Icma.az, Bizimyol saytına istinadən bildirir.
Özü də bu informasiya burulğanına düşüb, fırlana-fırlana qalıb. Günü xəbər, gecəsi xəbər!
Nə xəbərsən, bala?! Gərək hər şeyi biləsən?! Sosial şəbəkə qapılarının dəliyindən kiminsə intimini izləmək sənə nə qazandırır, nə?! Bir şeyi də bilmə, nolasıdır ki...
Bir dəfə demişəm, yenə deyirəm: millətin böyük bir qismi xəbərə, xəbərçilərə əsir düşüb, ona görə də əsir-yesir qalıb. Elə bilir, filan müğənninin səhər neçə yumurta yediyini bilməsə, gecə gözünə yuxu getməyəcək. TikTok videoları gözlərini, yutub qışqırıqçıları isə başını xarab eləyib. Elə bilir, hər şeyi bilsə, xoşbəxt ola biləcək. Fikir, ideya arxa plana keçib. Ancaq xəbər, ancaq xəbər! Özü də boş-boş!
Başa düşmürsən, bala, ayılanda gec olacaq. Sənin başını boş-boş informasiyalarla qəsdən doldururlar. Başında fikrə yer qalmasın deyə. Başını əyləncəyə elə qarışdırıblar, düşüncədən qopub getmisən. Boş-boş xəbərlərlə başıboşlar nəsli yetişdirirlər. Deyirəm: ayılanda gec olacaq. Sən hələ Damlanın damına dırman. Dünənki düşmən mürgüləmir. Elə bilmə qələbə çalmısan, hər şey bitib gedib. O üzərində qələbə çaldığın var ha, bir gün fürsət tapıb ilan kimi çalar...
Deyirsən: "Onlar azdır, biz çoxuq". Yanılırsan. Bəli, biz çoxuq, ancaq çoxluq deyilik.
Xəbərin var xəbərdən?! O məğlub dediklərin sürətlə varlanır. Belə getsə, bir azdan işsizlərimiz onların üstünə yüyürəcək. Bir tikə çörək qazanmaq üçün.
Allah bizi o günə qoymasın!
Sən hələ istirahət elə... Fil qulağında.
Bir başını yastıqdan qaldır və bax, yaxşı bax: fars mollası Borçalını alıb e, səndən, sənə qarşı qoymaq üçün. Dərbəndi də eləcə. Dini bayraq edib, gedib, yollarının üstündə oturub, özü üçün radikal inanc "ordu"su qurur.
Sən?!
Sən hələ pişik kimi quyruğunla oynayırsan, a bala!
Xəbərin olsun...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info