Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nikol Paşinyanın Rusiyaya səfəri baş tutacaqmı?
Ermənistanda Baş nazir Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri ətrafında diskussiyalar davam edir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da məsələyə münasibət bildirib. Peskovun mövzuya dair nələri dediyinə diqqət yetirəcəyik. Hələlik isə...
Məlum olduğu kimi, N.Paşinyan bu il sentyabrın 1-də Bişkekdə Prezident Putinlə görüşdü. O da məlumdur ki, görüş subliminal minnət, söz oyunu və müəyyən mənada hədə-qorxu tonları ilə yadda qaldı. Paşinyan çəkinmədən sözünü deməyi bacardı. Məsələn, görüşdə əsas diqqət Ermənistanın Avrasiya İqtisadi İttifaqında qala-qala Avropa İttifaqına can atmasının yolverilməzliyinə yönəldi. Daha doğrusu, mövcud məqamı Prezident Putin qabartdı və bildirdi ki, erməni xalqı qurumlar arasında seçim etməli, referenduma getməlidir. Paşinyan Rusiya liderinin fikrinə qarşılıq bildirdi ki, Ermənistan parlamentinin ölkənin Avropa İttifaqına üzvlük niyyətini əks etdirən qanun qəbul etməsi referenduma ehtiyac yaratmır, çünki sözügedən layihə vətəndaş cəmiyyətinin, yəni xalqın təşəbbüsüdür. Əgər parlament həmin layihəni qanun şəklinə salmasaydı, o zaman referendum zərurəti yaranardı. Ümumən, Paşinyanın sözlərindən bu qənaət hasil olmuşdu: Ermənistan Aİİ-nin üzvü kimi də Aİ-yə can ata bilər. Həmçinin İrəvan qurumlar arasındakı prinsipial fərqləri anlayır, ehtiyac yaranacağı təqdirdə, təşkilatlardan hansında təmsilçilik seçimi ya referendum, ya da başqa yollarla həyata keçiriləcəkdir.
Paşinyan Putinlə görüşdə, eyni zamanda, diqqəti Ermənistanın Aİİ-dən çıxarılmasının yolverilməzliyinə yönəltmiş və bildirmişdi ki, qurumun hüquqi sənədlərində hansısa üzv dövlətin uzaqlaşdırılmasına dair prosedur əksini tapmayıb. Əksini tapan üzv dövlətin öz xoşuna Aİİ-də çıxmasıdır ki, bu zaman həmin dövlət təşkilatdakı tərəfdaşlarını 6 ay əvvəldən xəbərdar etməlidir.
Əlbəttə, Paşinyan Putinə Rusiyanın Ermənistana yol göstərmək kimi səlahiyyətinin olmadığını, mövcud xüsusda ikincinin referendum tələbinin yersizliyini, bu tələbin suveren dövlətin işinə qarışmaq mahiyyəti daşıdığını bildirə bilərdi. Amma bildirmədi. Bu məqam Nikolun Bişkekdən İrəvana qayıdar-qayıtmaz, Moskvaya səfərə yollanacağı xəbəri ətrafındakı müzakirələri gücləndirir. Hesab edilir ki, Kreml Paşinyanı “hədsizliyinə” görə hesabata çağırır. Baş nazirə brifinq zamanı ünvanlanmış sual da məhz bu düşüncədən qaynaqlanır.
Əlqərəz, jurnalistin Rusiya lideri ilə danışıqların sərt ultimatumlar formatında keçdiyini və baş nazirin yenidən Moskvaya çağırıldığını bildirməsi Paşinyanı əsəbləşdirib. Jurnalist, Nikoldan onu da soruşub ki, İrəvan Aİ-yə üzvlük məsələsi ilə bağlı referendumdan imtina ilə avropalı tərəfdaşlarını yanıltmırmı? Media təmsilçisinin sözlərinə görə, referendum təklifini Moskva irəli sürür və Ermənistana qəbul etdirməyə çalışır. Baş nazir Paşinyan belə bir ritorikanın absurdluğunu bildirib və jurnalistlərə ilkin anlayışları dəqiqləşdirmək məsləhəti verib. Hökumət başçısı suveren dövlətə hansısa daxili siyasi prosesin kənardan diktə edilə və ya qəbul etdirilə biləcəyi fikri ilə qətiyyən razılaşmayıb. “Deyirsiniz ki, məni Rusiyaya çağırıblar. Belə təəssürat yaranır ki, qarşınızda Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi dayanıb. Bu il məni çoxsaylı yerlərə dəvət ediblər”, – deyən Paşinyan istehza ilə bildirib. Üstəlik, o, Moskvanın təzyiq göstərməsi ilə bağlı iddialara dair ritorik sual da səsləndirib: “Ümumiyyətlə, Ermənistanı referenduma necə məcbur etmək olar? Bu, necə mümkündür, anlamaq istəyirəm. Kim deyir ki, söhbət sərt keçib? Mən şəxsən orada iştirak etmişəm...”.
Göründüyü kimi, Paşinyan Rusiyanın Ermənistana diktəsi, eləcə də pərdəarxası ultimatumlar barədə narrativi tamamilə rədd edir. Ancaq, hər bir halda, onun Bişkekdən qayıdar-qayıtmaz, Moskvaya səfərə yollanacağına dair məlumatların yayılması bu narrativi ön plana çəkir. Rusiya Prezidentinin mətbuat katibi D.Peskovun dəqiqləşdirməsi də həmçinin. Dəqiqləşdirmə isə budur ki, Kreml rəsmisi Paşinyanın Moskvaya səfərinin 2026-cı il ərzində gerçəkləşəcəyini vurğulayıb. Peskov erməni hökumət rəhbərinin Rusiyaya yaxın vaxtlarda təşrif buyuracağını bildirsə də, dəqiq tarixin hələ müəyyənləşmədiyini deyib: “Artıq yaxın vaxtlarda. Hələlik dəqiq müddət yoxdur”.
* * *
Ümumən, Paşinyanın Moskvaya gözlənilən səfərinin gündəmini, kifayət qədər, aydın proqnozlaşdırmaq mümkündür. İndidən demək olar ki, səfər Bişkekdə Putin–Paşinyan görüşündə qaldırılan mövzuların müzakirəsinin, bir növ, davamıdır. Rusiya rəsmiləri İrəvanın dekabradək siyasi seçim etməsinin vacibliyini vurğulayıb, onun üçün manevr pəncərəsini bağlayıblar. Deməli, Putinlə Paşinyanın Moskvadakı görüşündə əsas sual belə qoyula bilər: Ermənistan Aİİ-də qalmaqla Aİ-yə canatma xəttini hansı həddə qədər davam etdirə bilər? Bəli, Paşinyan Kremldə “Aİİ-də qalırıq, amma Aİ ilə inteqrasiyanı davam etdiririk” formulunu tutarlı şəkildə əsaslandırmalıdır. Onun Rusiyaya gözlənilən səfəri xüsusundakı ikinci məqam da birincinin davamıdır. Söhbət bilavasitə haqqında söz açdığımız referendumdan gedir. Putin Ermənistanın strateji istiqamətini referendum yolu ilə müəyyənləşdirməsini təklif edirsə, Paşinyan isə referendumun hazırda zəruri olmadığını bildirib parlamentin Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun qəbul etdiyini əsas gətirirsə, Moskva görüşündə Kremlin mövqeyinin dəyişib-dəyişmədiyini müşahidə etmək vacibdir.
* * *
Üzərində dayanılmalı üçüncü məqam Ermənistanın Aİİ-dəki gələcəyidir. Nəzərə alaq ki, bu məsələ referendumdan daha geniş mahiyyət daşımaqdadır. Axı Moskva üçün söhbət təkcə İrəvanın Aİİ-dən uzaqlaşıb-uzaqlaşmamasından getmir. Nəzərə alaq ki, Ermənistan Aİİ-də qalmaqla yanaşı, təşkilatın imkanlarından yararlanır. Rusiya ilə ticarət, nəqliyyat, əmək miqrasiyası və digər iqtisadi mexanizmlər davam edir. Məsələn, 2026-cı ilin ilk 7 ayında Rusiya–Ermənistan dəmir yolu ilə xarici ticarət daşımaları 63,4 faiz artaraq 86 min tona çatıb. Aviasiya sərnişin dövriyyəsi də yüksək olaraq qalır. Beləliklə, Nikolun Moskva səfəri xüsusunda “Ermənistan Aİİ-də qalacaqmı?” sualından əlavə, “qalacaqsa, bu üzvlük əvvəlki məzmununu qoruyacaqmı?” sualı da ortaya çıxa bilər.
Ticarətdən söz düşmüşkən, Paşinyan Putinlə bu il iyulun 27-də reallaşmış telefon danışığında Rusiya bazarına Ermənistan mənşəli məhsulların ixracına qoyulan məhdudiyyətlərdən narazılığını bildirib. Ümumən, erməni tərəfi bu məhdudiyyətlərin ikitərəfli müqavilələrə və Aİİ qaydalarına zidd olduğunu düşünür. Deməli, Moskvada Ermənistan məhsullarının Rusiyaya ixracı, Rusiya tərəfindən tətbiq edilən sanitar və digər məhdudiyyətlər, Aİİ çərçivəsində ticarət rejimi, kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı müzakirə mövzusu ola bilər.
Rusiya ilə Ermənistan münasibətlərində enerji məsələsi xüsusi çəkiyə malikdir. Konkret olaraq, ikinci birincinin qazından ciddi şəkildə asılıdır. Ona görə İrəvanın Aİ-yə inteqrasiya xətti dərinləşdikcə, Rusiya qazının qiyməti, uzunmüddətli müqavilələr və enerji təminatının gələcəyi daha çox siyasi məna kəsb edir. Deməli, mövzunun Paşinyanın Moskva səfərinin gündəliyində olma ehtimalı yüksəkdir. Çünki Kremlin İrəvana əsas təsir mexanizmlərindən biri məhz iqtisadi və enerji əlaqələridir.
* * *
Paşinyanın Moskvaya gözlənilən səfəri xüsusundakı dördüncü məqama diqqət yetirək. Söhbət TRIPP və regiondakı nəqliyyat kommunikasiyalar mövzusundan gedir. Hazırda Ermənistan ABŞ-la TRIPP layihəsini gerçəyə çevirmək üzrədir. Hər halda, yayılan məlumatlar bu xüsusdadır. TRIPP Ermənistan ərazisindən keçən yeni regional nəqliyyat bağlantısının ABŞ-ın iştirakı ilə formalaşması nəzərdə tutursa, Kreml dəqiqləşdirmələr aparmalıdır: Rusiya TRIPP-dən kənarda qalacaqmı? Yəni ölkənin mövzuya heçmi aiddiyyəti olmayacaq? Ermənistanın nəqliyyat siyasətində Aİİ mexanizmləri necə tətbiq ediləcək? Nəhayət, bir qədər konstruktiv məcranı proqnozlaşdırsaq, ortaya belə bir sual da çıxa bilər: Rusiya regional kommunikasiyaların açılmasında hansı rol oynayacaq? Sonuncu məqamın Moskva üçün əhəmiyyəti xüsusilə böyükdür, çünki Rusiya Cənubi Qafqazda nəqliyyat marşrutları üzərində təsir imkanlarının azalmasını istəməz.
* * *
Beşinci məqam. Moskva–İrəvan gündəmində Azərbaycan-Ermənistan münasibətlərinin də olması mümkündür. Nəzərə alaq ki, Kreml iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün öz platformasını təqdim etməyə hazır olduğunu bildirib, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və humanitar məsələlərdə vasitəçilik təklif edib. Əlbəttə, burada Rusiyanın əsas marağı yalnız sülh prosesi yox, özünün Cənubi Qafqazdakı gələcək roludur. Bu rol üçün o, İrəvanla əlaqələri gərginlik fazasından çıxmalıdır.
* * *
Altıncı məqam Türkiyə ilə bağlıdır. Ermənistan Türkiyə ilə sərhədin və kommunikasiyaların açılmasını regional siyasətin mühüm istiqamətlərindən birinə çevirib. Burada Moskva üçün önəmli olan Ermənistanın regional nəqliyyat sisteminin Rusiyadan asılılığının azalmasıdır. Bu səbəbdən Türkiyə və Azərbaycanla kommunikasiyaların açılması məsələsi Rusiya–Ermənistan danışıqlarında dolayı şəkildə mühüm yer tuta bilər.
* * *
Sonda Paşinyanın Moskvaya proqnozlaşdırılan səfəri xüsusunda açıqladığımız məqamlar ətrafında ümumiləşdirmə aparaq. Meydana sual çıxır: Ermənistan Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi olaraq qalacaq, yoxsa Rusiya ilə iqtisadi əlaqələri saxlayaraq siyasi və təhlükəsizlik baxımından Qərbə inteqrasiya edən yeni siyasi modeli möhkəmləndirəcək? Hazırda Paşinyanın ikinci naminə çalışdığı görünür. Kreml isə istəyir ki, birinci model sıradan çıxmasın. Deməli, Nikolun qarşıdakı Moskva səfərini, sadəcə, Putin–Paşinyan görüşü kimi deyil, Rusiya–Ermənistan münasibətlərinin yeni formatının müəyyənləşdirilməsi cəhdi kimi qiymətləndirmək mümkündür.
Ə.CAHANGİROĞLU
XQ