Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
SSRİ-nin dağılmasından bəri Ermənistan əhalisi artmayıb, Azərbaycan əhalisi isə təxminən 10 milyona çatıb.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İkinci Dünya Erməni Sammitində çıxışı zamanı deyib.
Onun fikrincə, bu vəziyyətin səbəblərini təhlil etmək və son onilliklərdə ölkənin güclənməsinə töhfə verməyən yanaşmalardan imtina etmək lazımdır.
O, həmçinin tarixi yaddaşın ictimai şüurda roluna toxunub. Simonyanın sözlərinə görə, qondarma “erməni soyqırımı”nın xatirəsi qorunmalıdır, lakin bu, Rusiyanın himayəsi olmadan Ermənistanın yeni bir fəlakətə məhkum olduğu inancına çevrilməməlidir:
“Yeni soyqırımların və Ermənistan dövlətçiliyinin itirilməsinin qarşısını almaq üçün hər şeyi etməyə hazıram. Amma bunun üçün daha da güclənməli və əhalini artırmalıyıq”.
Simonyan əsrlər boyu davam edən qarşıdurmadan sonra müttəfiq olmağı bacaran Fransa və Böyük Britaniyanı xatırladıb. O qeyd edib ki, Ermənistan da gələcək nəsillərə sonsuz müharibələrin mirası deyil, dinc bir gələcək qoymağa çalışmalıdır:
“İstəyirəm ki, uşaqlarımıza güclü olmağa və sonra gedib öldürməyə çağırışlar yox, sülhü miras qoyaq”.