Bişməcə nədir və necə yaranır? Professor DANIŞDI

22.01.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bəzən tibbi prosedurlardan sonra xəstələr bişməcə ilə bağlı şikayətlər edirlər.

Bəs bişməcə nədir, necə yaranır və hansı üsullarla sağaldılır?

Redaktor.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, tibbi prosedurların aparılma qaydaları var. Onun sözlərinə görə, müxtəlif yapışdırıcı bandajlara, plasterlərə qarşı bəzən dərinin də reaksiyası olur:

"Onların bədəndə qalma müddəti var. Bandajların uzun müddət qalması, əlbəttə, qıcıqlanma yarada bilər və s. Amma istənilən halda bunlar tibbi prosedurlardır, həkim tərəfindən həyata keçirilir".

Mütəxəssis bişməcənin nə olduğunu izah etdi:

"Bişməcə dərinin epidermisin səthi qatının soyulması ilə müşayiət olunan bir haldır. Burada epidermisin qopması halı baş verir və adətən bu cür hallar epidermisin bərpası ilə bir zaman ərzində düzəlir. Onun üçün xüsusi məlhəmlər,  dərmanlar, antiseptiklər var və onun fonunda da vəziyyət düzəlir. Əsas məsələ odur ki, tibbdə həmişə ağırlaşmalar mümkündür. İstər inyeksiyalar zamanı — əzələ daxili, dəri altı, vena daxili və s. — ağırlaşmalar bəzən gözlənilmədən də olur.

Bəzi ağırlaşmalar isə sterilliyin pozulmasına bağlı olur. Yəni bütün bunların hamısı nəzərə alınmalıdır. Nəyə görə evdə inyeksiya etmək dünyanın heç yerində yoxdur? Məhz bu səbəblərə görə. Xəstəxanada ən azı bunun aradan qaldırılması üçün müəyyən imkanlar var. Amma müəyyən prosedurların, orqanizmdə drenajların, müxtəlif cür bu tipdə olan ləvazimatların qalma müddəti həkimdən asılıdır. Həkim onu təyin edir. Bəzən bunlar uzun müddət ərzində qala bilir, bəzən ola bilir ki, qısa müddət ərzində qalmağı məsləhətdir. Həm də həmin ləvazimatların, drenajların, kateterlərin hamısının öz dövrü var. Yəni onlar artıq orqanizmə lazım olmadıqda xaric edilir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью