanma mərasimi keçirilib.
İntımak Ordo binasının qarşısında Qırğızıstan və Çin Xalq Respublikasının dövlət bayraqları qaldırılıb, fəxri qarovul dəstəsi düzülüb. Mərasimdə milli geyimli nümayəndələr də iştirak ediblər.
Salamlaşmadan sonra Sadır Japarov və Si Cinpin fəxri qarovul dəstəsinin komandirinin raportunu dinləyiblər. Daha sonra hərbi orkestr Qırğızıstan və Çin Xalq Respublikasının dövlət himnlərini səsləndirib.
İki ölkənin liderləri fəxri qarovul dəstəsinin qarşısından keçərək heyətə baxış keçiriblər. Ardınca Qırğızıstan və Çin nümayəndə heyətlərinin üzvləri dövlət başçılarına təqdim olunublar.
Rəsmi qarşılanma mərasimindən sonra Sadır Japarov və Si Cinpin İntımak Ordo binasına daxil olaraq birgə foto çəkdiriblər. Daha sonra liderlər arasında geniş tərkibli danışıqlar başlayıb.
Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə bu ölkədə dövlət səfərindədir.
Səfər çərçivəsində Çin lideri Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının iclasında, həmçinin “ŞƏT Plus” formatında keçiriləcək görüşdə iştirak edəcək.