Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır.
Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, marketlərdə satılan bitki mənşəli duru yağlarının rənglərinin çox açıq, hətta ağımtıl-sarı olması əsasən istehsal zamanı tətbiq edilən emal və təmizlənmə, yəni rafinə etmə prosesləri ilə bağlıdır:
"Yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə rəng göstəricisi əsas vermir. Rafinə edilməmiş bitki yağları sıxılma və ekstraksiya yolu ilə alınarkən tərkibində müxtəlif piqmentlər, məsələn, xlorofil, karotenoidlər, mumlar, sərbəst yağ turşuları və digər təbii qarışıqlar saxlayır. Bu qarışıqlar yağa tünd sarı və ya qəhvəyi rəng verir. Bu, təbii haldır.
Ağardılma mərhələsində, yağın təmizlənməsi, yəni rafinə edilməsi prosesində xüsusi təbii adsorbentlərdən, məsələn, ağardıcı killərdən istifadə olunur. Bu proses yağın rəngini açır, onu şəffaf, dadsız və qoxusuz hala gətirir. Eyni zamanda, yağın rəf ömrünü uzadır və qızdırılarkən tüstülənməsinin qarşısını alır.
Bundan əlavə, günəbaxan, qarğıdalı və soya kimi müxtəlif bitki yağlarında rafinə edilmə dərəcəsindən asılı olaraq rəng çalarları fərqlənə bilir. Çox yüksək dərəcədə təmizlənmiş yağlar daha açıq, ağımtıl-sarı rəngdə görünə bilər.
Ümumiyyətlə, nəticə olaraq, rəngin açıq olması yağın keyfiyyətsiz və ya saxta olduğunu göstərmir. Əksər hallarda bu, onun yüksək dərəcədə təmizləndiyini və rafinə olunduğunu bildirir".