Bişkekdə Zəfər Günü qeyd olundu

12.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bişkekdə səfirliyimiz tərəfindən  Qırğızıstan-Türkiyə Manas Universitetində “8 noyabr-Zəfər Günü”nün 6-cı ildönümünə həsr olunmuş konfrans və rəsmi qəbul keçirilmişdir. Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbəyə həsr olunmuş video-materiallar təqdim edilmişdir. 

Tədbiri Universitetin rektoru Alpaslan Ceylan açaraq “8 Noyabr-Zəfər Günü” münasibətilə Azərbaycan xalqına təbrikini çatdırmış və 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin bütün türk dünyasının ümumi qələbəsi olduğunu və məhz bu səbəbdən də bu tədbirin Manas Universitetində keçirildiyini söyləmişdir.

Tədbirdə səfir Lətif Qəndilov çıxış edərək Azərbaycan xalqı üçün “8 Noyabr-Zəfər Günü”nün  44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfərini təcəssüm etdirən əlamətdar bir gün olduğunu bildirmiş və bu tarixin 30 illik işğaldan sonra öz ərazilərini işğaldan azad edən Azərbaycan xalqının cəsarətinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin rəmzi kimi ölkənin tarixinə əbədi həkk olunduğunu söyləmişdir. Səfir tədbir iştirakçılarına Vətən müharibəsi, müharibədən sonrakı dövr, işğaldan azad edilmiş ərazilərin bərpa prosesinin gedişatı, eləcə də regionda uzunmüddətli sülh və inkişaf perspektivləri barədə geniş məlumat vermişdir. O, çıxışında Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində tikinti işlərin gedişi, azad olunmuş ərazilərdə mina təhlükəsi, mina təmizləmə prosesi və Böyük Qayıdış Proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışdır. O, bildirmişdir ki, Böyük Qayıdış Proqramı çərçivəsində artıq 100 min azərbaycanlı öz doğma torpaqlarına-Qarabağa qayıdıb. Səfir azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərində göstərilən qardaşlıq köməyinə görə qardaş Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyə xalqının nümayəndələrinə təşəkkürünü bildirmiş və bu dəstəyin Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulamışdır.

Səfir bildirmişdir ki, Prezident İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən andiçmə mərasimində “Biz öz tarixi torpaqlarımızı azad edəcəyik” – deyə qətiyyətlə söz vermiş və 17 il ərzində Azərbaycanı bir çox sahələrdə ehtiyac içində olan ölkədən güclü iqtisadiyyata və dünyanın ən güclü ordularından biri hesab olunan müasir orduya malıkdövlətə çevirərək, xalqın həqiqi liderinə xas siyasi iradə və strateji baxış nümayiş etdirmişdir.  O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar mahiyyət etibarilə, yalnız münaqişənin dondurulmasına xidmət etmiş, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi isə illər boyu nəticəsiz müzakirələrin predmeti olaraq qalmış və beynəlxalq hüququn prinsip və normaları 30 il ərzində davamlı şəkildə pozulmuşdur. Nəticədə Azərbaycanın işğal altında olan tarixi torpaqlarını Azərbaycan xalqının özü, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun qalib ordusu azad etmişdir.  

Sonra Türkiyə Respublikasının QR-dəki səfiri Mekin Mustafa Kemal Okem, Özbəkistan Respublikasının QR-dəki səfiri Səidikram Niyazxocayev, Qırğızıstan Parlamentinin Azərbaycan Respublikası ilə əməkdaşlıq qrupunun rəhbəri AysarakanAbdibayeva  və Qırğızıstan Parlamentinin sabiq sədri Medetxan Şerimkulov  çıxış edərək 44 günlük Vətən müharibəsində qələbənin  ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etmişlər. Türkiyənin səfiri təbrik çıxışını “Yaşasın Azərbaycan və Türkiyə dostluğu!” şüarı ilə bitirmişdir.
Sonda qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri və “Manas” Universitetinin musiqi kollektivinin ifasında Azərbaycan mahnılarından ibarət konsert proqramını təqdim edilmişdir. Bayram tədbirində Qırğızıstanın elm və mədəniyyət xadimləri Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью